Qəbələdə sərtləşdirilmiş karantin rejimi ilə bağlı reydlər davam etdirilir
Qəbələ, 21 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Qəbələ rayonunda sərtləşdirilmiş karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri davam etdirilir. Rayon icra hakimiyyəti yanında yaradılan qərargahın üzvləri və polis əməkdaşlarından ibarət mobil qruplar tərəfindən gündəlik olaraq keçirilən reydlər zamanı Operativ Qərargah tərəfindən müəyyən edilən tələb və qaydaların təmin edilməsi, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin məcburiliyi vətəndaşların diqqətinə çatdırılır, tövsiyələr verilir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son günlər rayonda 346 ticarət, həmçinin əhalinin daha çox müraciət etdiyi 314 digər təyinatlı obyektə baxış keçirilib. Reydlərin nəticəsi olaraq, sərtləşdirilmiş karantin rejimi qaydalarını pozan vətəndaşlar və ticarət obyektlərinin sahibləri barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülüb. Eyni zamanda, dünyasını dəyişmiş 12 mərhumun ailəsinə yas mərasimlərinin keçirilməməsi ilə bağlı xəbərdarlıq edilib.
Pandemiya ilə bağlı əhali arasında maarifləndirmə tədbirləri gündəlik olaraq davam etdirilir.