QƏSD
\1995-Cİ İL 13-17 MART\
1995-ci il mart hadisələri ilə əlaqədar 2002-ci il martın 18-də Azərbaycan televiziyası ilə efirə getmiş verilişin mətnini oxuculara təqdim edirik.
A P A R I C I: 1988-ci ildən başlayaraq respublikamıza qarşı aparılan elan olunmamış müharibə, erməni millətçilərinin torpaq iddiaları, erməni faşistlərinin vəhşilikləri uşaqdan tutmuş ahıllara qədər bütün Azərbaycan xalqını hiddətləndirmişdi. Azərbaycan təlatümlü bir dənizi xatırladırdı. Millət ayağa qalxmışdı.
Sovet imperiyasının dəstəyi və həyasızcasına himayəsi ilə ermənilərin bir-birinin ardınca kəndlərimizi, şəhərlərimizi viran qoyub, torpaqlarımızı işğal etdiyi, əliyalın soydaşlarımızı qırdığı bir vaxtda sərhəd bölgələrimizin təhlükəsizliyini qorumaq məqsədi ilə Daxili İşlər Nazirliyinin tabeliyində Xüsusi Təyinatlı Polis Dəstəsi yaradıldı. Bu dəstə ilk illərdə erməni azğınlığının qarşısında keçilməz səddə çevrildi. Xüsusi Təyinatlı Polis Dəstəsinin danılmaz şücaəti xalqımızın mübarizə döyüş ruhunun yüksəldilməsində də az rol oynamadı. Amma elə ki, bu dəstə Rövşən və Mahir Cavadov qardaşlarının əlinə keçdi, fəaliyyəti də dəyişdi, döyüşkən əsgər ruhu da.
R A M İ L U S U B O V \daxili işlər naziri\: Xüsusi Təyinatlı Polis Dəstəsi o zaman Daxili İşlər Nazirliyinin tərkibində xüsusi qurum kimi yaradıldı. Demək olar ki, 1989,1990, 1991-ci illərdə Xüsusi Təyinatlı Polis Dəstəsi Azərbaycanın Ermənistan tərəfdən təcavüzə məruz qaldığı bir vaxtda yerli əhaliyə çox yaxından kömək göstərdi. Eyni zamanda, Ermənistanın təcavüzünün qarşısının alınmasında Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşlarının həqiqətən də rolu oldu. Mən özüm o zaman - 1989-1991-ci illərdə Daxili İşlər Nazirliyinin Cinayət-axtarış idarəsinin rəisi işləyirdim. Xidmətimlə, hadisələrlə bağlı tez-tez Qarabağda, Dağlıq Qarabağda olurdum. Özüm şahid idim ki, Xüsusi Təyinatlı Polis Dəstəsi həqiqətən də lazımi anda yerli əhaliyə çox yaxından kömək edirdi və onların müdafiə olunmasını təmin edirdi. O vaxt Xüsusi Təyanatlı Polis Dəstəsinin komandiri Əbil Rzayev idi. Lakin Əbil Rzayevi Rövşən Cavadov əvəz etdi. O, komandir təyin olunandan 2-3 ay sonra vətən uğrunda öz borcunu yüksək səviyyədə yerinə yetirən Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşlarının əksəriyyəti oradan uzaqlaşdırıldı. Onların yerinə cinayət törətmiş, cinayətkarlığa meyilli olan adamlar götürüldü. Faktiki olaraq, Rövşən Cavadov orada komandir olanda bu qəstə cinayət törətmiş, cinayətə meyilli adamlardan ibarət bir quruma çevrilmişdi.
Mexanizm də belə idi və bu, məhz Cavadov qardaşları tərəfindən hazırlanırdı: Xüsusi Təyinatlı Polis Dəstəsinə götürülən adamlar konkret olaraq hər hansı bir cinayəti törədirdilər. Bundan sonra artıq o cinayətkar qrupdan uzaqlaşmaq imkanı olmurdu. Əgər belə bir təşəbbüsü göstərən olsa, onu törətdiyi cinayətə görə hədələyirdilər ki, sən mütləq məhkum edilə bilərsən. Xüsusi Təyinatlı Polis Dəstəsi 1992-ci ildə belə bir eybəcər cinayətkar qurum kimi formalaşmağa başladı.
A P A R I C I: Torpaqlarımızın müdafiəsi uğrunda döyüşməli olan xtpdçilər tamamilə başqa yol seçdilər. Hər gün, hər an ermənilərin vəhşiliyi ilə öldürülən, alçaldılan, təhqir olunan xalqı qorumaq, ona həyan olmaq əvəzinə, onun qəsdinə durmaqdan çəkinmədilər.
Z A K İ R Q A R A L O V \Baş Prokuror\: Müstəqillik əldə edəndən sonra Azərbaycan xalqı, onun dövlətçiliyi böyük müsibətlərlə üzləşdi. Tarixin ağır və sərt sınaqlarına çəkildi. Milli maraqlarımıza dönük çıxan Mütəllibov rejimi, səriştəsiz AXCP-Müsavat hakimiyyəti Azərbaycan dövlətçiliyini süquta sürükləyirdi. Ədalətsiz müharibəyə cəlb edilmiş ölkəmizdə ayrı-ayrı mafioz qüvvələrin neçə-neçə silahlı dəstələri saysız-hesabsız cinayətlər törədir, insanların namusuna, şərəfinə, mülkiyyətinə qəsd etməkdən çəkinmirdilər. Cinayətkarlıq tüğyan edirdi. Vətəndaşların ən adi hüquqları addımbaşı tapdalanırdı. Ölkəmizdə ictimai-siyasi proseslər, demək olar ki, tam nəzarətdən çıxmışdı. Bir sözlə, milli azadlıq dalğasında ictimai hərəkat və siyasi partiya kimi ortaya atılmış qüvvələrin Qarabağın erməni qəsbkarlarından azad edilməsi şüarı altında yaratdığı bu silahlı dəstələr milli maraqlara xidmət etməkdən çox uzaq idilər. Onların əksəriyyəti ölkəmizin müstəqilliyi ilə barışmayan bəzi dövlətlərin çirkin niyyətlərini həyata keçirən ayrı-ayrı şəxslərin əmrlərini icra edirdilər. “Qardaşlıq” cəmiyyətinin silahlı dəstəsi Ayaz Mütəllibova, 709 nömrəli hərbi hissənin qüvvələri Surət Hüseynova, 704 nömrəli hərbi hissə Əlikram Hümbətova, Xüsusi Təyinatlı Polis Dəstəsi Rövşən Cavadova, “Boz Qurdlar” İskəndər Həmidova xidmət edirdi. Bu şəxslər torpaqlarımızı, Azərbaycanın dövlət müstəqilliyini şəxsi ambisiyalarına qurban verirdilər. Cavadov qardaşlarının əlində bir alət olan xtpdçilər öz azğınlığı və qəddarlığı ilə daha təhlükəli idilər. Ölkədə özbaşınalıq, xaos baş alıb gedirdi. Həmin cinayətkar dəstələr ittiham olunub cəza almaq əvəzinə, az qala cəmiyyətdə “qəhrəmanlıq nümunəsi”nə çevrilmişdilər. Mənəvi-psixoloji mühit dərin böhran içərisində idi. Dövlət, millət faktiki olaraq parçalanmış, vətəndaş müharibəsi qaçılmaz olmuşdu.
A P A R I C I: Faktlar göstərir ki, dəlisov, qolugüclü, ağıldan zəifləri yığıb itaətkar, amansız bir dəstə yaratmaq, əslində, Cavadov qardaşlarının çoxdankı planı idi. Bu məqsədlərinə çatmaq ücün onlar respublikamızda idmanla məşul olan və yüksək nəticələr göstərən gənclərə həmişə “qarmaq” atıblar. Kiminin vətənpərvərliyindən, kiminin kimsəsizliyindən, bəzilərinin isə qatil, cani təbiətindən məharətlə istifadə edərək, öz dəstələrinə qoşublar.
D Ə Y A N Ə T K Ə R İ M O V \məhbus\: İdmana həvəsim olub, 1984-cü ildən həbsə alındığım 1994-cü ilə qədər boksla məşğul olmuşam. Mötəbər yarışlarda, keçmiş SSRİ birinciliklərində, beynəlxalq görüşlərdə iştirak etmişəm. Mükafata layiq yerlər tutmuşam, yarışların qalibi olmuşam. Dünya və Avropa birinciliklərində iştirak etmişəm. Orta məktəbi bitirdikdən sonra Bədən Tərbiyəsi İnstitutuna daxil olmuş, sonralar “Dinamo” cəmiyyətində məşq etməyə başlamışam. Hüquq-mühafizə orqanlarında işləməyə həvəsim olub. 1996-cı ildə könüllü olaraq Xüsusi Təyinatlı Polis Dəstəsinə gəldim. Ondan əvvəl isə Daxili İşlər Nazirliyinin mühafizə idarəsində işləyirdim. Xüsusi Təyinatlı Polis Dəstəsinə göndəriş aldım. İstəyirdim ki, torpaqlarımızın işgaldan azad olunmasında mən də bacardığımı, əlimdən gələni edim. Bu məqsədlə Xüsusi Təyinatlı Polis Dəstəsinə gəlişim 1993-cü ilin fevral ayına təsadüf edir.
A P A R I C I: Kərimov Dəyanət Kərim oğlu, 1969-cu ildə Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olmuşdur. Ali təhsillidir, ailəlidir, bir uşağı var. Boks üzrə idman ustasıdır. Əvvəllər üç dəfə məhkum edilmişdir.
