Professor: Türk Dövlətləri Təşkilatı iqtisadi əməkdaşlıq üçün institusional platformadır
Bakı, 25 oktyabr, AZƏRTAC
Türkiyənin İzmir şəhərində 20-ci Türkiyə Mühasibat Uçotu Standartları Simpoziumu keçirilib. İzmir Sərbəst Mühasiblər və Maliyyə Müşavirləri Palatasının (İZSMMMO) ev sahibliyi ilə keçirilən simpoziumda İzmir Dokuz Eylül Universitetinin Beynəlxalq ticarət və biznes kafedrasının professoru Ülviyyə Sanılı Aydın “Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında inteqrasiyaya ümumi baxış” mövzusunda məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, professor Ülviyyə Sanılı Aydın çıxışında Azərbaycan və Türkiyənin liderliyi ilə Mərkəzi Asiyanın türk dövlətləri arasında ticarətin asanlaşdırılması istiqamətində görülən işlərə diqqət çəkib. Son illərdə türk dövlətləri arasında əməkdaşlığın iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə etdiyini vurğulayan Ü.Sanılı Aydın bu prosesdə Türk Dövlətləri Təşkilatının əməkdaşlıq üçün institusional platforma rolunu qeyd edib.
“Standartların iqtisadiyyata təsiri və regional inteqrasiya” mövzusuna həsr olunan simpozium mühasibat uçotu və maliyyə sahəsinin nümayəndələrini, akademik dairələri, dövlət qurumlarının və biznes sektorunun təmsilçilərini bir araya gətirib.
“İki gün davam edən tədbirdə maliyyə və qeyri-maliyyə hesabatlılığı, ESG və Türkiyənin davamlılıq hesabatı standartları, süni intellekt və qabaqcıl analitik texnologiyalar, TFRS 18 standartı, yaşıl maliyyələşmə, strateji xərclərin idarə edilməsi, karbon tənzimləmələri və regional inteqrasiya məsələləri müzakirə olunub”, - deyə professot əlavə edib.
Simpoziumun açılışında çıxış edən İZSMMMO-nun sədri Mehmet Kuzu mühasibat uçotu və hesabatlılıq standartlarının şəffaflığın, maliyyə məlumatlarının müqayisəolunma imkanlarının və etibarlılığının təmin edilməsində mühüm rol oynadığını bildirib. O, bu standartların investisiya qərarlarına, maliyyələşməyə çıxışa, korporativ idarəetməyə və beynəlxalq ticarətə təsirini vurğulayıb.
Tədbirdə, həmçinin dayanıqlı inkişaf, yaşıl transformasiya, rəqəmsallaşma və süni intellektin mühasibat uçotu və maliyyə hesabatlılığı sahəsində yaratdığı yeni imkanlar və çağırışlar nəzərdən keçirilib.
Müxbir - Pərvanə Qafarova