Qərb-Azərbaycan əlaqələrində keyfiyyətcə yeni inkişaf mərhələsi
Müstəqil Azərbaycan Respublikası çoxvektorlu beynəlxalq əlaqələrində Qərb dövlətləri, eləcə də ABŞ ilə əməkdaşlığa böyük əhəmiyyət verir. Bu əlaqələr yüksələn xətlə inkişaf edərək bərabərhüquqlu strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Rəsmi Vaşinqton Azərbaycanın neft və qazının dünya bazarlarına çıxarılması istiqamətində dövlətimizin mövqeyini və həyata keçirdiyi layihələri, o cümlədən ABŞ-ın iri şirkətlərinin iştirakı ilə 1994-cü il sentyabr ayının 20-də imzalanmış ''Əsrin müqaviləsi''ni dəstəkləmiş, XX əsrin ən böyük layihələrindən olan, Azərbaycana öz təbii ehtiyatlarını xarici bazarlara çıxarmaq imkanı verən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istifadəyə verilməsində fəal iştirak etmişdir. Bundan başqa, ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyini dəfələrlə vurğulamışdır. Eyni zamanda, ABŞ-ın yüksək çinli nümayəndələri beynəlxalq əhəmiyyətli enerji, nəqliyyat layihələrinin reallaşdırılmasının təşəbbüskarı və əsas icraçısı, Cənubi Qafqazın güc və iqtisadi imkanlar mərkəzi, regionda sülhün və təhlükəsizliyin təminatçısı kimi Azərbaycan ilə əməkdaşlığa önəm verdiklərini bəyan etmişlər. ABŞ rəsmi Bakının bu istiqamətdə fəaliyyətini, antiterror koalisiyasında, eləcə də ölkəmizin Əfqanıstandakı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə kömək göstərməsini yüksək qiymətləndirmişdir.
İyun ayının 1-də Bakıda XXIII Beynəlxalq ''Xəzər Neft və Qaz'' sərgisi və konfransı, eləcə də VI Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisi öz işinə başlamışdır. Bu tədbir Azərbaycanın qlobal enerji təchizatında və mənbələrin müxtəlifləşdirilməsində əhəmiyyətini bir daha təsdiqləməklə yanaşı, onun beynəlxalq tərəfdaşları ilə səmərəli əməkdaşlığının yeni mərhələsi olmuşdur. ABŞ Prezidenti Barak Obama Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bu münasibətlə öz həmkarına və Azərbaycan xalqına səmimi arzularını çatdırmışdır. Ağ Evin başçısı müasir şəraitdə transsərhəd enerji təchizatının vacibliyini, bu prosesdə Azərbaycanın fəal rolunu xüsusi vurğulayaraq, ABŞ-ın dövlətimizlə əməkdaşlığını yüksək dəyərləndirmişdir. Məktubda qeyd edilir: ''Azərbaycanın tam potensialına nail olmaqda, o cümlədən şaxələndirilmiş iqtisadiyyatı təşviq etməkdə, sərmayə mühitini təkmilləşdirməkdə, hesabatlılığı, qanunun aliliyini gücləndirməkdə və nəhayət, Azərbaycan xalqının yaşayış standartlarını yaxşılaşdırmaqda atdığınız davamlı addımlarınızı dəstəkləyirəm. Birləşmiş Ştatlar Azərbaycanın sadiq tərəfdaşı olaraq qalır''. Onu da xatırladaq ki, Ağ Evin başçısı ötən ilin dekabr ayında da azərbaycanlı həmkarına məktub göndərərək onu Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət etmiş və Azərbaycanın qlobal nüvə təhlükəsizliyinin təmin olunmasında fəaliyyətini dəstəkləmişdir. Bütün bunlar bir daha onu göstərir ki, ABŞ-Azərbaycan münasibətləri möhkəm təməl üzərindədir və bundan sonra da yüksələn xətlə davam etdiriləcəkdir.
