QƏBƏLƏDƏ “BİOMÜXTƏLİFLİYƏ SƏRMAYƏLƏR VƏ YAŞIL TƏSƏRRÜFATA YARDIMIN ARTIRILMASI” MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR BAŞA ÇATMIŞDIR
Qəbələ, 6 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Qəbələ şəhərində keçirilən “Biomüxtəlifliyə sərmayələr və yaşıl təsərrüfata yardımın artırılması” mövzusunda ekspertlər səviyyəsində beynəlxalq seminar iyulun 6-da başa çatmışdır.
Şərqi Avropa və Mərkəzi Asiya regionundan 30-a yaxın dövləti təmsil edən ekspertlərin iştirak etdikləri tədbirin ikinci günündə “Ekosistemlərin və biomüxtəlifliyin iqtisadiyyatı”, “Subregional və milli səviyyədə biomüxtəliflik üzrə fəaliyyətin planlaşdırılması” mövzularında seminar davam etdirilmişdir. Seminarda ekspertlərin iştirakı ilə biomüxtəlifliyin mühafizəsi ilə bağlı qorunan ərazilərin və landşaftların davamlı idarə edilməsi imkanları, davamlı ov biznesi üzrə maraqlı tərəflərin cəlb edilməsi, yaşıl iqtisadiyyata yardım, biomüxtəliflik üzrə milli fəaliyyət planları və gələcək fəaliyyətlərin razılaşdırılması üzrə müzakirələr aparılmışdır.
Həmçinin, seminarla yanaşı, Biomüxtəliflik Konvensiyasının biomüxtəliflik zirvə toplantısı üzrə 10-cu Tərəflər Konfransına QHT-lərin hazırlıq görüşü də başa çatmışdır. Görüşün ikinci günündə Avropa regionunu təmsil edən qeyri-hökumət təşkilatlarının rəhbərləri “QHT tövsiyələri ilə Biomüxtəliflik Konvensiyasının qərarlarına təsir” mövzusunda müzakirələr aparmışlar.
Görüşdə konvensiyanın QHT-yə təqdim edilmə variantları, qorunan ərazilərə dair işçi proqramın yerinə yetirilməsi, biomüxtəlifliyin davamlı istifadəsinə dair prinsip və direktivlər, eyni zamanda bunlarla bağlı QHT tövsiyələri dinlənilmişdir. Müzakirə olunan mövzularla bağlı QHT tövsiyələri layihələşdirilmiş və görüşün nəticələri qiymətləndirilmişdir.
Bu tədbirlərin davamı olaraq iyulun 7-də Qəbələdə 40-a yaxın ölkənin nazir və nazir müavinlərinin iştirakı ilə konfrans keçiriləcək və bəyannamə imzalanacaqdır.