QƏLƏBƏNİN 60 İLLİYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLMİŞDİR
Dekabrın 6-da Beynəlxalq Mətbuat Mərkəzində “Xalqlar dostluğu Böyük Vətən müharibəsində qələbənin əsasıdır” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi, Azərbaycanın Rus İcması, Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyəti Təşkilatının, Azərbaycan müharibə veteranları-həmalaylar bölməsi və “Rosszarubejsentr”in təşkil etdikləri və 1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 60 illiyinə həsr olunmuş tədbirdə müharibə veteranları, Azərbaycan və Rusiya Federasiyası ictimai təşkilatlarının, AMEA-nın, müxtəlif ali və orta təhsil müəssisələrinin nümayəndələri iştirak edirdilər.
Beynəlxalq konfransda Azərbaycan müharibə veteranları-həmalaylar bölməsi sədrinin müavini, birinci dərəcəli kapitan Aleksandr Qritçenkonun məruzəsi dinlənilmiş, akademik İsmayıl İbrahimov, “Rosszarubejsentr”in nümayəndəsi Parmen Şenşin, “Rusiya azərbaycanlıları” təşkilatının təmsilçisi Almaz Xəlilov, ehtiyatda olan polkovnik-leytenant David Malıkin, ehtiyatda olan polkovnik, Reyxstaqın divarında avtoqraf qoymuş İsmayıl Qasımov və başqaları çıxış etmişlər.
Böyük Vətən müharibəsi illərində qələbənin qazanılmasında xalqlar dostluğunun aparıcı rolu, alman faşizminə qarşı mübarizəyə Azərbaycan xalqının töhfəsi haqqında geniş söz açılmışdır. Xatırladılmışdır ki, Vətənin müdafiəsi üçün silaha sarılmış 600 mindən artıq Azərbaycan övladının yarısı müxtəlif cəbhələrdə qəhrəmancasına həlak olmuşdur. Neftçilərimiz müharibənin dörd ili ərzində ölkəyə 75 milyon ton neft vermişlər. Cəbhələrdə göstərdikləri şücaətə görə Azərbaycanın 170 min oğul və qızı müxtəlif orden və medallara, 121 nəfəri (o cümlədən general Həzi Aslanov iki dəfə) Sovet İttifaqı Qəhrəmanı adına, 14 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşlər. 77-ci, 223-cü, 396-cı, 402-ci, 416-cı milli atıcı diviziyaları, Azərbaycanda formalaşmış digər birləşmə və hərbi hissələr döyüş bayraqlarına şöhrət qazandırmışlar. Bir çox azərbaycanlılar partizan dəstələrində döyüşmüşlər.
Natiqlər “1941-1945-ci illərin Böyük Vətən müharibəsində Qələbənin 60-cı ildönümünə hazırlıq görülməsi və onun qeyd edilməsi Proqramı haqqında qərar”ın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 dekabr tarixli Sərəncamının əhəmiyyətini qeyd etmişlər.
Çıxışlarda belə bir inam ifadə olunmuşdur ki, Böyük Vətən müharibəsində qələbə qazananların övladları - Azərbaycan gəncləri doğma torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin işğalı altında qalması faktı ilə barışmayacaq, lazım olan vaxtda silaha sarılıb ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəklər.
Konfrans iştirakçılarına “Cümə” nəşriyyatında yenicə çapdan çıxmış “Azərbaycan qəhrəmanları” (rus dilində) kitabı təqdim olunmuşdur.