Qaradağda ağacəkmə aksiyası davam edir
Bakı, 11 aprel, AZƏRTAC
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində Qaradağ rayonunun Səngəçal və Sahil qəsəbələrinin nəzərdə tutulmuş ərazilərində yerli iqlim şəraitinə uyğun 1000-dən çox ağac əkilib.
Aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. Mart ayında başlanan kampaniya çərçivəsində 16000-ə qədər müxtəlif növ ağaclar əkilib. Əkilən ağacların qorunması üçün suvarma sistemi qurularaq gecikdirilmədən aqrotexniki qulluq göstərilir. Abadlaşdırılan ərazidə təmizləmə işləri görülür, yeni torpaq qatı salınır, mineral gübrələr səpilir.
“Ümumrespublika yaşıllaşdırma” marafonu çərçivəsində rayonun digər qəsəbələrində, eləcə də Bakı-Ələt (Astara) magistral avtomobil yolu boyunca da ağaclar əkiləcək.