QƏHVƏ DİABETİN VƏ QARACİYƏR XƏRÇƏNGİNİN QARŞISINI ALIR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər 10 il ərzində ürək-damar və diabet xəstəliklərindən əziyyət çəkməyən 28,8 min qadın üzərində müşahidələr aparmışlar. Onlar gündə bir fincan, 1-4 fincan, 4-5 fincan, 6 fincandan çox və nəhayət, heç qəhvə içməyən qadınlardan ibarət bir neçə qrupa ayrılmışlar.
Tədqiqat göstərmişdir ki, 1400 qadında diabet xəstəliyi tapılmışdır. Məlum olmuşdur ki, çoxlu qəhvə içənlər arasında diabet xəstəliyinə tutulanlar digər qruplara nisbətən 22 faiz azdır.
Həkimlər qəhvənin tərkibindəki hansı maddənin diabetin qarşısını aldığını dəqiqləşdirə bilməmişlər. Lakin onlar əmindirlər ki, diabetə yoluxmamaq üçün pəhriz saxlamaq, fiziki hərəkətlərlə məşğul olmaq, bədənin çəkisinə nəzarət etmək lazımdır. Yalnız bu halda qəhvə yaxşı köməkçi ola bilər.
Gündə iki fincan qəhvə xərçəng xəstəliyinin yaranması təhlükəsini də azaldır. Yaponiya alimləri 1984-1997-ci illərdə fərqli vərdişlərə malik, yaşı 40-dan çox olan 61 min müxtəlif peşə sahibi üzərində müşahidələr aparmışlar. Məlum olmuşdur ki, qaraciyər xərçənginə ümumiyyətlə qəhvə içməyən adamlarda daha tez-tez rast gəlinir. Tədqiqatçıların ehtimalına görə, qaraciyər xərçənginin qarşını qəhvə bitkisinin tərkibindəki xlorogen turşusu alır.