QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏYƏ
Sizi – Qafqaz müsəlmanlarının liderini, Azərbaycanın görkəmli dini-ictimai xadimini əlamətdar yubiley – şeyxülislamlıq fəaliyyətinizin 25 illiyi münasibətilə ürəkdən təbrik edirəm.
Siz təkcə Azərbaycanda və ümumən Qafqazda deyil, bütün beynəlxalq aləmdə geniş tanınan, çağdaş dünyamızın nüfuzlu din xadimləri və dövlət adamları tərəfindən ehtiramla qəbul edilən, böyük hörmətə və nüfuza sahib olan şəxsiyyətsiniz.
Xalqımızım ümummilli lideri Heydər Əliyev dini-ictimai fəaliyyətinizi yüksək dəyərləndirərək deyirdi: “Müqəddəs dinimiz olan islamın gözəl ənənələrinin ölkəmizdə, eləcə də bütün Qafqaz bölgəsində qorunub saxlanılması və möhkəmləndirilməsində şeyxülislam Allahşükür Paşazadənin xüsusi xidmətləri vardır. Onun Qafqaz Müsəlmanları İdarəsinə rəhbərlik etdiyi illər ərzində bu dini qurum islam dəyərlərinin geniş təbliğ olunması, müsəlmanların dini-mənəvi birliyinin möhkəmləndirilməsi, onların cəmiyyətin həyatında fəallığının artırılması işində böyük rol oynayan mühüm mərkəzlərdən birinə çevrilmişdir. Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsində Allahşükür Paşazadənin tutduğu əsil vətəndaş mövqeyi onun ölkədə cərəyan edən mürəkkəb ictimai-siyasi prosesləri obyektiv qiymətləndirmək, yaranmış problemlərin həllində dini amilin gücündən düzgün istifadə etmək bacarığını nümayiş etdirdi”.
Ulu öndərin xidmətləriniz barədə belə yüksək qiymətini xatırlamaqla, müstəqil Azərbaycan dövlətçiliyinin bərqərar olunmasında, onun təməllərinin möhkəmləndirilməsində ardıcıl fəaliyyətinizi, eyni zamanda, dövlət-din münasibətlərinin milli maraqlarımıza uyğun tənzimlənməsi, cəmiyyətdə vətəndaş birliyinin təmin olunması və dini-mənəvi sabitliyin qorunub saxlanılması işinə verdiyiniz töhfəni minnətdarlıq hissi ilə qeyd edirəm. Bu gün ölkəmizin dünyada tolerantlıq örnəyi kimi tanınmasında və Azərbaycanın Qafqazda mənəvi mərkəz olaraq qəbul edilməsində Sizin müstəsna xidmətləriniz vardır.
Çoxillik uğurlu fəaliyyətiniz, dünyada gedən mürəkkəb ictimai-siyasi proseslərdə, konfessiyalararası münasibətlərin tənzimlənməsi sahəsində yüksək fəallığınız, dini-mənəvi və bəşəri ideallara sadiqliyiniz Sizə, haqlı olaraq, həm ölkəmizdə, həm də xaricdə böyük hörmət qazandırmışdır. Bir çox beynəlxalq dini təşkilatlarda, nüfüzlu elmi-dini mərkəzlərdə Azərbaycanı layiqincə təmsil edirsiniz. Dini-ictimai xadim kimi Azərbaycan həqiqətlərini, Qarabağ probleminin və əsassız erməni iddialarının mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırır, bütövlükdə Qafqaz regionunda sülhün və əmin-amanlığın bərqərar olunmasında çoxşaxəli fəaliyyət göstərirsiniz.
Möhtərəm Şeyxülislam həzrətləri!
Bu gün Siz həyatınızın kamillik mərhələsini yaşayırsınız. Əminəm ki, bundan sonra da xalqımızın milli-mənəvi birliyi və əmin-amanlığı uğrunda yorulmadan çalışacaq, Azərbaycanın şərəfli adını daim uca tutacaqsınız. Bu xeyirxah yolda Sizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.
İlham Əliyev,
Azərbaycn Respublikasının Prezidenti.
Bakı şəhəri, 20 dekabr 2005-ci il.