QADIN HÜQUQLARININ MÜDAFİƏSİNƏ DAİR KONFRANS
Qadın Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondunun Azərbaycan nümayəndəliyi “Həyat-Recensi Naxçıvan” mehmanxanasında “Azərbaycanda qadın hüquqlarının müdafiəsi” mövzusunda konfrans keçirmişlər. Beynəlxalq qadınlar günü ərəfəsində keçirilən konfransdan məqsəd qadın hüquqları sahəsində milli və beynəlxalq qanunvericiliklə tanışlıq və bu sahədə biliklərin yayılması yollarını axtarmaq idi.
Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri Zəhra Quliyeva konfransın açılışında çıxış edərək, Azərbaycanda qadın hərəkatının tarixindən, qadın problemləri sahəsində dövlət siyasətindən, ölkə Prezidentinin bu barədə verdiyi fərman və sənəcamlarından danışdı. O dedi ki, Azərbaycan qadın hüquqlarına dair bir çox konvensiyalara qoşulmuş, qadınların 1995-ci ildə Pekində keçirilmiş 4-cü ümumdünya konfransının qərarları ölkəmizdə ardıcıl surətdə yerinə yetirilir.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Marko Barsotti konfrans iştirakçılarını qarşıdakı bayram münasibətilə təbrik edərək vurğuladı ki, indiki konfransdan məqsəd həm də Dağlıq Qarabağda silahlı münaqişədən zərər çəkmiş qadınların problemlərinin həlli məsələlərini müzakirə etməkdir.
Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycanda qadın hüquqlarının müdafiəsindən söhbət açaraq dedi ki, qızları qadın hərakatına cəlb etmək lazımdır. İndiki bir çox sosial problemlər, o cümlədən kimsəsiz uşaqların olması ilk növbədə qadının cəmiyyətdə, ailədə vəziyyəti ilə bağlıdır.
Müxtəlif qadın təşkilatları nümayəndələrinin, Milli Məclis deputatlarının iştirak etdikləri konfransda qadın hüquqlarına dair milli və beynəlxalq normativ hüquqi bazaya həsr olunmuş məruzələr dinlənildi.