D Ə Y A N Ə T K Ə R İ M O V: Valideynlərim tərəfindən mənə Dəyanət adı verilmişdir. Görünür kimlərsə bu addan bəhrələnmək, mənim xüsusiyyətlərimi duyub çirkin əməllərini həyata keçirmək istəyiblər. Sumqayıt şəhərində yaşayan, əvvəllər yaxın dost və yoldaş kimi tanıdığım Yusif Əliyev, Tahirov kimi, - o da nə vaxtsa boksla məşğul olub, - onlar məni məşq etdiyim idman zalında görüblər, mənim gücümə bələd olub, çıxışlarıma fikir verib mənimlə yaxınlıq ediblər. O, məndən 10-15 yaş böyükdür. Mən fiziki cəhətdən güclü idim, elə buna görə də məndən istifadə ediblər. Onlar yanılmamışdılar. Həmin adamlar mənə dedilər ki, Rövşən Cavadov adlı dostları var. Rövşən Cavadov da idmançı idi. Onunla bir neçə dəfə məşq zalında görüşmüşəm. Maraqlandım, soruşdum ki, bu kimdir, mənə dedilər ki, Rövşəndir, dostumuzdur. O, karate ilə məşğul olurdu. Bu döyüş növündə zərbə vurmaq bacarığını bizə də göstərirdi. Onların mənə böyük marağı vardı.
S O L T A N S Ə L İ M O V \məhbus\: Əliyusiflə 1980-ci illərdən yoldaşlıq etmişik. O da idmançı idi. Dəyanət Kərimovla birlikdə boksa gedirdilər. Mən həvəskar kimi gedirdim, amma Dəyanət yarışlarda, respublika birinciliklərində iştirak edirdi. Dayım oğlu da idmançıdır, amma o, bizdən yaşlıdır, indi 45 yaşı olar.
A P A R I C I: Səlimov Soltan Kərim oğlu, 1961-ci ildə Bakı şəhərində anadan olub, orta təhsillidir, subaydır. Məhkum olunana qədər Bakının Nizami rayonunda yaşamışdır.
S O L T A N S Ə L İ M O V: Dayım oğlu vardı, adı Əliyusif idi. Onunla biz alver də edirdik. Əsgərlikdən sonra Rusiyada qalıb alver edirdi. Cins şalvarlar gətirirdik, mən satırdım. Evlərdə də işləyirdim, bu yolla pul qazanırdım. Dayım oğlu Rövşən Cavadovla dost idi.
H Ə S Ə N M U S T A F A Y E V: (məhbus): O, məni XTPD-yə işə düzəltdi. Rövşənlə yaxın idilər. Fikrət mənə atam tərəfdən qohumdur. Atam Lahıcdandır, yetim böyüyüb.
A P A R I C I: Mustafayev Həsən Hüseyn oğlu, 1968-ci ildə Bakıda anadan olub, ailəlidir, iki uşağı var. Əvvəllər məhkum olunmayıb. Həbs olunana qədər Bakıxanov qəsəbəsində yaşamışdır.
H Ə S Ə N M U S T A F A Y E V: 1992-ci il idi, Rövşən XTPD-yə təzə rəis təyin olunmuşdu. Biz onun mühafizəsini təmin edirdik. Mühafizə işinə Fikrət nəzarət edirdi.
T A H İ R K A Z I M O V \Respublika Prokurorluğunun idarə rəisi\: Xüsusi Təyinatlı Polis Dəstəsi Rövşən və Mahir Cavadov qardaşlarının himayəsinə keçəndən sonra bu qurum sanki onların şəxsi təşkilatına çevrildi. Ondan sonra bu dəstənin üzvləri onların şəxsi sifarişlərinin icrasına çevrildilər. Həmin vaxtdan da Xüsusi Təyinatlı Polis Dəstəsi əməkdaşlarının cənayətləri, - bu xüsusilə 1991-1992-ci illərdən sonrakı dövrə təsadüf edir, - artır. Bu qardaşlar həmin dəstənin üzvləri içərisindən idmanla məşğul olmuş cüssəli, cəsarətli adamları, eyni zamanda kimsəsiz, ehtiyacı olan adamları tapıb seçirdilər. Yəni onlar bir tərəfdən fiziki cəhətdən güclü, sağlam adamları, digər tərəfdən isə maddi ehtiyac içərisində olanları seçirdilər. Dünyagörüşü, dərin zəkası, təcrübəsi olmayan gənclər Rövşən və Mahir Cavadovları özlərinin sevimlisi hesab edirdilər. Ona görə də onlar belə adamları seçir və cinayətkar məqsədləri üçün istifadə edirdilər. Təsadüfi deyil ki, o dövrdə, 1992-ci ildən sonra, dediyim kimi, fiziki cəhətdən sağlam, ehtiyacı olan, kimsəsiz adamların vasitəsilə bu cinayətləri törədirdilər. Təbiidir ki, onların özləri də bu çinayətlərin iştirakçılarına, təşkilatçısına çevrilmişdilər.
A P A R I C I: Beləliklə, xalqı qorumalı, onu erməni zülmündən xilas etməli olan xtpdçilər arasında özümüzə qənim kəsilən, bizi ölüm kabusu ilə hədələyən qansız bir killer qrupu yaradılmışdı. Onun formalaşmasında, qətllər seriyasının təşkilində Cavadovların yaxın dostu Əliyusif Tahirov xüsusi rol oynamışdır. Bu ada diqqət yetirin, çünki Əliyusif onun tək adı deyil. Kimi onu Fikrət, kimi “Cin”, bəziləri “Lenin” ləqəbi ilə çağırmışlar. Onun əsl adını hətta cani dostları da bilmirdi. Bütün qətllərin, ölüm ssenarilərinin baş icraçısı Əliyusif Tahirov idi.
J U R N A L İ S T: Sizin haqqınızda nə vaxt cinayət işi qaldırıldı, barənizdə axtarış elan olundu?
Ə L İ Y U S İ F T A H İ R O V: Cinayət işi mən, elə bilirəm ki, elə həmin gündən qaldırılmışdı.
J U R N A L İ S T: Elə o vaxtdan da axtarış elan olundu?
Ə L İ Y U S İ F T A H İ R O V: Bəli. Mən həmin andan qaçdım.
J U R N A L İ S T: Rusiyaya qaçdın?
Ə L İ Y U S İ F T A H İ R O V: Yox, Rusiyaya qaçmadım. Yoldaşım vardı, uşaq olmuşdu. Yoldaşım kasıb ailədən idi. Atıb haraya gedə bilərdim? Tək qaldım, darıxdım, XTPD-yə yaxın yerdə kirayə ev tutdum.
J U R N A L İ S T: Bu qədər qanlar tökülüb, qətllər olub, bu qədər günahsız insanların həyatına son qoyulub. Özü də bu hadisələrin çoxu sənin iştirakın, təşkilatçılığın, rəhbərliyinlə olub. Bax, indi sənə nə ad
verək? Özün-özünə nə ad verirsən? Sənə cani deyək, qatil deyək, nə deyək?
Ə L İ Y U S İ F T A H İ R O V: Bilirsiniz, mən bu haqda fikirləşmişəm. Oturub burada söhbət edirik. Birinin yanında başqa birisini öldürün, bunu görənin özü də nə vaxtsa belə bir şey edə bilər. Mən oturub, papağımı qarşıma qoyub fikirləşdim, gördüm ki, səhv yolla gedirəm. Bulirsiz, qatil olmaq çox çətin bir iş deyil.
J U R N A L İ S T: Sən özün görürdünmü ki, tutduğun bu yol nə dərəcədə nahaq yoldur. Sən özün dəfələrlə etiraf etdin ki, mənə dedilər filankəsi öldürmək lazımdır. Sən bilirsən ki, o adamın günahı yoxdur. Yəni günahsız adamı öldürmək nə qədər böyük cinayətdir. Ürəyi nə qədər daş olsa da, insan bir ağrı hiss etməlidir ki, mənimlə heç bir münasibəti olmayan günahsız insanı nə üçün öldürüm,
Ə L İ Y U S İ F T A H İ R O V: Elədir, ancaq bir məsələdə sizinlə razılaşmıram, mən həmişə soruşmuşam bunu nə üçün etməliyəm? Bunun səbəbi nədir? Bunu nə üçün etməliyik? Rövşən və Mahir Cavadovlardan soruşardım. Müharibədə bizim uşaqlar sərçə kimi qırılırdı. Biz də guya can yandırırdıq ki, onlara silah alaq, vuruşaq. Əksinə, başladıq şəhərdə camaatı qırmağa. Neçə ailəyə kədər gətirdik. Afiyyəddini vurduq, onun üzünü gördüm...
J U R N A L İ S T: Döyüşlərdə olurduz?
Ə L İ Y U S İ F T A H İ R O V: Yalandan... Gedib bir təpədə danadan-zaddan tapıb kəsib, yeyib-içirdik. Ancaq deyirlər ki, belə əməllər o biri kamandirin vaxtında da olub. Mən o vaxt olmamışam. Ya da olubsa, mən görməmişəm.
A P A R I C I: Əliyusif Tahirov, Həsən Mustafayev və Aydın Cəfərov 1991-ci il sentyabrın 28-də Bakıda konservatoriyanın yaxınlığında, günün günorta çağında Tahir Şirinovu aldadaraq, onun “Volqa” avtomobilinə əyləşmiş, sonra silah gücünə onu qarət edib, xeyli işgəncə verərək maşını əlindən alıb buraxmışlar. Bu, yeganə hadisədir ki, qatillər soyduqları adamı öldürməyiblər. Qalan bütün hallarda onlar adamların qanına susamışlar. Heç bir səbəbsiz, filansız kimdən pul qopartmaq istəyiblər, kiminin bir ədası xoşlarına gəlməyib, öldürüblər. Çoxlarını isə tanımaza-bilməzə, sadə bir sifarişi yerinə yetirməklə güllələyiblər. Nə millət anlayıblar, nə dost biliblər, nə də qohum.
Əliyusif Tahirov Dövlət Ekologiya Komitəsinin işçisi Əbdüləzəl Rəzzaqovu xeyli vaxt idi ki, “qaralamışdı”. Onun hər addımını izləyir, gündəlik iş rejimini dönə-dönə yoxlayırdı. Əliyusif artıq Əbdüləzəl Rəzzaqovun ölümünə fərman verildiyini dedi və onun icrasını yerinə yetirmək üçün quldur dostları Dəyanət Kərimov və Həsən Mustafayevi ciddi təlimatlandırdı. 1992-ci ilin 26 aprel axşamı Rəzzaqov 11 yaşlı oğlu Anarla evə qayıdarkən quldurlar artıq onun hər addımını izləyirdilər. Ata-bala Yasamal rayonunun Şərifzadə küçəsindəki maşın dayanacağında avtomobili saxlayıb Hüseynov küçəsində yerləşən 51 nömrəli binanın yanına çatanda artıq quldurların hədəfində idilər. Avtomat və tapança ilə silahlanmış quldurlar gecə vaxtı quleybanı kimi birdən peyda oldular.
H Ə S Ə N M U S T A F A Y E V (məhbus): Onların evinin yanında olmuşduq.
J U R N A L İ S T: Evi güdürdünüz?
H Ə S Ə N M U S T A F A Y E V: Bəli.
J U R N A L İ S T: Neçə gün əvvəl güdməyə başlamışdınız? Çoxmu güddünüz?
H Ə S Ə N M U S T A F A Y E V: Dəqiq yadımda deyil, zənnimcə, iki dəfə oraya gəldik. Fikrət güdmüşdü, yerini bilirdi. Həmin gün biz Dəyanətlə bir kənarda dayanmışdıq. O tanıyırdı, biz tanımırdıq. Rəzzaqov pilləkandan düşdü, o da dalınca qaçdı. Bizə demişdi ki, elə ki, gördünüz mən getdim, dalımca gələrsiniz. Dəyanətlə biz yaxınlaşanda əlində silah Rəzzaqovu evlərinin tinində saxlamışdı. Onu qırağa çəkdi və mənə əmr etdi ki, uşağı yola salım, Rəzzaqov uşaqla birlikdə idi. Mən uşağı bloka ötürəndə o, artıq Rəzzaqovu evin tininə çəkmiş, silahla qətlə yetirmişdi.
J U R N A L İ S T: Avtomatla? Bilmədin neçə güllə vurdu?
H Ə S Ə N M U S T A F A Y E V: Vallah, indi mənim yadımda deyil.
A N A R (Rəzzaqovun oğlu): Biz oradan düşəndə biri bizi qabaqladı. Eyvansız evin harada olduğunu soruşdu. Atam dedi ki, bilmirəm. Atamı bir kənara çəkdi, çibindən nə isə çıxardı, yadımda deyil, bıçaq idi, yoxsa tapança. Biri də o tərəfdən gəldi, məni tutdu, bir kənara çəkdi. Sonra ikincisi gəldi. Onda avtomat silah var idi.
J U R N A L İ S T: Əlində avtomat olduğunu sən gördün?
A N A R: Bəli, gördüm. Atam dedi ki, uşağı burax, lazım deyil. Məni buraxdı, qaçdım evə.
Evə çatırdım, güllə səsi eşitdim. Evə girdim ki, anama deyim, polisə zəng etsin.
J U R N A L İ S T: Onda neçə yaşın vardı?
A N A R: 11 yaşım vardı.
J U R N A L İ S T: Sənin yanında söhbət oldumu, atanın qarşısını nəyə görə kəsiblər?
A N A R: Yox. Ola bilər, mən evə gedəndən sonra nə isə söhbət olub. Mənim yanımda söhbət olmadı.
R Ə Z Z A Q O V U N Q O N Ş U S U (qadın): Biz hamımız buraya gəldik, polis işçiləri də burada idilər. Qapılar deşik-deşik olmuşdu. Qapını açdıq, girdilər içəri, polis işçiləri dedilər ki, gərək güllələr tapılsın. Axtarıb rəfdəki kitabların arasından güllələri tapdılar.
J U R N A L İ S T: Kitabların icindən tapdılar? O vaxt qapı taxtadan idi? İndi isə dəmirdəndir.
R Ə Z Z A Q O V U N Q O N Ş U S U: Hə, kitabların içərisindən tapdılar. Köhnə taxta qapı idi. Qan buradan oraya qədər yayılmışdı. İnanırsız?
J U R N A L İ S T: Neçə güllə tapdılar?
R Ə Z Z A Q O V U N Q O N Ş U S U: Kitabların içərisindən üç güllə tapdılar. Amma qapıda 6-7 yerdən deşik vardı. Mən bilmirəm, deyirlər ki, səssiz güllələr də var. İndi ola bilməzdi ki, yenə də qonşu bunu eşitməsin. Lampaları da sındırmışdılar. Bu dəmir barmaqlıq da yox idi. Bura qaranlıq yer idi. Yazıq oradan gələndə buraya salıblar.
D Ə Y A N Ə T K Ə R İ M O V: Səhv etmirəmsə, 1992-ci ildə Əliyusif tərəfindən hazırlanmış insan qətlinin şahidi olmuşam. Bu mənim gözümün qarşısında, 2 metrlik məsafədə olmuşdu. Mən əvvəlcə onun məqsədini, o adamı güllələmək istədiyini bilmirdim. Mənə heç nə demirdi.
JURNALİST: Bəs soruşmadın ki, nə üçün onu öldürdün?
DƏYANƏT KƏRİMOV: Bu, bir an içində oldu.
JURNALİST: Bəs sonra necə, soruşmadın?
DƏYANƏT KƏRİMOV: Xeyr, soruşa da bilməzdim. Çünki şübhələnə bilərdi.
ƏLİYUSİF TAHİROV: Rəzzaqovun oğlu balaca uşaq idi, bu, mənə təsir etdi. Onda çox həyacanlı idim. Bu, Rövşən Cavadov tərəfindən sifarişli qətl idi.
O vaxta qədər mən avtomat silahdan istifadə etməmişdim, atmamışdım. Tüfəngdən atmışdım. Tətiyi çəkmişdim, amma onu buraxmağı unutmuşdum. Ani olaraq nə edəcəyimi bilmirdim. Sonra sanki ayıldım, tətiyi buraxdım.
APARICI: 1992-ci il oktyabrın 5-də Əliyusif Tahirov, Dəyanət Kərimov və Aydın Cəfərov Sumqayıt şəhər sakini Tariyel Əliyevi köhnə üsulları ilə aldadaraq, bazarın yanında onun avtomobilinə əyləşiblər. Qan gözünü örtmüş qatillər Tariyel Əliyevi qarət edərək maşınını əlindən aldıqdan sonra da əl çəkməmiş, onu zorla Corat qəsəbəsi qəbirstanlığının yaxınlığına aparmışlar. Gecə qaranlığında “Beretta” markalı tapançadan açılan atəş qəbirstanlıqda uyuyan ruhları “diksindirmişdir”.
DƏYANƏT KƏRİMOV: Tanış olduğum Əliyusif belə bir məlumat yaydı ki, erməni millətindən olan bir adam adını, familiyasını dəyişib Sumqayıt şəhərində yaşayır. O, həmin adamın evinin yerini mənə göstərdi, maşınının nömrəsini verərək dedi ki, izlə gör, bu, nə işlə məşğul olur. Mən Tariyeli bir neçə dəfə Corat qəsəbəsində Məryəm adlı uşaq həkimi olan qadınla görmüşəm, onun evinə gəlib gedir. Məryəmdən soruşdum, dedi ki, bəli, Tarıyelin anası Şuşa ermənisidir, yoldaşı da ermənidir. Mən onlara himayədarlıq edirəm. O vaxt Xalq Cəbhəsi hakimiyyətdə idi, Məryəm Surət Hüseynovun batolyonunda, 709 nömrəli hərbi hissədə həkim işləyirdi. Məryəm tez-tez cəbhə bölgələrinə gedib gəlirdi və Tariyelə çox kömək edirdi ki, ona toxunan olmasın.
Fikrət adında oğlan var idi, o da Tariyeli tanıyırdı. Fikrət Tarıyellə Xırdalanda bir yerdə işləyibdir. Onda dəqiq məlumat var idi. Hadisə Coratdakı qəbrstanlıq istiqamətində olubdur. Onlar müəyyən təsəvvürlər yaratmaq üçün mənimlə söhbət etdilər, pul təklif etdilər.
JURNALİST: Söhbəti kim edirdi?
DƏYANƏT KƏRİMOV: Fikrət edirdi. Mən yollara çox bələd deyildim. Məni yolun kənarında maşının yanında qoymuşdular.
JURNALİST: Bəs söhbət əsasında görmədiniz ki, bu, erməni deyil, azərbaycanlıdır?