Bu əlaqələrin intensivliyini və əhəmiyyətini şərtləndirən amillər hansılardır? Amerika və Azərbaycan arasında münasibətlər enişli-yoxuşlu olsa da, ortaq təmas nöqtələrinin, hər iki tərəf üçün zəruri olan qarşılıqlı maraqların müəyyənləşdirilməsi, birgə səylər, anlaşma və qarşılıqlı güzəştlər sayəsində əlaqələr davamlı şəkildə inkişaf etdirilməkdədir. Odur ki, ''diplomatik böhran'' barədə həm xarici, həm də bəzi yerli kütləvi informasiya vasitələrində yayılan ''öncəgörmələr'' və ''proqnozlar'' indiyədək özünü doğrultmamışdır. Çünki həm Azərbaycan, həm də ABŞ arasında təbii maraqlar əsasında formalaşan əlaqələr bu gün strateji tərəfdaşlıq səviyyəsindədir və onları bir-birinə yaxınlaşdıran siyasi, iqtisadi mənafelər, konkret məsələlərə münasibətdə vahid mövqe vardır. Azərbaycanın etibarlı tərəfdaş olması, iqtisadi-siyasi potensialı, praqmatik daxili və xarici siyasətinin qlobal çağırışlara uzlaşdıra bilməsi, regionda sülh və təhlükəsizliyin əldə olunmasında fəal iştirakı dünyanın bir sıra böyük dövlətlərinin, o cümlədən ABŞ-ın maraq və diqqətini həmişə cəlb edir.
Azərbaycan dünya dövlətləri, o cümlədən ABŞ üçün məsuliyyətli və etibarlı tərəfdaş olduğunu dəfələrlə sübuta yetirmişdir. Bundan başqa, ABŞ Azərbaycanın regional enerji diversifikasiyasının genişləndirilməsi istiqamətindəki səylərini dəstəkləməklə yanaşı, onun beynəlxalq terrorizmə, transmilli cinayətkarlığa və digər qlobal təhdidlərə qarşı mübarizədə fəal əməkdaşlığını da yüksək qiymətləndirir. Rəsmi Vaşinqton bütün bunlarla yanaşı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal iştirakını da davam etdirir.
Azərbaycan xarici siyasət fəaliyyətini beynəlxalq hüquq normalarına riayət olunması, bir-birinin daxili işlərinə qarışmamaq, dövlətlər və xalqlar arasında qarşılıqlı faydalı əlaqələri genişləndirmək kimi prinsiplər üzərində qurur və təbii olaraq, öz tərəfdaşlarından da bu qaydalara hörmətlə yanaşmağı tələb edir. Azərbaycan qlobal proseslərə fəal təsir etmək imkanına malik olan ABŞ ilə də bərabərhüquqlu əlaqələrin genişləndirilməsində və möhkəmləndirilməsində, onların yeni səviyyəyə qaldırılmasında həmişə maraqlı olmuşdur. Azərbaycan dövlətlərarası əməkdaşlıqda səmimi və aydın münasibətlərin, beynəlxalq hüquqda əksini tapmış siyasi-mənəvi hədlərin gözlənilməsinin, əlaqələrə ciddi zərbə vuran qərəz, böhtan və şayiələrin yolverilməzliyinin tərəfdarıdır. Bu baxımdan, Respublika Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda Prezident İlham Əliyevin nitqi bir sıra məqamlara, xüsusilə xarici dövlətlərin Azərbaycana yönəlik siyasətində subyektiv yanaşma elementlərinə aydınlıq gətirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın inkişafının təməli olan daxili təhlükəsizlik və ictimai-siyasi sabitlik bundan sonra da təmin ediləcəkdir.
