QAÇQIN VƏ MƏCBURİ KÖÇKÜNLƏRİN PROBLEMLƏRİNİN BİRDƏFƏLİK HƏLLİ REGİONAL MÜNAQİŞƏLƏRİN HƏLLİNDƏN SONRA MÜMKÜNDÜR
R.Aslanova ölkəmizdə qaçqınlar, məcburi köçkünlər, vətəndaşlığı olmayan şəxslər, eləcə də miqrantlarla bağlı görülən işlərdən danışmış, əhalinin doğma yurd-yuvalarından didərgin düşmələrinin əsas səbəblərini açıqlamışdır.
Komissiya sədri bildirmişdir ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş və hazırda, ağır, dözülməz şəraitdə yaşayır. Bundan başqa, ölkəmizdə çoxlu sayda miqrantlar və başqa ölkələrdən gəlmiş qaçqınlar da vardır. Azərbaycan hökuməti bütün imkanlarını səfərbər edərək onların problemlərinin həllinə çalışır. Lakin məsələnin köklü və birdəfəlik həlli yalnız regional münaqişələrin həllindən sonra mümkündür. Ona görə də, böyük dövlətlər, bütün beynəlxalq qurumlar, qeyri-hökumət təşkilatları həmin münaqişələrin tezliklə, sülh yolu ilə beynəlxalq hüququn prinsipləri əsasında həllinə çalışmalıdırlar.
Sonra Rəbiyyət Aslanova qonaqlara insan hüquq və əsas azadlıqlarının, qaçqın və məcburi köçkünlərin, vətəndaşlığı olmayan şəxslərin sosial hüquqlarının müdafiəsi ilə bağlı qəbul olunmuş qanunlar və normativ-hüquqi aktlar barədə ətraflı məlumat vermişdir.
Ofisin Asiya bölməsinin rəhbəri xanım Ania Ovkarek demişdir ki, regiona səfər çərçivəsində Azərbaycana gəlişin məqsədi qaçqınlar, məcburi köçkünlər və vətəndaşlığı olmayan şəxslərin sosial hüquqlarının qorunması ilə bağlı məlumatlar toplamaqdır. Ofisin əsas məqsədi bu yolla Cənubi Qafqaz ölkələrindən olan insanların Avropaya miqrasiyasının səbəblərini öyrənməkdir. Ofisin ekspert-məruzəçisi xanım Mari-od Reşe Azərbaycanın regionlarında olduqlarını, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərə baş çəkdiklərini diqqətə çatdırmışdır. Doğma yurd-yuvalarından, tarixi vətənlərindən didərgin düşmüş insanların həqiqətən də dözülməz şəraitdə yaşadıqlarının şahidi olduğunu vurğulayan ekspert-məruzəçi, problemə qlobal yanaşmanın tərəfdarı olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.