SİYASƏT
Qərb politoloqu: Ermənistan nəqliyyat əlaqələrinin təhlükəsizliyinə dair öhdəliklərini yerinə yetirməlidir
Qahirə, 28 oktyabr, AZƏRTAC
Ermənistan 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsinə son qoyan üçtərəfli Bəyanatın bir hissəsi olaraq Naxçıvan eksklavının Azərbaycanın əsas hissəsi ilə nəqliyyat əlaqələrinin təhlükəsizliyinə zəmanət verməyi öhdəsinə götürüb və regionda dayanıqlı sülhə nail olmaq üçün buna əməl etməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər tanınmış Qərb politoloqu, ABŞ-ın İrs Mərkəzində Douglas and Sarah Allison Xarici Siyasət Mərkəzinin direktoru Lyuk Kofinin Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan “Arabnews” qəzetində dərc edilmiş məqaləsində yer alıb. O qeyd edib ki, müharibənin başa çatmasından iki il ötür, lakin Zəngəzur dəhlizi ilə bağlı məsələ hələ də həllini tapmayıb.
Qərb politoloqu vurğulayıb ki, Zəngəzur dəhlizi Türkiyənin Avrasiya quru hissəsini mərkəzi Asiyada birləşdirəcək, həmçinin Azərbaycanı üçüncü dövlətin ərazisində keçid vasitəsilə Naxçıvanla nəqliyyat əlaqəsi saxlamaq problemindən xilas edəcək. Digər tərəfdən, Azərbaycan ilə Ermənistan arasında tezliklə sülh müqaviləsinin imzalanacağı təqdirdə Ankara-Yerevan münasibətləri də normallaşa bilər. Bu da regionda sabitliyin möhkəmlənməsinə, habelə iqtisadi tərəqqiyə şərait yaradacaq.
Qərb politoloqu deyib ki, Zəngəzur dəhlizinin açılmasına əngəl olmaq istəyən qüvvələr, əslində Cənubi Qafqazda sülhün bərqərar olmasına zərbə vurur və beynəlxalq ictimaiyyət belə cəhdlərin qarşısının alınması istiqamətində daha fəal olmalıdır. L.Kofi İranın Qafanda konsulluq açmasını, rəsmi Tehranın qeyri-konstruktiv bəyanatlarını bu qəbildən olan maneələr kimi xarakterizə edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə