Qəbul imtahanlarında yüksək nəticə göstərən yevlaxlı gənclər mükafatlandırılıb
Yevlax, 10 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Bu il Yevlax rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 372 nəfəri ali məktəblərə qəbul olub. Gənclərdən 15 nəfər 600-dən yuxarı, 40 nəfər isə 500-dən yuxarı bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətində 600-dən yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olan məzunlarla görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsinin önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə öz ehtiramlarını bildiriblər.
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tələbə adını qazanan gəncləri təbrik edib, onlara bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulayıb. Bildirib ki, ölkəmizdə əsasını Ümummilli Lider Heydər Əliyevin qoyduğu təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin təhsil strategiyasının kökündə milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi, mədəniyyəti, cəmiyyətimizin uğurlu gələcəyi, ölkəmizin davamlı və dayanıqlı inkişafı dayanır.
Vurğulanıb ki, ölkəmizdə təhsilin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi etdiyi Heydər Əliyev Fondunun rolu böyükdür. Belə ki, Fond tərəfindən regionlarımızda yeni məktəb binaları, körpələr evləri, uşaq bağçaları inşa edilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunur. Bu da təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir.
Sonra çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov ali məktəbə qəbul imtahanlarında yüksək bal toplamış məzunları təbrik edib, onlara gələcək tələbə həyatlarında və karyera yollarında uğurlar arzulayıb.
Tələbə adını qazanan gənclər onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərman və xatirə hədiyyələri təqdim edilib, xatirə şəkli çəkdirilib.