Qaxlı gənclər Qarabağ qazilərini evlərində ziyarət edirlər
Qax, 9 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Qaxlı gənclər Vətən müharibəsi zamanı yaralanan qaziləri evlərində ziyarət ediblər. Rayon Gənclər və İdman İdarəsi tərəfindən təşkil edilən görüşlərdə 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıqlardan geniş bəhs edilib.
Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son günlər idarənin rəhbərliyi və fəal gənclər tərəfindən Vətən müharibəsi qazilərindən rayonun Cəlayir kəndindən İsayev İlqar Vüqar oğlu, Sarıbaş kəndindən Ocayev Elgün Murtuza oğlu, Şotavar kəndindən İsrafilov Fəxri Elşən oğlu və başqaları evlərində ziyarət olunublar.
İdarənin əməkdaşları dekabrın 9-da Turaclı kənd sakini, Vətən müharibəsi qazisi Səmədzadə Samir Eyyub oğluna da baş çəkiblər. Qazi Şuşa istiqamətində gedən döyüşlərdə snayper gülləsi və mərmi qəlpəsi ilə sol ayağından yaralanıb.
Görüşdə Azərbaycan Ordusunun düşmən üzərindəki inamlı qələbəsindən, əsgər və zabitlərimizin qəhrəmanlığından söz açılıb, Ermənistan silahlı birləşmələri üzərində qazanılan Qələbəyə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordumuza dərin minnətdarlıq ifadə olunub.