QƏBƏLƏDƏ AKADEMİK CƏLAL ƏLİYEVİN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ SEMİNAR KEÇİRİLMİŞDİR
Xəbər verildiyi kimi, respublikamızda Cəlal Əliyevin 80 illik yubileyinə həsr olunmuş “Bioinformatika: mövcud vəziyyəti və praktikada tətbiqi” mövzusunda beynəlxalq konfrans və seminar öz işinə başlamışdır. İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrdə Elm və Texnologiyalar Komitəsi (COMSTECH), Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Pakistanın İnformasiya Texnologiyaları İnstitutu (COMSATS) tərəfindən təşkil olunmuş, Pakistanın Ali Təhsil Komissiyası, İnformasiya Texnologiyaları İnstitutunun, COMSTECH İnter-İslam Şəbəkələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun maddi və təşkilati dəstək verdikləri tədbirin açılış mərasimi Bakıda olmuşdur.
AZƏRTAC xəbər verir ki, beynəlxalq tədbir Qəbələ şəhərində seminarla öz işini davam etdirmişdir.
Seminarda dünya şöhrətli alim Cəlal Əliyevin zəngin elmi fəaliyyətindən söz açılmışdır. Natiqlər qeyd etmişlər ki, məhz onun sayəsində ölkəmizdə bioinformatikanın, molekulyar biologiyanın, hüceyrə biotexnologiyasının, riyazi və molekulyar biologiyanın əsası qoyulmuşdur. Akademik Cəlal Əliyevin yetişdirdiyi buğda sortları bu gün Azərbaycan taxılçılığının əsasını təşkil edir. Alimin zəngin biliyi, elmi nailiyyətləri və ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsindəki xidmətləri xüsusilə vurğulanmışdır.
Sonra görkəmli seleksiyaçı alim, qayğıkeş insan Cəlal Əliyevin yaratmış olduğu məktəbin və yetirdiyi kadrların, xarici ölkələrin elmi-tədqiqat institutlarından tanınmış alimlərin məruzələri dinlənilmişdir. ABŞ-ın Genome İnstitutunun alimi Asəf Salmanov “İnsanlar, heyvanlar, bitkilər və bakterial orqanizmlər: mövcud vəziyyət və perspektivlər”, Almaniyanın BİOBASF institutundan professor Hel Aleksandr “Təşviqatçılar həblərin tapılmasında necə kömək edə bilərlər”, Moskva Dövlət Universitetinin əməkdaşı Andrey Rubin “Bakterial orqanizmlərin anatomiyası”, ABŞ-ın Linkoln-Nebraska Universitetindən professor Tərlan Məmmədov “Fotosintetik orqanizmlər öz imkanlarını necə artırmalıdırlar” mövzusunda məruzə etmişlər.
Seminardan sonra keçirilən “dəyirmi masada” İslam Konfransı Təşkilatına üzv ölkələrin, ABŞ, Rusiya və Yaponiyanın tanınmış alimləri arasında əməkdaşlıq imkanları və birgə tədqiqat məsələləri müzakirə olunmuşdur.