Qazaxıstanın aparıcı universitetinin 30 yaşı tamam olur: 12 azərbaycanlı tələbə burada təhsil alır
Astana, 22 may, AZƏRTAC
Astanada L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin 30 illiyinə həsr olunan təntənəli tədbirlər keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirə dövlət orqanlarının və elmi ictimaiyyətin nümayəndələri, beynəlxalq tərəfdaşlar, müəllimlər və tələbələr qatılıb. Tədbirdə Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov da iştirak edir. “Avrasiya Milli Universitetinin 30 illiyi münasibətilə bugünkü tədbirdə iştirak etməkdən məmnunam. Səfirliyimizi bu universitetlə ən isti və sıx münasibətlər birləşdirir”, - deyə səfir bildirib.
A.Atamoğlanov Azərbaycan Prezidenti İlham Əliyevin Avrasiya Milli Universitetinin Fəxri professoru olduğunu qeyd edərək onun təbrik məktubunu oxuyub.
Qeyd edək ki, L.N.Qumilyov adına Avrasiya Milli Universiteti 1996-cı il 23 may tarixində iki ali məktəbin - Selinoqrad Mühəndislik-İnşaat İnstitutunun və Selinoqrad Pedaqoji İnstitutunun birləşdirilməsi əsasında yaradılıb. Bu gün universitet Qazaxıstanın aparıcı klassik universitetlərindən biridir - onun tərkibinə 13 fakültə və 28 elmi bölmə daxildir. Hazırda universitetdə 12 azərbaycanlı tələbə təhsil alır.