DƏYANƏT KƏRİMOV: Onu maşınla aparanda danışmasın deyə, gözlərini bağlamışdılar və başı aşağı idi. Sonra üstünə silah çəkdilər ki, qorxusundan danışmasın. Coratdakı bağlara gətirdilər. Hava qaralmışdı, saat təxminən 9.00 olardı, atəş səsi eşitdim. Onu Əliyusif vurdu. Yolun qırağında xəndək var idi, onu ora atıb üstünü örtdülər.
APARICI: Törətdikləri qanlı cinayətlərin müqabilində cazasız qalan quldurlar günbəgün azğınlaşırdı. Cavadov qardaşlarının himayəsinə arxayın olan banda artıq heç kimlə hesablaşmır, respublikada çaxnaşma salır, hamı ilə açıq-aydın hədə qorxu dili ilə danışırdılar.
1992-ci ilin sonlarında Rövşən Cavadovun Daxili İşlər Nazirliyinə hücum etməsi, tapança ilə Nizami Musayevi vurması, İsgəndər Həmidovun kabinetini dağıtması o vaxtlar bütün respublikaya bəlli idi. O vaxt Daxili İşlər Nazirliyində çoxları qaçıb gizlənsə də, Cavadovlara öz həddini bilməyi tövsiyə edənlər də tapıldı. Daxili İşlər Nazirliyinin Banditizm və terrorizmlə mübarizə idarəsinin rəis müavini Ələkbər Əsgərov Cavadovların hərəkətini qudurğanlıq adlandırdı və onların cavab verməli olacaqlarını söylədi. Elə o gündən quldurlar Ələkbər Əsgərovun ölümünə qərar verdilər.
TAHİR KAZIMOV: Rövşən Cavadov Xalq Cəbhəsi-Müsavat hakimiyyəti dövründə daxili işlər naziri işləyən İsgəndər Həmidovu kabinetində təhqir etmiş və otaqdakı “Boz Qurd” müqəvvasını güllələmişdi. Biz istintaqda bu məsələləri aydınlaşdırdıq. Müəyyən olundu ki, dekabrın 22-də doğrudan da Mahir və Rövşən Cavadov qardaşları Daxili İşlər Nazirliyinə gəlmişlər. Səbəb də bu olmuşdur ki, Ramiz Cəlilov adlı bir nəfəri (indi o, həbsdədir) İsgəndər Həmidova yaxın olan və Banditizm və terrorizmlə mübarizə idarəsi rəisinin müavini işləyən Ələkbər Əsgərov dekabrın 17-də İsgəndər Həmidovun göstərişi ilə tutub idarəyə gətirmiş və orada dörd gün saxlamışdır. Bundan hiddətlənən Rövşən və Mahir Cavadov qardaşları deyiblər ki, sizin nə ixtiyarınız var bizim adamımızı tutub gətirmisiniz. Cavadov qardaşları Ramiz Cəlilovu götürüb daxili işlər nazirinin yanına gəlmişlər. Nazirin qəbul otağında Rövşən Cavadov Bandetizm və terrorizmlə mübarizə idarəsinin rəisi Nizami Musayevi güllə ilə çiynindən yaralamış, kollegiya üzvlərinin yanında nazir İsgəndər Həmidovu söyüb təhqir etmiş və bildirmişlər ki, onların qabağına heç kim çıxa bilməz. Respublikada ictimai asayişin, dövlətçiliyin qorunmasının təminatçılarından biri də onlar olmalıdırlar. Cavadov qardaşlarının yanında heç nazir də söz deyə bilməzdi.
Orada Rövşən Cavadovun qarşısında söz deyən yeganə adam Ələkbər Əsgərov olubdur. Ona görə də qardaşlar belə qərar veriblər ki, Ələkbər Əsgərov öldürülməlidir. Bu hadisə dekabrın 22-də baş veribdir.
ƏLİYUSİF TAHİROV: Uşaqlardan kimsə gəldi ki, Rövşən səni təcili çağırır. Mehman yadımdadır, o, dostumuz idi, mədəni oğlan idi. Mən oraya getmişdim ki, onlara kömək edim. Yəni İsgəndər Rövşənin üstünə adam göndərəcək, atışma olacaq, mən də orada onlara kömək edəcəyəm. Getdim, gördüm ki, hələ danışırlar, mənə fikir verən yoxdur.
Məndə avtomat var idi, Rövşən özü vermişdi. Gəlib evdən silahı götürüb qayıtdım. Gördüm Rövşən öz-özünə danışır ki, burada bir Ələkbər var, qoçuluq edir, İsgəndər ona güvənir. Onu aradan götürmək lazımdır. Mən dedim ki, bəlkə onu tutub gətirək, heç öldürmək lazım deyil. Aramızda belə söhbət oldu. Ümumiyyətlə, çalışmışam yalan danışmayım. Həqiqət olsun. Düzdür, bu, balaca bir şeydir, mən bu qədər iş görmüşəm. Mən bu sözü işlətdim. Ona dedim ki, yaxşı, əgər belədirsə, bizə istiqamət ver. Biz onu haradan tapaq. Bir-iki gün gedib Banditizm və terrorizmlə mübarizə idarəsinin qarşısına baxdım. Onun maşınını tanımırdım. Ora elə yerdir ki, gərək içəri girəsən. Dedi, iki gündən sonra Nazirliyə gələrsən, mən İsgəndərin yanına gedəcəyəm, orada sənə göstərərəm. Mən getdim, o, mənə göstərdi. Ələkbər ağ plaşda idi. Hər şey aydın oldu. Sonra yanına gedib dedim ki, tanıdım, amma bir istiqamət ver, biz onu haradan tapaq? Çünki kömək olmasa, mümkün olan şey deyil. Biz onu yolun içində vura bilmərik. Bu, ehtiyatsızlıq olar. Mən heç vaxt ehtiyatsız iş görməmişəm. Fikirləşdim ki, padyezdə tutmaq olar. Amma baxacağıq, bu gün olmaz, sabah olar.
Ona yenə dedim ki, tutum gətirim, bir-iki sillə vur, təhqir et, ona gücünü göstər. Sonra da burax çıxıb getsin. Onsuz da qorxusundan heç kəsə deməz. Başa düşər ki, sənə artıq söz demək olmaz. Onunla belə bir məsləhət etdik. Dedi ki, yox, vurulmalıdır.
APARICI: 1993-cü il yeni gəlmişdi. Yeni il şənlikləri hələ davam edirdi. Ələkbər Əsgərov da gecə evinə bayram süfrəsinə tələsirdi. Bilmirdi ki, yaşadığı 8-ci mikrorayondakı 32 nömrəli binanın ətrafı banditlərlə doludur. Əliyusif Tahirov, Dəyanət Kərimov, Həsən Mustafayev, Aydın Cəfərov, Soltan Səlimov və Yaşar Məmmədov cəllad kimi onun yolunu gözləyirlər.
Ələkbər Əsgərov evə girmək istəyəndə banda üzvləri onu silah gücünə qonşuluqdakı 135 nömrəli məktəbin həyətinə apardılar. Az keçmədi abtomatdan atılan atəş gecənin sükutunu pozdu. O günlər belə səslərə alışan şəhər sakinləri bu atəşə o qədər də əhəmiyyət vermədilər.
SOLTAN SƏLİMOV: Onu bağlı-bağatlı yer var idi, ora apardıq. Dedilər, sən gözlə. Mən bir az gözlədim. Bunların hara getdiyini görmədim. Bir neçə saat keçdikdən sonra gəldilər ki, gəlin çıxaq gedək və biz getdik. Ondan bir neçə gün keçdi yenə də dedilər, gedirik. Əliyusifin qara rəngli “Volqa” maşını var idi, mən sürürdüm. Həmin əraziyə getdik. Yeddinci mikrorayonla səkkizinci mikrorayonu ayıran yolu keçəndə hava qaranlıq idi, saat 10.00 olardı. Özü də yanvar ayı idi. Əliyusif, Həsən və Aydın qabaqda gedirdilər, Dəyanətlə mən arxada gəlirdik. Gördüm, onlar hərbi formada bir-iki nəfərlə görüşdülər. Biz onlara çatdıq, amma Fikrət mənə dedi ki, sən get maşında otur. Maşında oturdum, maqnitofona qulaq asdım, yuxuya daldım.
Dəqiq yadımda deyil, nə qədər keçdi, ayıldım gördüm, pəncərəni döyürlər ki, bəs gedək. Həsən, Əliyusif, Dəyanət və Aydın gəlib oturdular. Aydın dayım oğlunun xalası oğludur. Evə gəldik. Evə baxanda tapança çıxardılar. Sonra mənə dedi ki, sən Həsənlə çıx evə get. Mənə bir az da milli pul verdi. Həsən Razinə, mən də Yasamala, evimizə gəldim.
JURNALİST: Bilmədin ki, bunlar adam öldürüb? Bu tapança haradan alınıb. Çünki bu tapança hər yerdə tapılan silah deyil.
SOLTAN SƏLİMOV: Bilirsiniz, onun xasiyəti tünd idi, sorğu-sual xoşlamırdı. Soruşsaydım da deməzdi.
HƏSƏN MUSTAFAYEV: Ələkbərin qətlində iştirak etdim. Onu qətlə yetirəndən sonra Fikrət söz çıxardı ki, o adamı vurmamışıq. Əsas erməni qalıb, guya bu da Ələkbərdir. Gərək bu işi axıra qədər görək. Ələkbəri öldürəndə Soltan maşında qalmışdı. Fikrət, Dəyanət, mən və Aydın orada idik. Elçin Əmiraslanovun xəbəri olubdur.
JURNALİST: Yaxşı, bəs Ələkbəri kim vurdu?
HƏSƏN MUSTAFAYEV: Ələkbəri Fikrət vurdu. Biz o insanlara dərindən inanmışdıq. Biz bu işləri görəndə elə bilirdik, haqq yolundayıq.
JURNALİST: Bəs indi nə düşünürsən? Hadisə olub, bu qədər insan ölüb, nahaq yerə bu qədər qanlar tökülüb. İndi haqqı nahaqdan seçib bir nəticəyə gələ bilmisənmi?
HƏSƏN MUSTAFAYEV: Nəticəyə gəlmişəm, amma o insanları həyata qaytarmaq...
JURNALİST: Nə nəticəyə gəlmisən?
HƏSƏN MUSTAFAYEV: Nəticə odur ki, biz kiminsə əlində oyuncaq olmuşuq. Yəni Fikrətin əlində oyuncaq olmuşuq. O, Rövşən Cavadovun mühafizəsinə rəhbərlik edirdi.
ƏLİYUSİF TAHİROV: Getdik, mən Dəyanətlə bloka çıxdım, onu tutduq. Silah Dəyanətdə idi. O əl-qol atdı. Dedim, Ələkbər şuluqluq etmə, sakit ol. Qışqırsa eşidərdilər. Onu stadiona apardıq. Dəyanət vurdu, amma bir az çox güllə atdı. Səhəri gün qar yağdı. “UAZ” markalı maşına minib gəldik. Hava yaxşı idi, bizi orada qorxudan bir hal olmadı.
APARICI: Ələkbər Əsgərovun ölümü respublikada xeyli narahatlıq, həyacan yaratdı. Əslində bu qətlin kimlər tərəfindən planlaşdırıldığını çox gözəl bilən o vaxtkı hüquq-mühafizə orqanlarının rəhbərləri səslərini içəri çəkib susdular, xalqın gözünə kül üfürmək üçün elan verdilər ki, kim qatillərin nişanələrini verə bilsə, iri məbləğdə mükafat alacaq. Amma onlar demək olar ki, qatillərlə hər gün görüşürdülər.
Yanvarın 9-da Ələkbər Əsgərovun birinci cümə axşamı idi. Həmin gün Ələkbərin qatili Əliyusif Tahirov özünə toy edirdi. Daxili İşlər Nazirliyinin bir çox rəhbərləri mərhum silahdaşlarının cümə axşamından çıxıb, onun qatilinin toyuna gəldilər. Bayaqdan guya təsirlənən, kədərlənən üzdəniraq dostlar qatilin toyunda əl götürüb süzdülər.
RAMİL USUBOV: O zaman Azərbaycan tarixində bəlkə də hələ indiyə qədər görünməmiş bir hadisə baş vermişdi. Dekabr ayında Xüsusi Təyinatlı Polis Dəstəsinin bir qrup əməkdaşı Rövşən Cavadov başda olmaqla Daxili İşlər Nazirliyinə hücum etmişdi. O zaman daxili işlər naziri İsgəndər Həmidov idi. Onlar Nazirliyi mühasirəyə alandan sonra içəri daxil olmuş, nazirin qəbul otağında atəşlər açmış, orada oturan əməkdaşı yaralamışdılar. Bundan sonra İsgəndər Həmidovu faktiki olaraq əsir vəziyyətinə salmışdılar. Rövşən Cavadov başda olmaqla onlar öz mövqelərini daxili işlər nazirinə diqtə etmişlər.
Gözləmək olardı ki, Daxili İşlər Nazirliyinin bir qurumunun öz nazirinə hücumu o zamankı hakimiyyət tərəfindən araşdırılacaq, onların bu hərəkətlərinə siyasi və hüquqi qiymət veriləcəkdir. Lakin bilirsiniz ki, o zaman Azərbaycan Xalq Cəbhəsi-Müsavat hakimiyyəti bu böyük, ağır bir çinayətə qiymət vermədi. Yəni bu hadisəyə nə hüquqi, nə də siyasi qiymət verildi.
Lakin bu ağır cinayəti törətmiş, onun başında dayanan Rövşən Cavadov aradan üç ay keçəndən sonra Azərbaycan Respublikasının o vaxtkı Prezidenti tərəfindən daha böyük vəzifəyə, nazir müavini vəzifəsinə təyin edildi. Belə təyinat şübhəsiz ki, Rövşən Cavadov və onun ətrafında olan adamları gələcəkdə daha ağır cinayətlərə şirnikləndirdi.
Mən hesab edirəm ki, əgər o zaman Azərbaycan hakimiyyətinin başında duran adamlar bu məsələyə hüquqi, siyasi qiymət versəydilər, Rövşən Cavadovun hərəkətlərini pisləsəydilər və bu hərəkətlərə görə cəzalandırılsaydılar, şübhəsiz ki, gələcək bu cür hadisələrin qarşısı bəlkə də alınardı.
APARICI: XTPD-nin özbaşınalığı az qala adi normaya çevrilmişdi. Onlar qarşısı alınmaz qanlı bir qüvvə kimi hamını hədələyirdi. O vaxtkı əksər güc mərkəzləri bu quldur dəstənin nazı ilə oynamaqdan, onunla hesablaşmaqdan başqa çarələri qalmamış kimi bütün baş verənlərə çox biganə idilər. Bu da dövləti daxildən didir və parçalayırdı.
Cəzasızlığını görüb daha da vəhşiləşən quldur dəstəsi artıq siyasi terrordan, dövləti cinayətdən də çəkinmirdi. Bu isə təkcə ayrı-ayrı şəxslərin deyil, müstəqil dövlətimizin yeni faciələrlə üzləşməsi demək idi. Son vaxtlar ayrı-ayrı mətbuat orqanları bu məlum cinayətlərin məhkəmə açıqlamalarından hazırladığı yazılarda qatillərin söylədiyi belə bir bəhanəni tez-tez önə çəkirlər ki, guya öldürülənlərin əksəriyyəti erməni kökünə, milli dönüklüyünə görə qətlə yetirilibdir. Bu, əsassız bəhanədir. Çünki diqqət yetirdinizsə, Ələkbər Əsgərovu aradan götürməyi quldur dostlarına möhkəm tapşıran Əliyusif Tahirov bu sifarişi belə əsaslandırmışdır ki, keçən dəfə səhv etmişik, Rəzzaqovu nahaq öldürdük. O, erməni deyilmiş. Erməni qarışığı olan və Şuşanı satan Ələkbər Əsgərovdur. Elə buradan aydın olur ki, qatillər nahaq qan tökdüklərini bilirdilər. Sadəcə olaraq, o qədər cinayətlər törətmişdilər ki, geriyə yol görmürdülər. Bu gün isə yalançı vətənpərvərliklə məhkəmənin humanizminə sığınmaq istəyirlər.
Cavadov qardaşları artıq siyasi hakimiyyətə iddialı idilər. Ancaq siyasi məfkurədən və xalqın dəstəyindən çox uzaq olduqlarını yaxşı bildiklərindən bu istəklərini yalnız hərbi yolla reallaşdırmağı qərara almışdılar. Bu yolda onlara mane olanların hamısını acı bir aqibət gözləyirdi.
Bakı Ali Hərbi Dənizçilik Məktəbini özünün ehtiyat dayaq məntəqələrindən birinə çevirmək xtpd-çilərə nəsib olmadı. Çünki məktəbin rəisi müstəqil Azərbaycanın ilk kontr-admiralı Eduard Hüseynov peşəkər hərbçi, alovlu vətənpərvər idi.
O, Cavadov qardaşlarının xırda, cılız istəklərindən həmişə yüksəkdə dururdu, belə sərsəm iddiaları zabit qətiyyəti ilə rədd edirdi.
Kontr-admiralın inadkarlığını görən qatillər hiyləyə əl atdılar. Tələb etdilər ki, Ali Dənizçilik Məktəbinin ərazisində Laçın qaçqınları yerləşdirilsin. Əlbəttə, qaçqınlar bəhanə idi. Qaçqın adı ilə orada omonçuların təxribat qrupu yerləşdirilməli idi. Bunu yaxşı bilən Eduard Hüseynov bu təklifi də rədd etdi və bildirdi ki, hərbi obyektdə mülki şəxslərin daimi yaşayış üçün yerləşdirilməsi mümkün deyil.
Belə olan halda qatillər kontr-admiralı öldürməyi qərara aldılar. 1993-cü il aprelin 26-da, saat 19 radələrində bandit dəstəsinin üzvləri Əliyusif Tahirov, Dəyanət Kərimov, Soltan Səlimov və Həsən Mustafayev Naximov küçəsində adam ovuna çıxmışdılar.
Kontr-admiral Hüseynovun mənzili rəisi olduğu Bakı Ali Dənizçilik Məktəbi ilə üzbəüz idi. O, gedib-gələndə bircə bu küçəni keçməli olurdu. Amma həmin günü küçəni keçsə də evinə gəlib çata bilmədi.
SOLTAN SƏLİMOV : Yenə də həminki kimi məni apardılar o əraziyə - 09 markalı maşınla. Maşını yenə mən sürürdüm. Maşını bir həyətdə saxladım. Axşamüstü idi, hardasa saat 18-19 radələri olardı. Mənə dedilər burada gözlə. Heç bir saat çəkmədi. Dəyanət, Fikrət, Həsən və mən birlikdə idik. Gəldilər, oturdular, dedilər sür gedək. Mənə dedi ki, tez sür. Dedim, axı svetofor var, necə tez sürüm? Yolda hirsləndi, dedi ki, düş, özüm sürəcəm. Düşdü, özü oturdu sükanın arxasında, gəldik şəhərə.
JURNALİST : Bilmədin onlar nə iş gördülər?
SOLTAN SƏLİMOV : Yox , bilmədim. Sonradan Həsən mənə söhbət etdi, dedi ki, bəs belə-belə iş oldu. O da qorxa-qorxa danışırdı. Fikrət hamısına tapşırmışdı ki, Soltana deməyin. Fikrətin qorxusundan mənə heç nə demək istəmirdilər. Həsən dedi ki, bəs blokda ikinci mərtəbədə vurduq onu.
JURNALİST: Hadisədən neçə gün sonra dedi bunu sənə?
SOLTAN SƏLİMOV: Üç-dörd gün keçmişdi.
HƏSƏN MUSTAFAYEV: Dənizçilik məktəbinin buraxılış məntəqəsindən çıxdı. Evinə getdi.
JURNALİST: Onu kim vurdu?
HƏSƏN MUSTAFAYEV: Fikrət.
JURNALİST: Ora kiminlə getdiniz? Adlarını say.
HƏSƏN MUSTAFAYEV: Fikrət, Dəyanət, mən, Soltan, bir də rus Yaşka.
JURNALİST: Hamınız bilirdiniz nəyə gedirsiniz?
HƏSƏN MUSTAFAYEV: Bəli, bilirdik.
JURNALİST: Nəyə gedirdiniz?
HƏSƏN MUSTAFAYEV: Onu da bizə belə başa salmışdılar ki, Eduard Hüseynov rusların agentidir, bizə maneçilik törədir, ruslara informasiya verir, ona görə o ölməlidir.
JURNALİST: Bəs Soltan deyir ki, mən bilmirdim bunlar adam öldürməyə gedir, mən adicə sürücü rolu oynayırdım. Ağıl kəsəndirmi ki, bir maşında gedəsiniz, Soltan bu işdən xəbərsiz olsun?
HƏSƏN MUSTAFAYEV: Soltan da bilirdi. Mən Əliyusifi Fikrət kimi tanımışam. Əliyusif bildirdi ki, həmin adam təhlükəli bir insandır. Millət qarışıqlığı da var.
JURNALİST: Onu kim vurdu?
HƏSƏN MUSTAFAYEV: Onu mən Fikrətlə.
JURNALİST: Bütün ölümlərin səbəbləri, sifarişi hardasa müəyyən mənada tam aydınlaşmalıdır. Kontr-admiral Eduard Hüseynovun ölümünə səbəb nədir? Bunu kim, nəyə görə sifariş edib ki, Azərbaycanın ilk kontr-admiralı öldürülməlidir? İstintaqın gedişini oxudum, ölümün səbəbləri məlum deyil.
ƏLİYUSİF TAHİROV: Getmişdim yanına, gördüm dilxordur. Dedi ki, Fikrət, bu silahı düzəltməyə imkan vermirlər. Oranın rəisi var, təcili onu aradan götürmək lazımdır. Özüm də başa düşürdüm ki, bunu rədd etmək olmaz. Adam öldürmək mənim üçün çox asan şeydir.
Dedi ki, çox asan bir yerdədir. Yeri dedi, o yeri mən tanıyırdım. Dedi ki, rəisin qəşəng ulduzları var, başqalarından seçilir. Mən bilirdim sıravi, kapitan, leytenant nədir. Kontr-admiralı onlardan seçmək mənim üçün o qədər çətin deyildi. Dedi ki, bunu mütləq etmək lazımdır, edə bilərsən? Dedim ki, Rövşən, özün bilirsən ki, biz belə işləri həmişə görmüşük. Söz vermək asandır, amma eləmək çətin. Dedi ki, necə olur-olsun bunu etmək lazımdır, özü də tez.
O, “tez” desə də mən ora getməli idim, onun nə vaxt gedib-gəlməsini öyrənməli idim. Amma bu, çox asan başa gəldi. Mikrorayon tərəfə gedib, maşını orada saxladım. Marşrut mikroavtobusuna oturub, gedib çıxdım ora. Məktəbin də bir baş çıxış qapısı var.Başladım oralarda gəzişməyə. Yanında da dayanacaq var. Gördüm qapıdan çıxdı, yanında da bir nəfər var idi. Sağollaşıb ondan ayrıldı. Dəqiq gördüm ki, həmin adamdır. Gəlib Rövşənə dedim ki, həmin adamı gördüm, məktəbdən çıxıb, yanındakı binaya daxil oldu. Odur?
Cavab verdi ki, deyərəm sənə. Üstündən üç-dörd gün keçdi. Məni görüb dedi ki, həmin adamdır. Yaxınlığında general evləri var, orada yaşayır.
Sonra tez alınmaq üçün həmin vaxt oraya gedəndə gördüm ki, doğrudan da o, məktəbdən çıxdı. O çıxmamışdan yarım saat əvvəl Həsənlə Dəyanətə demişdim ki, çıxsınlar bloka. Bizə yağın içərisində “Bretta” silahı da verilmişdi.
JURNALİST: Onu kim vurdu?
ƏLİYUSİF TAHİROV: Həsən vurdu. Əgər Həsən deyirsə mən vurmuşam, bu belə deyil. Bir güllə ilə vurub çıxdılar.
JURNALİST: Belə çıxır ki, onlar vurduqlarını da sənin adına yazırlar?
ƏLİYUSİF TAHİROV: İndi bu işlərin hamısının təşəbbüskarı mənəm. Mən deməsəm onlar vurmazlar axı.
APARICI: 1993-cü ilin məlum iyun hadisələri, AXC-Müsavat iqtidarının laxlaması, Surət Hüseynov faktorunun qabardılması quldurları belə bir qənaətə gətirmişdi ki, Rəhim Qazıyev yenidən vəzifəyə gedə bilər. İyunun 28-də Elçin Əmiraslanov, Əliyusif, Şəmsi, Həsən, Yaşar və Dəyanət az qala bir ordunun silah cəbbəxanası ilə onun yaşadığı binanı mühasirəyə aldılar. Bu teraktda Rəhim Qazıyevi onun cangüdənlərindən birinin banditlərlə tanışlığı xilas edib. Daha doğrusu, Şəmsi Abdullayev qumbaraatandan iki atəş açsa da qəsdən düzgün nişan almayıb. Çünki sərrast atəşlə təkçə Rəhim Qazıyev deyil, onun yanındakı 6-7 nəfər də həlak olacaqdı.
SOLTAN SƏLİMOV: Rəhim Qazıyevə də bizdə terror olubdur. Bütün Azərbaycan xalqı bilir ki, Rəhim Qazıyev kimdir. Düzdür, indi alınmayıbdır. Bilmirəm nə səbəbdən alınmayıbdır.
JURNALİST: Sən necə, getmişdin Rəhim Qazıyevə terror törətməyə?
SOLTAN SƏLİMOV: Xeyr, mən olmamışdım. Mən bir dəfə Əliyusiflə qabaqcadan getmişəm. Maşını həyətdə saxladıq. Onların evi keçmiş “Kommunist” nəşriyyatı ilə üzbəüz binada idi. Mən həyətdə dayandım. Əliyusif evin damına baxıb qayıtdı. Ondan bir neçə gün sonra eşitdim ki, belə bir hadisə baş verib. Gəlib mənə dedi ki, döyüş bölgəsindən olan omonçu qranatamyotatandır. Gəldi, vura bilmədi. Dedi ki, bilmədim onu bilə-bilə etdi, yoxsa həqiqətən vura bilmədi. İndiyə qədər başa düşə bilmirəm.
ŞƏMSİ ABDULLAYEV (MƏHBUS): Rəhim Qazıyevi öldürmək istəmişəm. Onu televizorda görmüşəm. Deyirdi ki, Şuşanı alsalar başıma bir güllə vuraram. Vurmadı. Xalq arasında belə bir söz-söhbət də gəzirdi ki, torpağı satan Rəhim Qazıyevdir. Elçin də mənə demişdi ki, belə bir iş var. Mən də inandım. Hamı deyirdi ki, Rəhim Qazıyev xalqımızın düşmənidir.
APARICI: Abdullayev Şəmsi Vahid oğlu 1971-ci ildə Qazax şəhərində anadan olub. Orta təhsillidir, subaydır. Həbs olunanadək Qazax rayonunun Səməd Vurğun küçəsində yaşayıb.
ŞƏMSİ ABDULLAYEV: Dedilər onu vurmaq lazımdır, demişəm mənim gözüm üstə. Əgər xalqımıza xəyanət edibsə, mən vuraram.
JURNALİST: Kim dedi vurmaq lazımdır?
ŞƏMSİ ABDULLAYEV: Elçin. Gəlmişik evin yanına. Deyib qranatomyotla vurmaq lazımdır. Bundan qabaq da aparmışdılar bizi poliqona. Elçin, Fikrət, mən, Rövşən Cavadov da orada olub. Qranatomyotdan atmışıq. Mənim bir mərmim də boşa çıxmayıb. Ayaq üstə, uzanıb atmışam. Məndən xəbərsiz fikirləşib, götür-qöy ediblər. Xəbərim olmayıb ki, mənə qranatomyotu niyə atdırırlar.
JURNALİST: Səni yoxlayırdılar ki, necə atırsan?
ŞƏMSİ ABDULLAYEV: Bəli, mənim bundan xəbərim olmayıb. Orada başqaları da atırdılar. Amma məni seçdilər. Oradan qayıdıb Bakıda mənə deyəndə ki, məsələ belədir, bu cür etmək lazımdır, mən ona dedim ki, Elçin, əgər onu öldürmək lazımdırsa mən onu tapança, avtomatla vuraram. Onun başında adam çoxdur. Camaatı qırmağa lüzum yoxdur. Bir nəfərə görə bu qədər adamı niyə öldürməliyik? Əgər elədirsə, mən onu güllə ilə vura bilərəm. Razı olmadılar. Fikirləşdim ki, bu nəsə düzgün iş deyil. İki dənə qranatomyot verdilər mənə - biri tank vurmaqdan ötrü, biri də qəlpəli. Evin damına çıxdım. Qəlpəli mərmini atmadım. Fikirləşdim ki, onu atsam Rəhim Qazıyevin yanındakı 7-8 nəfər cangüdəni də günahsız yerə məhv ola bilər. Atmasam da mənim üçün yaxşı olmazdı. Qəsdən kənara atmışam. Qaranlıq olduğu üçün bilməyiblər ki, onlar öldülər və ya qaldılar. Çıxıb getmişik. Sonra da fikirləşirdim ki, gərək vuraydım. 5-3 nəfərlə xalqımız firavan olmayacaqdı. Bir halda ki, Rəhim Qazıyev vətənsatandır...
ƏLİYUSİF TAHİROV: Rəhim Qazıyev bizim vətənimizin düşmənidir. Bunu öldürmək lazımdır. Dedi ola bilsin ki, məni də hərbi nazir qoydular.
JURNALİST: Rəhim Qazıyevi ona görə vururdunuz ki, onu hərbi nazir qoya bilərlər?
ƏLİYUSİF TAHİROV: O vaxt Rəhim Qazıyev hərbi nazir deyildi, deputat idi. Rövşən deyirdi ki, məni hərbi nazir qoya bilərlər.
JURNALİST: Rəhim Qazıyevin evini neçə dəfə gedib pusdunuz?
ƏLİYUSİF TAHİROV: Bir neçə dəfə getdik.
JURNALİST: Axırınci dəfə çox adam getmişdiniz, xeyli də silah aparmışdınız?
ƏLİYUSİF TAHİROV: Bilirsiniz necədir? Bu elə şeydir ki, Yasamalda bir adamı vurmaq elə də çətin iş deyildi. Amma Rəhim Qazıyevin cangüdənləri çox idi. Elçingil dedi ki, onları vuraq çataq. Dedim ki, burada nə var? Bir halda ki, evin damına çıxıb oradan nərd oynayanlara baxırdım. Sonra məsləhətləşdik, mən dedim ki, yaxşı bir qranatomyotçu olsun, maşınını vuraq. Həm də ki, bu adam evə gec gəlir.
Ratsiyamız da var idi. Şəmsi ilə bir-iki dəfə evin damına çıxdıq. Gözlədik, gəlmədi. Fikirləşdik ki, yəqin evini dəyişib. Öyrəndik ki, hansısa rayona gedib, gələcək. Dedi ki, o gələndən sonra mən sənə deyəcəm. Dedi ki, deyəsən Surətin yanına gedib. Gəlməsini xəbər verdi. Gecə saat 12.00 idi. Hava da sakit idi. Elçingil də bizi tələsdirirdi.
Bəlkə indi gözləyəydik ki, bir sərin hava olsun, həyətdə uşaq-muşaq olmasın. Ancaq bu tərəfdən də Elçin bizi tələsdirirdi. Rəhim Qazıyevin dəqiq nə vaxt gəlməsini bizə dedi. Gəldi, Şəmsi atdı. İndi deyir mən bir az yan götürdüm - qələt eləyir, bir az qorxu hissi olub, düz ata bilməyib. Mən də baxıram. Qranatomyotun atılması mənə də çox maraqlıdır. Şəmsi atdı, gup partladı. Dedim Şəmsi, kül sənin başına, düz vurmadın. Bu sözü dedim orda. Düzdür, yaxşı vurandır, amma o vaxt qaranlıq idi.
Avtomatımız da vardı, Şəmsi atandan sonra avtomatı vurdum qoltuğuma, qaçıb getdik.
APARICI: Siyasi qətllərin icrası nə qədər gərgin hazırlıq tələb etsə də, banda üzvləri bu sifarişləri yerinə yetirməklə bərabər, həm də öz şəxsi intriqalarına tuş gələnləri qarət edir, öldürürdülər. İnsanların həyatınin puç olması, onların ailələrinin üzləşdikləri faciələr qatillərin tükünü də tərpətmirdi. Onlar qaniçən vampir kimi can almağa sanki adət etmişdilər.
Akif Məhərrəmov 8-ci Kilometr qəsəbəsində mebel mağazasının müdiri işləyirdi. Cavadov qardaşları ilə yaxın münasibəti vardı. Çünki onun ortağı Aydın Şirinov Cavadovlarin yaxın qohumu idi. Xeyirdə- şərdə Akif Məhərrəmov bu ailə ilə həmişə bir yerdə olub.
1993-cü il iyulun 15-də Akif Məhərrəmov Qubaya xəstə anasına baş çəkməyə gedərkən itkin düşmüş, tapılmamışdır. Sən demə, killer dəstəsi Tağıyev qəsəbəsi yaxınlığında pusquda dayanıb onu gözləyirmiş.
ŞƏMSİ ABDULLAYEV : Gəlmişik Bakıya, mehmanxanada Elçin deyib ki, gedək deyək ki, gəlmişik.
JURNALİST: Hansi mehmanxanaya?
ŞƏMSİ ABDULLAYEV: “Cənub” mehmanxanasına. Mən Bakını yaxşı tanımıram, burada cəmi 5-6 dəfə olmuşam. Elçin deyib ki, burada ermənilər var, gərək onları özümüz tutaq, nə bilim neyləyək. Demişəm mənim gözüm üstə. Əgər sən deyirsənsə mən hazır.
Bir gün gəldi ki, erməni var, təcili tutmaq lazımdır. Getdik , məni yolda düşürdülər. İki maşında 5-6 nəfər idik. Elçin torbanı qurub mənim başımın üstə, xəbərim olmayıb.
JURNALİST: Elçin sənin inamını bu qədər qazanmışdı ki, kimə erməni desəydi, o saat gedib onu öldürürdün?
ŞƏMSİ ABDULLAYEV: Ona görə ki, Elçin mənimlə çox əziyyət çəkib.
JURNALİST: Akif Məhərrəmovun erməni olduğunu sən bilməyə-bilməyə təkçə Elçinin sözü ilə niyə gedib onu öldürürdün? Axı bu insanlıqdırmı? Bu özü də elə bir vaxta düşür ki, bizim torpaqlarımız işğal altında qalıb, ermənilərlə vuruşuruq. Sən ermənini cəbhədə qoyub, gəlib burada birinin sözü ilə tanımaza-bilməzə adam öldürürsən.
ŞƏMSİ ABDULLAYEV: Bəli, mən vurmuşam. Bağışlayın, üzr istəyirəm. Onu fikirləşməmişəm ki, Elçin mənə yalan danışa bilər.
JURNALİST: Akif Məhərrəmovu haradan götürdünüz?
ŞƏMSİ ABDULLAYEV: İki maşın idi. Elçin ilə o birilər götürüb. Mən başqa maşında oturmuşam. Məni aparıb Sumqayıtda bir binanın qarşısında maşında saxladılar. Dedilər ki, dur burada, gəlib səni götürərik. Sürüb çıxıb getdilər.
JURNALİST: Bəs sən Akifi harada vurdun?
ŞƏMSİ ABDULLAYEV: İki saat keçəndən sonra Fikrət gəlib, məni götürüblər, qayıdıb gəlmişik. Qarajın yanına çatanda, heç bilmirəm hansı qarajdır - nədir.
JURNALİST: Kimin qarajı idi?
ŞƏMSİ ABDULLAYEV: Bilmirəm, xəbərim yoxdur. Qarajın yanında dayandılar. Elçin mənə maşında dedi ki, qaraja get, gör ermənini vurmadılar. Dedim erməni budur? Dedi hə. Dedi vurmayıblarsa, bəlkə də uşaqdırlar, qorxublar, götür vur. Getdim qaraja. Gördüm ki, vurmayıblar, pistolet əllərindədir.
JURNALİST: Kim idi onlar pistolet əllərində?
ŞƏMSİ ABDULLAYEV: Dəyanətlə Həsən. Dəqiq bilmirəm, pistolet hansının əlində idi. Gözünü bağlamışdılar. İstədim pistoleti çıxaram, gördüm əllərində hazırı var. Alıb atmışam.
JURNALİST: Vurmamışdan qabaq heç onu danışdırmadın? Danışdırıb görərdin ki, axı o erməni deyil, müsəlmandır. Adam öldürürsən axı...
ŞƏMSİ ABDULLAYEV: Təkcə onu gördüm ki, rəngi ağarıb. Dedim ki, yəqin qorxub.
ƏLİYUSİF TAHİROV: Mənimlə olan söhbəti uşaqlara çatdırırdım. Çünki mən hər şeydə qabaqda gedirdim. Ancaq uşaqlar da görürdü ki, bizim gizli söhbətlərimiz olur. Əvvəlcə ikimiz bilərdik, sonra uşaqlara deyərdim. Rövşən də həmişə uşaqlara deyirdi ki, biz qalib gələcəyik. Yəni ki, Fikrət sizə nə deyirsə, düz deyir. Həsən yaşca məndən balaça idi. Çalışmışam ki, həmişə ona kömək edim. Bir ata kimi, böyük qardaş kimi. Mənim sözümü yerə sala bilməzdi. Dəyanət sözümü yerə sala bilərdi. Birinci ölüm işində asan oldu. Sonra gördüm ki, onda şuluqluq da var, yalan danışmaq da. Bir də ki, oğru uşaqdır. Bir də görürsən yanında dayandığın yerdə yaylığın itdi. Təhlükəli adamdır.
