QADIN VƏ UŞAQ PROBLEMLƏRİNİN HƏLLİ SAHƏSİNDƏ TÜRKİYƏ-AZƏRBAYCAN ƏMƏKDAŞLIĞININ PERSPEKTİVLƏRİ MÜZAKİRƏ OLUNMUŞDUR
Türkiyənin Dövlət Nazirliyinin binasında Nimet Çubukçu ilə Hicran Hüseynovanın görüşü olmuşdur. Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran dövlət naziri Nimet Çubukçu cəmiyyətin özəyi olan ailə problemlərinin həlli, dövlətin uşaqlara qayğısının artırılması və qadınların ictimai həyatda daha fəal iştirakı ilə bağlı qardaş ölkələrimizin bir-birinin təcrübəsindən yararlanmasının zəruriliyini vurğulamış, Türkiyədə bununla bağlı görülən tədbirlərdən ətraflı bəhs etmişdir. O demişdir ki, Avropa İttifaqına üzvlüklə bağlı mühüm islahatlar həyata keçirən Türkiyə hökuməti, ailə və qadın məsələləri üzrə də beynəlxaq konvensiyaların müddəalarının yerinə yetirilməsinə diqqəti artırmışdır.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyəti haqqında həmkarına ətraflı məlumat verən Hicran Hüseynova, YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın uşaq və qadın problemlərinin həlli sahəsində məqsədyönlü fəaliyyətini xüsusi olaraq vurğulamışdır. O bildirmişdir ki, Fondun təşəbbüsü ilə ölkəmizdə ən müasir standartlara cavab verən məktəb binaları tikilir, kimsəsiz uşaqların təlim-tərbiyəsi ilə məşğul olan internat məktəblərinin və uşaq evlərinin maddi-texniki bazası möhkəmləndirilir, digər mühüm layihələr həyata keçirilir. Hicran Hüseynova rəhbərlik etdiyi komitənin Türkiyənin müvafiq strukturları ilə qarşılıqlı faydalı əməkdaşlıq etməkdə və qardaş ölkənin təcrübəsindən yararlanmaqda maraqlı olduğunu da söyləmişdir.
Həmin gün Hicran Hüseynova Ankara Kimsəsiz Uşaqları
övladlığa verən İdarənin müdiri Esengül Civer ilə də görüşmüşdür. Söhbət zamanı kimsəsiz uşaqların problemləri, onların yeni ailələrə qovuşması səhəsində ölkələrimizin təcrübəsindən ətraflı bəhs olunmuşdur.
Sonra Hicran Hüseynova Türkiyənin Ailə və Sosial Araşdırmalar Fondunun baş direktoru Ayşən Gürcan ilə görüşmüş, fondun coxşaxəli fəaliyyəti barədə ətraflı məlumat almışdır.
Görüşlərdə ölkəmizin Ankaradakı səfiri Zakir Həşimov iştirak etmişdir.
Nümayəndə heyəti avqustun 30-da Ankaranın Sincan rayonundakı uşaq evi, Seyranbağlarındakı yaşlılar evi və Anadolu tarixi muzeyi ilə tanış olacaqdır.