Prezident Azərbaycanda demokratik şəraitin inkişafı, söz, azadlığı, sərbəst toplaşma, siyasi fəaliyyət azadlığı kimi hüquqların təminatı ilə bağlı fikirlərini də bölüşmüşdür. Xüsusilə vurğulamışdır ki, əgər ölkədə təhlükəsizlik və sabitlik şəraiti olmazsa, nə demokratiyadan, nə də iqtisadi və sosial inkişafdan söhbət gedə bilər. Demokratiyanı Azərbaycanın ''şüurlu seçimi və yolu'' adlandıran, dövlətimizin bu istiqamətdə böyük uğurlara imza atdığını, lakin görüləsi işlərin hələ də çox olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Qərb dövlətlərində bəzi dairələrin Azərbaycana yönəlik qeyri-obyektiv mövqelərinə də toxunaraq demişdir: ''Bəziləri əvvəllər bizi ittiham etməyə çalışırdılar ki, Azərbaycanda hüquqlar pozulur, demokratiya zəifdir, burada sərbəst toplaşma azadlığı yoxdur… Azərbaycan xalqı hər şeyi çox yaxşı görür və bilir. Bilir ki, bizə qarşı aparılan kampaniyanın səbəbi nədir, hədəfi kimdir və hansı nəticə gözlənilir. Səbəbi odur ki, biz öz yolumuzla, müstəqillik yolu ilə gedirik. Heç bir başqa ölkənin daxili işinə qarışmırıq, heç kimi də qoymuruq ki, bizim daxili işimizə qarışsın''.
Azərbaycanın müstəqil daxili və xarici siyasətinin mənbəyi dövlətin və xalqın mənafeyidir. Bu maraqlar isə dövrün çağırışlarını, beynəlxalq münasibətlər sistemində yaranmış vəziyyəti nəzərə almaqla çoxvektorlu xarici siyasət xəttinin yürüdülməsini gündəmə gətirir. Rəsmi Bakı hər hansı bir üçüncü tərəfin geosiyasi və geoiqtisadi məqsədlərinə, təsir və ya təzyiq cəhdlərinə baxmayaraq, həm yaxın qonşuları, həm Qərb, həm islam dövlətləri, həm də türk dünyası ilə sağlam, konstruktiv və səmərəli əlaqələrin qurulmasında, bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. Məhz bu strateji və praqmatik mövqe nəticəsində Azərbaycan 2011-ci ilin may ayında Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul edilmişdir. Bu isə ona dünyanın təqribən 120 dövləti ilə müxtəlif sahələrdə səmərəli əlaqələrin yaradılmasına, inteqrasiya prosesinin sürətləndirilməsinə müsbət təsir göstərmiş, regiondakı geosiyasi maraqlar zəminində mübarizə aparan fövqəldövlətlərin güc tətbiqi mexanizmlərini zəiflədə bilmişdir. Hərəkata üzv dövlətlər, o cümlədən Azərbaycan istənilən hərbi-siyasi alyansa qoşulmamaq haqqında öhdəlikləri qəbul etmişlər. Ən başlıcası isə Azərbaycan regional və qlobal problemlərin həllinə fövqəlgüclərin baxış bucağından deyil, beynəlxalq hüquq normaları, ümumbəşəri prinsiplər və milli maraqlar müstəvisindən yanaşır. Qərbin enerji təhlükəsizliyində mühüm mövqeyə malik olmaqla, neft və qazın Avropaya nəqlinin Gürcüstan və Türkiyə üzərindən həyata keçirilməsi siyasətində qətidir. Azərbaycan qlobal güclər arasında münasibətləri daim nəzərə alsa da, xarici siyasət xəttinin formalaşdırılmasında, hədəf və məqsədlərin seçilməsində tam müstəqildir.
