Qazaxıstan saytında Azərbaycanın Vətən müharibəsində qazandığı şanlı Qələbədən bəhs olunan müsahibə dərc edilib
Nur-Sultan, 11 noyabr, AZƏRTAC
Qazaxıstanın “ulysmedia.kz" internet saytında ölkəmizin Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov geniş müsahibəsi dərc olunub.
AZƏRTAC xəbər verir ki, "Şanlı Qələbəyə aparan uzun və çətin yol" adlı müsahibədə səfir artıq başa çatan Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və hüquqi aspektlərinə toxunub.
Səfir bildirib ki, ötən il sentyabrın 27-də Azərbaycan Ermənistanın növbəti hərbi təxribatının qarşısını almaq, mülki şəxslərin və sıx məskunlaşma yerlərinin təhlükəsizliyini təmin etmək məqsədilə, özünü müdafiə hüququndan çıxış edərək və beynəlxalq humanitar hüququn tələblərini gözləyərək, əks-hücum tədbirləri görmüşdür. 44 günlük müharibədə məğlubiyyətə uğramış Ermənistanda qisasçılıq meyilləri təəssüf ki, üstünlük təşkil edir. Bu tendensiya həm siyasi çıxışlar, həm də ictimai rəy səviyyəsində müşahidə olunur.
Müsahibədə səfir işğaldan azad olunan ərazilərdə iqtisadiyyatın bərpasının mürəkkəbliyindən, həmçinin investisiya layihələrinin həyata keçirilməsində üçüncü ölkələrin iştirakının mümkünlüyündən danışıb.
A. Atamoğlanov bildirib ki, münaqişədən sonrakı dövrdə qarşıda duran əsas fəaliyyət istiqamətləri işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi, yenidənqurma işlərinin aparılması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır.
Orada yeni qəsəbələr salınacaq, böyük infrastruktur layihələri həyata keçiriləcək. İşğaldan azad edilmiş ərazilərdə yaradılan şəhər və kəndlər “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında qurulacaq.
Füzulidə beynəlxalq hava limanı açıldı, Şuşada tamamilə yeni “Zəfər yolu”nun salınmasından bəhs edən səfir, bir sıra iri və innovativ layihələrin, şəhər və qəsəbələrin, yolların və tunellərin təməlinin qoyulması, onların həyata keçirilməsinin sürətlə davam etməsindən bəhs edib. Qeyd edilib ki, indi Qarabağda və Şərqi Zəngəzurda yüksək iqtisadi fəallığı təmin etmək üçün rəqəmsal infrastruktur yaradılır, xarici şirkətlərin və xarici investisiyaların fəaliyyəti üçün əlverişli şərait yaradılır. Ölkəmizdə işğaldan azad olunmuş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli üzrə Əlaqələndirmə Qərargahı yaradılıb. Bu gün 50-dən çox xarici şirkət azad edilmiş ərazilərin bərpası üzrə layihələrdə iştirak etmək üçün müraciətlər göndərib.
Bizə dost olan ölkələrin bu məsuliyyət missiyasında iştirak etmək və Qarabağın, o cümlədən Qazaxıstan şirkətlərinin dirçəlişi prosesinə öz töhfələrini vermək təşəbbüslərini alqışlayırıq.
İşğal dövründə torpaqlarımızın kütləvi şəkildə minalandığını diqqətə çatdıran səfir qeyd edib ki, müharibədən sonra 150-dən çox Azərbaycan vətəndaşı minaların partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Ermənistan bizə minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana təhvil verilən az sayda xəritələrin dəqiqliyi 25 faizə yaxındır. Bu, həmin torpaqların bərpası prosesini ləngidir.
İki ölkə arasında münasibətlərə gəldikdə səfir bildirib ki, biz türkdilli xalqlar olaraq etnik, dil və mədəni dəyərlərə görə çox yaxınıq. Minlərlə qazaxıstanlı və azərbaycanlı hər iki dövləti öz doğma evi hesab edir. Ölkələrimiz strateji tərəfdaşdır. Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsası ümummilli lider Heydər Əliyev və Qazaxıstan Respublikasının birinci Prezidenti - Elbası Nursultan Nazarbayev tərəfindən qoyulub. Bu gün bu siyasət dövlət başçılarımız tərəfindən uğurla davam etdirilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan