Qərbi Kaspi Universitetində süni intellektin tədrisi: institusional inkişaf və gələcək planlar
Bakı, 22 yanvar, AZƏRTAC
Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və Mühəndislik Məktəbinin dekanı dosent Nailə Quliyeva AZƏRTAC-a verdiyi müsahibədə ali təhsil müəssisəsində süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası, mövcud ixtisaslar və gələcək planlar barədə ətraflı məlumat verib.
O bildirib ki, universitetdə süni intellekt texnologiyalarının tədris prosesinə inteqrasiyası artıq institusional və inkişaf mərhələsindədir: “Universitet daxilində "DeepTech Süni İntellekt Tədqiqat və Hesablama Laboratoriyası" yaradılıb. Maraqlı cəhət ondadır ki, digər laboratoriyalar kimi bu laboratoriya da universitetin örtüyündə yerləşən Günəş panelləri vasitəsilə fasiləsiz elektrik enerjisi ilə təmin olunur. Süni intellekt fənni müvafiq ixtisaslar üzrə tədris olunur, mühazirələr, seminarlar və elmi-praktik müzakirələr mütəmadi təşkil edilir. Tədris çərçivəsində süni intellektin fundamental anlayışları, tətbiq sahələri, etik və hüquqi aspektləri, tarixi inkişaf mərhələləri sistemli şəkildə təqdim olunur. Tədris prosesi tələbələrdə analitik düşünmə, problem həll etmə və praktik tətbiq bacarıqlarının formalaşdırılmasına yönəlib.
Yerli mütəxəssis çatışmazlığını aradan qaldırmaq məqsədilə xarici mütəxəssislərlə əməkdaşlıq edilir. Cari tədris ilində süni intellekt fənni dünyada tanınmış alim, professor Bassim Khan tərəfindən tələbələrə tədris olunub”.
Müsahibimiz qeyd edib ki, hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatında müstəqil süni intellekt ixtisası mövcud deyil. Bununla belə, bu sahə kompüter mühəndisliyi, kompüter elmləri və informasiya texnologiyaları ixtisasları çərçivəsində geniş şəkildə tədris olunur. Universitetin strateji inkişaf planına uyğun olaraq, gələcək mərhələlərdə süni intellekt üzrə müstəqil ixtisas və ya ixtisaslaşmaların, yaxud təhsil proqramlarının yaradılması nəzərdə tutulur.
“Süni intellekt fənləri Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbində həm bakalavriat, həm də magistratura səviyyələrində tədris olunur. Bakalavriat səviyyəsində tələbələr əsas anlayışlarla tanış olur, magistraturada isə tədris daha dərin və ixtisaslaşmış xarakter daşıyır. Xüsusilə kompüter mühəndisliyi və idarəetmədə informasiya sistemləri ixtisaslaşmaları üzrə ekspert sistemləri və süni intellekt fənni tədris olunur”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, "DeepTech Süni İntellekt Tədqiqat və Hesablama Laboratoriyası" tələbələrə süni intellekt texnologiyaları üzərində praktiki işləmək imkanı yaradır. Laboratoriyada tələbələr süni intellekt və maşın öyrənməsi modellərinin hazırlanması, məlumatların toplanması, təmizlənməsi və s. istiqamətlərdə layihələr icra edirlər. Tələbələrdən ibarət komanda tərəfindən universitetin xüsusi tələblərinə uyğunlaşdırılmış, yerli şəbəkədə işləyəcək bir süni intellekt platforması da hazırlanıb.
N.Quliyeva bildirib ki, universitet müəllim heyətinin süni intellekt sahəsində bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verir. Bu məqsədlə tematik mühazirələr, seminarlar, təlim proqramları və beynəlxalq mütəxəssislərin iştirakı ilə tədbirlər təşkil olunur. Bu proqramlar müəllimlərin müasir süni intellekt texnologiyaları, metodları və tədris yanaşmaları ilə tanış olmasına, eləcə də bu biliklərin tədris prosesinə inteqrasiyasına xidmət edir.