Yeri gəlmişkən, XXIII Beynəlxalq ''Xəzər Neft və Qaz'' sərgisinin açılış mərasimində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında amerikalı həmkarı Barak Obamaya səmimi təbrik sözlərinə görə minnətdarlığını bildirmiş, hər iki ölkənin energetika sahəsində əməkdaşlığının timsalında aydın, qarşılıqlı faydalı əlaqələrin qurulması üçün zəruri olan amillərə toxunmuşdur: ''Enerji siyasəti və bu sahədə uzunmüddətli əməkdaşlıq ancaq sağlam zəmində qurulmalıdır. Enerji amilindən heç vaxt başqa məqsədlər - şantaj, hansısa sahədə imtiyazlara nail olmaq üçün alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, burada Azərbaycanın mövqeyi artıq dünya miqyasında rəğbət qazanıb. Digər tərəfdən, bu mövqe öz haqqını artıq nümayiş etdirir və göstərir ki, ancaq belə yanaşma uğur gətirə bilər. Biz istəyirik ki, Azərbaycanda inkişaf daha da sürətlə getsin. İstəyirik ki, bölgədə sabitlik möhkəmlənsin''.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqillik illəri boyu daim vurğuladığı, lakin təəssüf ki, yalnız son dövrlərdə dünyada baş verən hərbi-siyasi qarşudurmalar nəticəsində beynəlxalq münasibətlər sisteminin siyasi gündəminə sürətlə daxil olan bir məsələ bu gün kəskin və qlobal xarakter almaqdadır. İstər milli, istər regional, istərsə də qlobal təhlükəsizlik məsələləri bir-biri ilə üzvi və dialektik şəkildə bağlıdır. Dünyanın acı təcrübəsi göstərdi ki, terrorizmin, etnik və dini separatizmin təzahürləri kimi ağır təhdidlər əlahiddə ölkə ərazisində özünü büruzə versə də, heç də bir dövlətin ''daxili problemi'' deyildir. Belə ki, dünya birliyinə daxil olan dövlətlər vahid mövqedən və ümumbəşəri maraqlardan çıxış edərək sərhəd tanımayan həmin təhdidlərə qarşı birgə mübarizəyə qoşulmasalar, bu fəsadlar qısa zamanda miqyasını genişləndirər, transmilli xarakter alaraq daha geniş əraziləri və ölkələri əhatə edər. Azərbaycan Prezidenti öz çıxışında həmin məsələyə də toxunmuş, ''sabitlik'' anlayışının bu gün lokal xarakter daşımadığını, konkret ölkələrin hüdudları ilə məhdudlaşmadığını, bu amilin müasir beynəlxalq münasibətlər sistemində əhəmiyyətini və əməkdaşlığa can atan bütün dövlətlərin bir-birinin ərazisində sabitliyin təminatında maraqlı olmalarının vacibliyini vurğulayaraq demişdir: “Bu gün dünyada baş verən hadisələr, təbii ki, bizi də narahat edir. Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdurmalar, ziddiyyətlər, toqquşmalar baş verir. Əlbəttə ki, bu, arzuolunan mənzərə deyil. Biz isə çalışırıq ki, bölgəmizdə sabitlik olsun. Ancaq ölkələr sabitlik şəraitində inkişaf edə bilər. Ancaq ölkələrə sabitlik şəraitində investisiya qoyula bilər. Ancaq sabitlik şəraitində xalqlar rahat, təhlükəsizlik, rifah içində yaşaya bilər. Azərbaycan nümunəsi, hesab edirəm ki, bir çox ölkələr üçün maraqlı ola bilər''.
Son illərdə Qərb dövlətlərində ideoloji doğmaların əsiri olan, reallıqdan uzaq və beynəlxalq münasibətlərə səriştəsiz yanaşan bəzi siyasətçilərin buraxdıqları səhvlərə baxmayaraq, Azərbaycan özünün ardıcıl və prinsipial xarici siyasət kursunu dəyişmədi, öz dövlət maraqlarını, siyasi iradəsini güzəştə getmədi və sonrakı proseslər ölkəmizin bir çox məsələlərdə haqlı olduğunu göstərdi. Qlobal miqyasda baş verən və bir-biri ilə qarşılıqlı əlaqədə olan son hadisələr real, müstəqil siyasət həyata keçirmək iqtidarında olan Azərbaycan kimi milli maraqlara əsaslanan praqmatik siyasəti həmişə əsas tutan azsaylı dövlətlərin dəyərini artırdı. Son proseslər Qərb dünyasının, o cümlədən Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının Azərbaycanla münasibətdə xarici siyasət kursunda ikili standartlardan, ideoloji doğmalardan və əsası olmayan maksimalist tələblərdən imtina edərək praqmatik yanaşmaya, bərabərhüquqlu və qarışlıqlı faydaya əsaslanan əməkdaşlığa üstünlük verməyin zamanın qaçılmaz tələbi olduğunu göstərir. Məhz praqmatik yanaşmaya, ədalətli, beynəlxalq hüquqa və qarşılıqlı hörmətə əsaslanan münasibətlər Qərblə Azərbaycanın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasını təmin etmişdir.
Newtimes.az