Qazaxıstanda dəyəri 1,4 milyard dollar olan ən böyük külək elektrik parkının tikintisinə başlanılıb
Astana, 29 iyun, AZƏRTAC
Qazaxıstanın cənubunda, Cambul vilayətində enerji toplanması sistemi ilə təchiz olunmuş, gücü 1 QVt olan iri külək elektrik stansiyasının tikintisinə rəsmi olaraq start verilib.
AZƏRTAC Qazaxıstan Respublikasının Energetika Nazirliyinə istinadla xəbər verir ki, dəyəri təxminən 1,4 milyard ABŞ dolları olan bu irimiqyaslı layihə BƏƏ-nin “Masdar” investisiya şirkətinin rəhbərlik etdiyi konsorsium və “Samruk-Kazına” fondu tərəfindən həyata keçirilir.
Layihənin istismara verilməsi Qazaxıstanın cənub bölgələrində enerji çatışmazlığının aradan qaldırılmasına və ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edəcək. Külək elektrik parkının texniki baxımdan əsas üstünlüyü onun 300 MVt gücündə müasir sənaye tipli enerji saxlama batareyası (akkumulyator) ilə təchiz edilməsidir. Bu sistem hava şəraitinin dəyişməsindən və pik yüklənmə dövrlərindən asılı olmayaraq elektrik enerjisinin vahid enerji şəbəkəsinə sabit şəkildə ötürülməsini təmin edəcək.
Ekoloji baxımdan isə elektrik stansiyası hər il karbon qazı emissiyalarının 2,5 milyon ton azalmasına imkan yaradacaq və bununla da respublikanın karbon neytrallığına nail olunması istiqamətində irəliləyişinə töhfə verəcək. Külək elektrik kompleksinin tam şəkildə kommersiya istismarına verilməsi 2029-cu ilin üçüncü rübünə planlaşdırılır.