İDMAN
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatında mübarizəsi başa çatıb
Tokio, 11 oktyabr, AZƏRTAC
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Yaponiyada keçirilən dünya çempionatındakı mübarizəsi başa çatıb.
AZƏRTAC xəbər verir ki, komandamız çempionatın ikinci qrup mərhələsindəki sonuncu oyununda Bolqarıstan voleybolçularına 0:3 (19:25, 20:25, 20:25) hesabı ilə məğlub olub. Bu nəticədən sonra ikinci qrup mərhələsində keçirdiyi dörd görüşün hamısında uduzan voleybolçularımız qrupu sonuncu pillədə başa vurublar.
Xatırladaq ki, milli komandamız birinci qrup mərhələsində C qrupunda mübarizə aparıb. Həmin qrupda müvafiq olaraq ilk dördlükdə qərarlaşan ABŞ, Rusiya, Tailand və Azərbaycan yığmaları növbəti mərhələyə yüksəlmişdilər. Koreya Respublikası ilə Trinidad və Tobaqo voleybolçuları isə qrupda qalmışdılar.
Dünya çempionatına oktyabrın 20-də yekun vurulacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio