REGİONLAR
Qazaxda “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Qazax, 27 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Gənclər, təbiət, könüllülər” devizi altında ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Damcılı” filialında keçirilən aksiyada 100 Eldar şamı əkilib.
Aksiyada icra aparatının məsul işçiləri, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbə və müəllimləri iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.
Aksiyadan sonra tələbələr “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun “Damcılı” filialında olublar. Gənclərə qoruğun fəaliyyəti, filialları, həmçinin “Damcılı” filialında aparılan arxeoloji qazıntı işləri zamanı tapılan nümunələr barədə ətraflı məlumat verilib.