QAZAXISTANDA ZƏLZƏLƏ ZAMANI DAVRANIŞ QAYDALARINDAN BƏHS EDƏN CİZGİ FİLMİ ÇƏKİLMİŞDİR
Uşaqlar 10 dəqiqəlik filmdən otaqda mebelin düzgün düzülüşü, ilk təkanlar zamanı harada gizlənmək barədə də məlumat alırlar. Cizgi filminin süjetinə görə, Yerjan və Saule “Kainatı sarsıdan” kompyuter oyununu oynayırlar. Oyun zamanı uşaqlar zəlzələyə hazırlıq və təkanlarla bağlı müxtəlif səviyyələri keçməlidirlər.
Qazaxıstanda Rixter cədvəli ilə 8,2 bal gücündə ən güclü zəlzələ 1911-ci ildə Almatı yaxınlığıda baş vermişdir. Həmin zəlzələdən sonra şəhər tamam dağılmış, 390 nəfər həlak olmuş, 400-dən çox adam yaralanmışdı.
Qazaxıstan seysmoloqları 1 il ərzində respublikada gücü 5 baldan artıq olan zəlzələ baş verəcəyini proqnozlaşdırmırlar. Lakin respublika Fövqəladə Hallar Nazirliyi bu təbii fəlakətə kino vasitəsilə də hazırlaşmağı zəruri sayır. Qazaxıstanda cizgi filmlərindən savayı, böyüklər üçün də 4 sənədli film çəkilmişdir.