“Qarabağ"ın braziliyalı ulduz futbolçusu parataekvondoçuların məşqində olub
Bakı, 30 oktyabr, AZƏRTAC
“Qarabağ"ın futbolçusu Kadi Borges parataekvondoçuların məşqində olub.
Milli Paralimpiya Komitəsindən (MPK) AZƏRTAC-a verilən məlumata görə, braziliyalı oyunçu parataekvondoçuların məşqinə gələrək, pərəstişkarı olan Amin Əliyevə sürpriz edib. "Sambaçı" hədiyyə olaraq ona öz formasını verib. Bir müddət öncə DOST TV-nin efirində yayımlanan “İdmançının Dostu” verilişinin qonağı olan gənc parataekvondoçu Amin Əliyev "Qarabağ" klubunun və bu komandanın braziliyalı futbolçusu Kadi Borgesin sadiq azarkeşi olduğunu bildirib. Belə ki, idmançı Kadiyə görə özünə "Kadi" ləqəbini götürüb.
Avropa Gənclər Paralimpiya Oyunlarının qızıl medalçısı olan 19 yaşlı paralimpiyaçının ən böyük arzusu “köhlən atlar”ın ulduz futbolçusu Kadi Borgeslə görüşmək idi. Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında keçirilən görüşdə idmançının arzusu gerçəkləşib.
Bildirilib ki, səmimi anlarla yaddaqalan görüş paralimpiyaçılar üçün gələcək yarışlardan əvvəl böyük motivasiya və ruh yüksəkliyinə səbəb olacaq.