Qalust Qriqoryan: Yerevanın rəsmi siyasəti yalan üzərində qurulmuşdur
Bakı, 10 avqust (AZƏRTAC). Erməni politoloqu Qalust Qriqoryan rəsmi Yerevanın siyasətinin yalan üzərində qurulduğunu bildirərək, bu siyasətin Ermənistan dövlətinin mövcudluğuna son qoyacağını, belə davam edərsə, ermənilərin hətta yaşamaq üçün Azərbaycana müraciət edəcəklərini demişdir.
AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, Q.Qriqoryan erməni xəbər portalı “Armenian Report”a müsahibəsində müharibə olacağı təqdirdə indiki Ermənistan rəhbərliyinin öz ailələri və yaxın ətrafı ilə birlikdə qaçacağını bildirmişdir. O, Ermənistan rəhbərliyinin öz xalqından oğurladığı milyardları Qərb ölkələrinin bank hesablarına köçürdüyünü demişdir.
Q.Qriqoryan Azərbaycana məxsus Dağlıq Qarabağ bölgəsini işğal etməklə Ermənistan iqtidarının öz xalqını aldatdığını bildirmişdir. O demişdir ki, bizi Dağlıq Qarabağın müstəqilliyini bütün dünya tanıyacaq deyə sakitləşdirdilər. 20 il keçdi, heç bir dövlət Dağlıq Qarabağı tanımadı. Bu gün müharibənin başladığı dövrdən daha da pis vəziyyətdə yaşayırıq. Ermənistanın xoşbəxtliyi üçün əlinə silah alanların çoxu ölkəni tərk etmək məcburiyyətində qalmışdır.
Q.Qriqoryan bu müddətdə Azərbaycanın daha da zənginləşərək regionda qlobal beynəlxalq layihələrə imza atdığını vurğulamışdır.