CƏMİYYƏT
Qayayadırmanma üzrə açıq festival keçiriləcək



Bakı, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 7-8-də Abşeron yarımadasında yerləşən Korgöz massivində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə açıq festival keçiriləcək. Festival Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunacaq.
Azərbaycan Alpinizm Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, açıq festivalda iştirak etmək üçün 100-dən çox idmançı qeydiyyatdan keçib.
Ölkəmizin müxtəlif bölgələrindən, o cümlədən xarici ölkələrdən olan idmançıların iştirak edəcəyi festival kişilər və qadınlar arasında 2 növ - boulderinq və çətinlik mərhələsi üzrə keçiriləcək.
Qayayadırmanma üzrə açıq festivalın keçiriləcəyi ərazidə xaricdən dəvət olunan mütəxəssis tərəfindən artıq müxtəlif mürəkkəblik dərəcəsi üzrə 40 marşrut hazırlanıb.
Qayayadırmanma festivalının keçirilməsində məqsəd bu idman növünü inkişaf etdirmək, yeniyetmə və gəncləri qayayadırmanma idman növü ilə məşğul olmağa həvəsləndirmək, onların yarış texnikalarının təkmilləşməsinə kömək etmək və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.