Qazaxda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad olunub
Qazax, 20 yanvar, Ruslan Novruzoğlu, AZƏRTAC
Qazax Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş “20 Yanvar - Müdrik xalqımızın qəhrəmanlıq salnaməsidir!” mövzusunda tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edərək torpaqlarımızın azadlığı, ölkəmizin suverenliyi uğrunda canlarını fəda edən Vətən övladlarının əziz xatirəsini ehtiramla anıblar.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər Vətən uğrunda canlarını fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu ediblər. Bildirilib ki, 20 Yanvar faciəsi müdrik xalqımız üçün təkcə faciə deyil, həm də şərəfli bir səhifədir, müstəqillik və istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının başlanğıc nöqtəsidir. Natiqlər 20 Yanvar faciəsinin başvermə səbəblərindən, Ulu Öndər Heydər Əliyevin bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında, ona hüquqi-siyasi qiymət verilməsindəki misilsiz xidmətlərindən, Prezident İlham Əliyev tərəfindən faciə qurbanlarına göstərilən diqqət və qayğıdan ətraflı söz açıblar.
Qazax Dövlət Dram Teatrının aktyorları ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.