Qanlı Yanvar şəhidlərinin xatirəsi yad edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Müdafiə Nazirliyinin, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlərinin iştirakı ilə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, 20 Yanvar şəhidlərinin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının dövlət himni ifa olunub. Daha sonra 20 Yanvar hadisələri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Sonda Silahlı Qüvvələrin mahnı və rəqs ansamblı 20 Yanvar faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya təqdim edib.