“Qarabağ” Azərbaycan Premyer Liqasında IV turdan təxirə salınmış oyunda qalib gəlib
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk yarısına yekun vurulub. 2017-ci ilin son matçında - IV turdan təxirə salınmış oyunda paytaxtın “Səbail” komandası Ağdamın “Qarabağ” klubu ilə üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, “Bayıl Arena”da oynanılan qarşılaşmanın 57-ci dəqiqəsində “Qarabağ”ın heyətində Pedro Enrike hesabı açıb. Matçın 69-cu dəqiqəsində isə Dani Kintana 11 metrlik cərimə zərbəsi ilə topu rəqib qapısından keçirib. Görüş 2:0 hesabı ilə Ağdam təmsilçisinin qələbəsi ilə başa çatıb.
Bu görüşdən sonra “Qarabağ” turnir cədvəlində liderliyini möhkəmləndirib. “Səbail” isə 13 xalla altıncı pillədə qərarlaşıb.
Beləliklə, turnir cədvəlinə 37 xalla “Qarabağ” başçılıq edir. “Qəbələ” klubu 31 xalla ikinci pillədədir. İlk üçlükdə 30 xalla “Zirə” qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (20), “Neftçi” (16 xal), “Səbail” (13), “Keşlə” (8) və “Kəpəz” (7) yer alıblar.
Qeyd edək ki, çempionatın XV turunun oyunlarının fevralın 10-11-də keçirilməsi nəzərdə tutulur.