İDMAN
“Qarabağ”ın futbolçusunun vurduğu qol həftənin ən yaxşısı seçilə bilər
Bakı, 15 dekabr, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsində VI turun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, siyahıda “Qarabağ”ın futbolçusu Yassin Benzianın Bakıda İsveç “Hekken”inə qarşı matçda vurduğu baxımlı qol da yer alıb.
Əlcəzairli yarımmüdafiəçi ilk hissənin əsas vaxtına əlavə olunmuş dördüncü dəqiqədə fərqlənərək komandasının üstünlüyünü artırıb.
Həftənin ən yaxşısı adına namizədlər arasında İngiltərə "Brayton"undan Joau Pedro, Fransa "Renn"indən Lorents Assinyon və Yunanıstanın "Olimpiakos"undan Daniel Podensenin vurduğu qollar da var.
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğunun nəticələrinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, “Hekken”ə 2:1 hesabı ilə qalib gələn “Qarabağ” Avropa Liqasında ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanıb.