SİYASƏT
Qafqaz Müsəlmanları İdarəsinin sədri Sankt-Peterburqda bir sıra görüşlər keçirib
Sankt-Peterburq, 24 noyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin vitse-qubernatoru Aleksandr Qovorunov ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan-Rusiya münasibətlərindən danışan QMİ sədri xalqlarımız arasındakı əlaqələrin qədim tarixə malik olduğunu vurğulayıb. O, Azərbaycan və rus xalqlarının sıx humanitar əlaqələr qurduqlarını söyləyib.
Aleksandr Qovorunov qeyd edib ki, hazırda Sankt -Peterburqda 400 minə yaxın azərbaycanlı yaşayır və bu şəhərlə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir. Təkcə bu ilin birinci yarısında ticarət dövriyyəsi 4,5 dəfə artıb.
Allahşükür Paşazadə, həmçinin Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Vyaçeslav Makarov ilə görüşüb.
Görüşdə bildirilib ki, Azərbaycan ilə Rusiya arasında hazırda müxtəlif sahələrdə 200-dən çox dövlətlərarası və hökumətlərarası sənəd imzalanıb. Ticari-iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar mövcuddur. Söhbət zamanı sosial, mədəni, humanitar sahələrdə də qarşılıqlı münasibətlərin dinamik inkişaf etdiyi vurğulanıb.
Şahin Hüseynzadə
AZƏRTAC-ın müxbiri
Sankt-Peterburq