Qazanılmış bütün uğurların təməlində Ulu Öndərin müdrik siyasəti durur
Bakı, 10 may, AZƏRTAC
Azərbaycan Respublikasının Dubay və Şimal Əmirliklərindəki Baş konsulluğu ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı anım tədbiri keçirib.
Konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə baş konsul Pərviz İsmayılzadə və Rusiya Federasiyasının Dubay şəhərindəki baş konsulu Qoca Buaçidze çıxış ediblər.
Pərviz İsmayılzadə çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edib, Ulu Öndərin ölkəmizə qazandırdığı nailiyyətlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.
O, həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını artırıb, Ulu Öndərimizin yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaradıb.
Baş konsul Pərviz İsmayılzadə Ümummilli Liderimizin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın tarixi nailiyyətlərə imza atdığını, Azərbaycanın öz inkişafının keyfiyyətcə yeni, daha yüksək mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.
Tədbirdə MDB ölkələrinin baş konsulları, ARDNŞ, Azərbaycan Hava Yolları, Azərbaycan Beynəlxalq Bankı və diasporanın Dubay şəhərindəki nümayəndələri, Dubay Gömrüyünün və Skaylayn (Skyline) Universitetinin əməkdaşları, Dubay və Şarca Əmirliyində təhsil alan azərbaycanlı tələbələr, yerli KİV təmsilçiləri və digər qonaqlar iştirak ediblər.