Qadın sahibkar: Məqsədimiz istehsal etdiyimiz malları Türkiyə bazarına çıxarmaqdır
Bakı, 24 fevral, AZƏRTAC
Türkiyə bazarı çox böyük bazardır və idxala da ehtiyacı var. Bizim müəssisəmiz Türkiyə bazarına çıxış əldə etmək üçün bu tədbirdə təmsil olunur. Türkiyə ilə sıx əlaqələrimiz var və istehsal üçün bir sıra məhsulları idxal edirik.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və "B2B" görüşləri” tədbirində iştirak edən “Ramana Castle” kişi ayaqqabıları istehsal edən müəssisənin direktoru Nərminə Musayeva deyib.
İstehsal zamanı daha çox yerli məhsullardan istifadə etdiyini deyən Nərminə Musayeva zərurət yarandığı təqdirdə bəzi məhsulları Türkiyədən idxal etdiklərini sözlərinə əlavə edib.
“Bakıda və Kəlbəcərdə istehsal sahələrimiz var. Bu tədbirlərdə iştirak edərək türk iş adamları ilə əlaqələr qurub, tərəfdaşlıq etmək istəyirik. Məqsədimiz istehsal etdiyimiz malları Türkiyə bazarına çıxarmaqdan ibarətdir. Hələlik istehsal olunan ayaqqabılar yerli bazarda satılır. Biz də dövlətin ixrac üçün təşviq imkanlarından istifadə etməyə çalışırıq. Restoranlar, tibb müəssisələri, hotellər və digər xidmət sahələrində istifadə olunan ayaqqabıların toplu istehsalı üçün sifarişlər də qəbul edirik”, - deyə N.Musayeva bildirib.