İQTİSADİYYAT
Qarabağda tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə başlanılıb VİDEO
Bakı, 30 sentyabr, AZƏRTAC
Dövri iqtisadiyyatın təmin edilməsi istiqamətində işğaldan azad edilmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası zamanı tikinti tullantılarının dayanıqlı şəkildə idarə olunması işlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.
O bildirib ki, Ağdam rayonunun Kəngərli kəndinin bərpa və yenidənqurma işləri zamanı yaranan tikinti-söküntü tullantılarının təkrar emalına və istifadəsinə başlanılıb. Eyni zamanda, tullantı sularının səmərəli idarə olunması, yağış, drenaj sularının toplanması şəbəkəsinin qurulması, təmizlənmiş tullantı sularının təkrar istifadəyə yönəldilməsi, xüsusilə yaşıllıq ərazilərinin suvarılmasında istifadə edilməsi prioritet olmalıdır.
“Qlobal çağırışlardan biri də iqlim dəyişmələridir. Bu gün iqlim dəyişmələri ilə əlaqədar gözlənilən risklər və baş verən fəsadlar dünyada gündəmə çevrilib. Ümumdünya Meteorologiya Təşkilatının məlumatına görə, iqlim dəyişmələri nəticəsində baş vermiş təbii fəlakətlər son onilliklərdə nəhəng dağıntılara və iqtisadi itkilərə səbəb olub. Son 50 ildə dünyada iqlim dəyişmələri ilə bağlı təhlükəli hadisələrin 5 dəfə artdığı bildirilir. Bu baxımdan insanların və iqtisadiyyatın fövqəladə hallara hazırlığı, infrastrukturun mühafizəsi və təhlükəli təbiət hadisələrinə dayanıqlılığının təmin edilməsi, erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.
İqlim dəyişmələri yayda isti havaların daha kəskin, daha uzunmüddətli olması ilə nəticələnir. Digər tərəfdən yağıntıların qeyri-bərabər paylanması nəticəsində yaranan su çatışmazlığı şəhərlərin suya olan gündəlik tələbatının ödənilməsi üçün ciddi problem yaradır", - deyə nazir qeyd edib.