QAR ÖRTÜYÜNDƏ SU EHTİYATLARININ MÜƏYYƏN EDİLMƏSİ MƏQSƏDİ İLƏ QARÖLÇMƏ İŞLƏRİ APARILMIŞDIR
Bakı, 16 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti 2010-cu ilin mart ayında Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və dağətəyi zonalarındakı qar örtüyündə su ehtiyatlarının müəyyən edilməsi məqsədi ilə qarölçmə işləri aparmışdır.
Aparılan ölçmə işləri nəticəsində məlum olmuşdur ki, respublika çaylarının gursululuq axımı əsasən çay hövzələrində qış dövrü ərzində 1000-3500 metr yüksəklik zonasında toplanan qar ehtiyatları və yaz dövründə düşən yağıntılar hesabına formalaşacaqdır.
2009-2010-cu illərin qış aylarında Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin dağ və dağətəyi zonalarında qar örtüyünün əmələ gəlməsi yanvar ayının axırı və fevral ayının birinci yarısında başlamış, dağlıq ərazilərdə havaların şaxtalı keçməsi yanvar-fevral aylarının ayrı-ayrı günlərində qar örtüyünün qalmasına səbəb olmuşdur. Lakin fevral və mart aylarında hava şəraitinin anomal isti keçməsi orta dağlıq ərazilərdə qarın əriməsi ilə nəticələnmişdir.
Qanıx çayının hövzəsində qar örtüyündə sululuq 35,6 millimetr və ya normanın (norma 77,9 millimetr) 46, Əyriçay hövzəsində 28,1 millimetr və ya normanın (norma 72,8 millimetr) 39, Şirvan çaylarının hövzələrində 37,1 millimetr və ya normanın (norma 53,6 millimetr) 69, Böyük Qafqazın şimal-şərq yamacında 44,7 millimetr və ya normanın (norma 59,7 millimetr) 75, Kiçik Qafqazın şimal-şərq yamacında 37,1 millimetr və ya normanın (norma 57,3 millimetr) 65, Naxçıvan MR çaylarının hövzələrində 65,1 millimetr və ya normanın (norma 67,1 millimetr) 97 faizini təşkil edir.
Gürcüstan Hidrometeorologiya Departamentindən alınan məlumata görə bu il Gürcüstan ərazisində Kür və Qanıx çaylarının hövzələrində aparılan qarölçmə işlərinin nəticələrinə əsasən Kür çayının hövzəsində qar örtüyündə sululuq normanın 105 faizini, Qanıx çayının hövzəsində isə 40 faizini təşkil etmişdir.