Qərb bölgəsində şəhidlərin xatirəsi anılıb
Tovuz, 27 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən Tovuz, Qazax və Ağstafada anım mərasimləri keçirilir, şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tovuz şəhər Şəhidlər xiyabanında keçirilən anım mərasimində rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov şəhidlərimizin əziz xatirəsini xalqımız tərəfindən daim uca tutulduğunu qeyd edib.
Milli Məclisin deputatı Arzu Nağıyev çıxışında Vətən müharibəsində qazanılmış Qələbənin Azərbaycanın siyasi, iqtisadi və hərbi qüdrətinin göstəricisi olduğunu vurğulayaraq, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının ölkə rəhbərliyinin əsas prioritetlərindən biri olduğunu deyib.
Şəhidlərin əziz xatirəsi Qazax rayonunda da ehtiramla anılıb. Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında keçirilən anım tədbirində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna dua oxunub, əziz xatirələri yad edilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarını fəda edən Vətən oğullarının ruhlarına dualar oxuyub, şəhidlərimizin ruhuna hörmət və ehtiram ifadə olunub.
Tədbir iştirakçıları şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək, igid Vətən oğullarına olan ehtiramlarını bildiriblər.
Anım Gününün beşinci ildönümü Ağstafada silsilə tədbirlərlə qeyd olunub. Rayon ictimaiyyəti tərəfindən Ağstafa rayon Şəhidlər xiyabanı və Şəhidlər Memorial Abidə Kompleksi ziyarət edilib, şəhidlərin əziz xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Anım tədbirlərində Ağstafa Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi saat 12:00-da hər üç rayonda da bir dəqiqəlik sükutla yad olunub.