Qazaxıstan kənd təsərrüfatı nazirinin müavini: TDT dövlətləri Türk İnvestisiya Fondunun potensialından istifadə etməlidir
Bakı, 26 sentyabr, AZƏRTAC
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin iştirakı ilə bu il martın 16-da yaradılmış Türk İnvestisiya Fondunun tərkibində İşçi Qrupunun yaradılması təklif edilib.
AZƏRTAC xəbər verir ki, bu təkliflə Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Abulkhair Tamabek Bakıda keçirilən Türk Dövlətlərinin II Aqrobiznes Forumunda çıxış edib.
Nazir müavini bildirib ki, İşçi Qrupu kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən dövlət qurumlarını və investorları bir araya gətirə bilər. Onun sözlərinə görə, Türk Dövlətləri Təşkilatlarina üzv dövlətlər Fondun potensialından istifadə etməlidir.
Qeyd olunub ki, Forum üzv dövlətlər arasında aqrar sahədə əməkdaşlığın yeni istiqamətlərinin formalaşdırılmasına, yeni investisiya imkanlarının təşviqinə və iş adamları arasında əlaqələrin güclənməsinə xidmət edəcək.
Qeyd edək ki, Türk İnvestisiya Fondunun nizamnamə kapitalı 500 milyon dollardır.