Qanlı Yanvar faciəsinin ildönümü Efiopiyada qeyd edilib
Əddis-Əbəbə, 19 yanvar, AZƏRTAC
Azərbaycanın Efiopiyadakı səfirliyi 20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar anım mərasimi təşkil edib. Tədbirdə ölkəmizdə təhsil almış Efiopiya vətəndaşları, yerli jurnalistlər və digər qonaqlar iştirak ediblər.
Səfir Elman Abdullayev tədbirdə çıxış edərək deyib ki, 20 Yanvar hadisələri xalqımızın yaddaşında qanlı faciə kimi qalsa da, bütövlükdə milli tariximizin şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. O, bu faciənin SSRİ-nin süqutunda həlledici rol oynadığını vurğulayıb. Səfir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək bu qanlı hadisənin törədilməsi ilə bağlı sovet rəhbərliyinə öz kəskin etirazını bildirdiyini və onun hər zaman xalqının yanında olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanda təhsil almış və qanlı hadisənin canlı şahidləri olan Efiopiya vətəndaşları Tassisa Kaba və Tevodros Kebede həmin ağır günləri xatırlayaraq SSRİ ordusu tərəfindən dinc və günahsız əhaliyə qarşı törədilmiş cinayətlərdən dəhşətə gəldiklərini vurğulayıb. Çıxış edənlər müstəqillik uğrunda Azərbaycan xalqının çox çətin bir yol keçdiyini bildiriblər.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əddis-Əbəbə