Qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar faciəsi tariximizin qəhrəmanlıq səhifəsidir
Bakı, 19 yanvar, AZƏRTAC
Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi Dövlət Miqrasiya Xidmətində (DMX) anılıb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini, baş miqrasiya xidməti müşaviri Vəli Nağıyevin 1990-cı ilin yanvarında dinc əhaliyə qarşı sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərdən bəhs edən məruzəsi dinlənilib. Məruzədə hadisə barədə tarixi faktlar iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, sovet imperiyası 26 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridib. Nəticədə əliyalın əhaliyə divan tutulub, 147 nəfər qətlə yetirilib, 700-dən artıq insan yaralanıb.
V.Nağıyev hadisənin ertəsi günü ümummilli lider Heydər Əliyevin respublikamızın Moskvadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında özünəməxsus cəsarət və qətiyyətli çıxışının tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, xalqının ən çətin anında ona dayaq olan Ulu Öndərin məhz xalqın təkidli tələbi ilə ölkədə siyasi hakimiyyətə qayıdışından sonra Bakıda Vətən şəhidlərinə böyük xatirə kompleksi ucaldılıb. Faciə zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilib.
Tədbirdə Prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı addımlardan, eləcə də şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan geniş bəhs olunub.
Anım mərasimində xüsusi vurğulanıb ki, qan yaddaşımıza əbədi həkk olunan 20 Yanvar faciəsi həm də tariximizin qəhrəmanlıq səhifəsidir.
Sonda mərasim iştirakçıları 20 Yanvar faciəsindən bəhs edən sənədli filmə baxıblar.
Dövlət Miqrasiya Xidmətində hadisənin ildönümü ərəfəsində açılmış 20 Yanvar faciəsi barədə aydın və obyektiv təsəvvür yaratmağa xidmət edən foto və kitab sərgisi də ziyarətçilərin marağına səbəb olub.