“QAFQAZ MEDİA” MƏTBUAT İŞÇİLƏRİNİ TƏLTİF ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, kütləvi informasiya vasitələri nümayəndələrinin, Milli Məclisin deputatlarının, mədəniyyət xadimlərinin iştirak etdiyi tədbiri ictimai birliyin sədri, “Borçalı” qəzeti və jurnalının təsisçisi və baş redaktoru Azadə Hüseynova (Taleh) açaraq dövri mətbuat, teleradio və informasiya agentliklərinin işçilərini əlamətdar gün münasibətilə təbrik etmişdir.
Milli Məclisin deputatları İbrahim İsayev, Aydın Mirzəzadə və başqaları çıxışlarında “Qafqaz media” ictimai birliyinin cəmiyyətdəki rolundan, jurnalistlərin bir araya gətirilməsi sahəsində xidmətlərindən danışmış, KİV nümayəndələrini 22 iyul - Milli Mətbuat günü münasibətilə təbrik etmişlər.
Sonra üç nominasiya - “Peşəkar jurnalist”, “Vicdanlı xəbər”, “Qafqaz” - üzrə 60 nəfər jurnalistə və mətbuatın dostuna diplomlar və hədiyyələr verilmişdir. Təltif olunanlar arasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri, tanınmış yazıçı-publisist Aqşin Babayev, deputat-professor İbrahim İsayev, xalq artisti Yaşar Nuri, moskvalı jurnalist Natalya Reşetkova, “Respublika” qəzeti baş redaktorunun müavini Hümmət Musayev, “Yeni Avrasiya” qəzetinin əməkdaşı Giya Paçxataşvili, Azərbaycan Dövlət Teleqraf Agentliyinin müxbiri Xətai Əzizov da vardır.
Tədbir iştirakçılarına Azadə Talehin “Adiloğlu” nəşriyyatında yenicə işıq üzü görmüş və ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuş “Xalqları birləşdirən şəxsiyyətlərdir” kitabı təqdim edilmişdir.
İncəsənət ustaları maraqlı konsert proqramı ilə çıxış etmişlər.