Qəbələdə boks hakimləri üçün seminar keçirilib
Bakı, 12 avqust, AZƏRTAC
Azərbaycanın boks hakimlərinin növbəti seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Boks Federasiyasının (ABF) təşkilatçılığı ilə təşkil olunan təlimlər Qəbələdə yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.
ABF-nin baş katibi Nağı Səfərov bildirib ki, federasiyanın əsas istiqamətlərindən biri hakimlərin yetişməsi, ulduzlarının sayının artırılması və ölkəmizi beynəlxalq arenalarda uğurla təmsil etməsidir. Onun sözlərinə görə, bununla bağlı hər il müxtəlif təlimlər keçirilir, gənclərin hakimliyə cəlb edilməsi üçün lazımi addımlar atılır.
Ardınca federasiyanın Hakimlər Komitəsinin sədri Emil Qurbanəliyev seminarın gündəliyi barədə məlumat verib.
Professor, beynəlxalq dərəcəli hakim Qalib Əbiyev isə tətbiq olunacaq yeni qaydaları izah edib, lazımi tövsiyələrini verib.
Yekunda hakimlərin sualları cavablandırılıb.