Rövşənin tapşırığı ilə Rəhim Qazıyevi vurmalı idik. Rövşən dedi ki, bir yaxşı maşın tapmaq lazımdır. Çıxın trassa, bir bərk gedən maşın tapın. Yaxşı olar ki, 099 olsun. Biz də keçdik Nasosnıdan bir az o tərəfə, ikitərəfli yola çıxdıq. Orada da Akif sürən maşın yüksək sürətlə gedirdi, saxladıq. Maşında tək idi. Elçingil hərbi paltarda idilər. Yol polisi kimi yaxınlaşdılar ki, qaydanı pozmusan.
JURNALİST: Hansı Elçin?
ƏLİYUSİF TAHİROV: Elçin Əmiraslanov.
JURNALİST: Akif elə bildi ki, onu saxlayanlar yol polisidir, eləmi?
ƏLİYUSİF TAHİROV: Sonra onu götürüb gətirdilər Corata. Elçin dedi ki, onu öldürmək lazımdır. Mənim onu öldürmək fikrim yox idi. Düşünürdüm ki, bir yerdə gizlədək, işimizi görək. Onun maşını lazım idi bizə.
Rəhim Qazıyev gələndə biz maşından atəş açaq, tez aradan çıxaq. Maşının da izini götürsələr, götürərlər. Maşını aparaq ataq bir tərəfə, Akifi də gözübağlı gətirib şəhərdə buraxaq. Belə olmadı. Onu öldürmək lazım gəldi. Daha bilmirəm Elçin bunu bizim yanımızda xal yığmaq üçün etdi, ya yox. Sonra Şəmsi düz deyir, Həsənin əlindən silahı alıb, Akifə 5-6 güllə vurub.
JURNALİST: Məni bunun səbəbi maraqlandırır. Hətta Akifin atası bu qətlin səbəblərini araşdırmaq üçün gəlib, Mahirə şikayət edib. Deyib ki, ay Mahir, sənin dostunu, qardaşını öldürüblər, bəs sən niyə boş dayanmısan? Səncə, bu qədər yaxın adamlar niyə birdən-birə bir-birilərinin qatilinə çevrilirlər?
ƏLİYUSİF TAHİROV: Belə bir söhbət oldu. Biz Akifi saxlayanda soruşduq ki, harada işləyirsən? Dedi ki, mebel mağazasının müdiri işləyir, Rövşəni də tanıyır. Bilmirəm bunları niyə dedi. Yəqin bilib ki, biz OMON-danıq. Bəlkə ona görə deyib. Səbəb bax, belə oldu. Rövşən dedi ki, maşın 099 olsun. Söhbət Rövşənlə mənim aramda olub. Deyə bilmərəm, bəlkə başqa adam da - Elçin də olub, yaddaşım kütləşib.
JURNALİST: Sizə demişdi ki, Akifi öldürmək lazımdır?
ƏLİYUSİF TAHİROV: Bilirsiniz, bizə maşın lazım idi. Sonradan iş belə alındı.
JURNALİST: Akif Məhərrəmov siyasət adamı deyildi. Sadəcə, ticarətçi idi. Bakının 8-ci Kilometr qəsəbəsində mebel mağazasının müdiri işləyirdi. Amma tale elə gətirmişdi ki, siyasəti alverə çevirənlərlə işbirliyi yarandı. Elə onun da qurbanı oldu.
HÜSEYN MƏHƏRRƏMOV: Bir yerdə işləyirdilər. Ona görə də onların xeyrində və şərində iştirak etməlidir.
JURNALİST: Kiminlə bir yerdə işləyirdi?
HÜSEYN MƏHƏRRƏMOV: Cavadovlarla. Nə bilək ki, axırı gəlib belə çıxacaq. Aydın Şirinov ticarət naziri olandan sonra deyib qardaşıq da, işləyək bir yerdə. Aralarında nə söhbət olub, bilmirəm, bu uşaq da ayın 25-də mağazanı təsərrüfat hesabına keçirib. Bundan 15-17 gün sonra oğlum yerli-dibli itib. Başqa yerdən ona heç kəs toxuna bilməzdi.
JURNALİST: Sonra onun meyidini necə tapdınız, kim tərəfindən öldürüldüyü necə aşkar olundu?
HÜSEYN MƏHƏRRƏMOV: 1995-ci ilin fevral ayında Sumqayıtdan evə mənə zəng vurdular ki, ağsaqqal, oğlunun maşınının mühərriki tapılıb. Mən gecə ikən getdim. Sumqayıtda bir nəfər var, Cinayət Axtarışı İdarəsinin rəisidir. Onun qəbulunda oldum. Dedi hə, kişi, sənin oğlunun maşınının mühərriki tapılıb. Dedim ki, tapdığınıza görə çox sağ olun. Minnətdaram sizə. Dedi ki, Corat kəndindən Dəyanət adlı bir omonçunun maşınının üstündən tapılıb. Necə tapılması məhkəmədə açıldı. Guya Dəyanət qayınanasının kiçik baldızını aparıb öldürməyə.
Nə isə adam gəlib çıxıb, deyə bilmərəm. Arvad gəlib gecə fikirləşib ki, onsuz da bu gəlib məni də, uşaqlarımı da məhv edəcək. Götürüb polisə zəng edib ki, dənizin qırağında adam öldürülməyib, silah basdırılıb. Bu silaha görə oranı axtarmağa başlayıblar. Sonra Dəyanətin adını verib. Gediblər Dəyanətin qarajına, görüblər ki, 5-6 dənə maşın var. Sumqayıtda prokurorluqda Elxan Abdullayev adında bir nəfər çalışır. Gəlib maşınların mühərriklərinin hamısına baxıb. Görüb ki, 08 markalı “jiquli”dəki mühərrik 099 maşınının mühərrikidir. Dövlət Yol Polisi İdarəsinə zəng edir. Məlum olur ki, həmin maşın Bakı şəhərinin 9-cu mikrorayonunda yaşayan Akif Hüseyn oğlu Məhərrəmova məxsusdur. Hal-hazırda da axtarışdadır.
Maşını cərimə meydançasına gətirirlər. Dəyanətdən xəbər alırlar ki, 099 -un mühərrikini qoyduğun Kuzov kimindir? Deyib ki, kuzovu ermənilərdən almışam. Ondan soruşublar ki, de görək, bu kişinin uşağı haradadır? Əvvəl boynuna almayıb. Sonradan deyib ki, öldürüb dəniz kənarında basdırmışıq. Gedib çıxarıblar. Sumqayıtda BAZ-da işləyən Tariyelin meyiti olub. Gətirib mənə göstəriblər ki, sənin oğlundur? Dedim xeyr, bu mənim oğlum deyil. Mən oğlumu tanıyıram. Dedilər necə tanıyırsan? Dedim ki, mənim oğlumun ağzında metal diş yoxdur. Əgər desəydim ki, bu mənim oğlumdur, onda qalan meyitlər tapılmayacaqdı.
JURNALİST: Görünür, Dəyanət meyitlərin yerini səhv salıb.
HÜSEYN MƏHƏRRƏMOV: Gəliblər ki, hə, biri də var. Gedib ikincini də çıxarıb gətiriblər. Bu da mənim oğlumun meyiti deyildi. Göyçayda taksi sürücüsünün meyiti idi.
Üçüncü meyiti də çıxardılar. Dedim xeyr, bu da mənim oğlum deyil. Çıxarılan meyitlərin yiyələri gəlib onları tanıdılar və apardılar. Gəldim evə, arxamca evə zəng etdilər ki, bəs bir meyit çıxarmışıq, sən deyən nişanlar bunda var. Getdim baxdım. Gördüm həqiqətən mənim oğlumun meyitidir.
JURNALİST: Burada xeyli qəbir var, amma bura qəbiristanlıq deyil. Qəbiristanlıq sağ tərəfdə, dənizin sahilində, Corat qəsəbəsindədir. Burada isə neçə ünvansız, adsız, naməlum insanların qəbirləri var. Neçə-neçə günahsız insan qətlə yetirilib, burada mollasız, qohum-əqrəbasız, kəfənsiz dəfn olunub. Qatillər həmişə belə küləkli, boranlı, qasırğalı gün gözləyirlərmiş. İnsan ovuna məhz belə gündə çıxırlarmış. Araşdırmalar göstərir ki, qatillər əvvəlcədən hazırladıqları boş qəbirləri kiminçünsə saxlayırlarmış. Qazılmış qəbirlər yeni cinayətin, yeni qətllərin qurbanlarını gözləyirmiş.
SİYAMƏDDİN ABDULLAYEV \polis əməkdaşı\: Dörd meyit aşkar ediblər. Onlardan birincisi Əliyev Tariyel Qulam oğlu, Sumqayıt şəhər sakinidir. Onu qəbiristanlığın aşağı tərəfində basdırmışdılar. Bu ərazidə isə üç nəfərin meyitini basdırıblar. İkincisi “QAZ-2410” markalı taksi avtomaşınının sürücüsü Nuriyev Əhsən Ağabala oğludur. Onu 1994-cü ilin fevral ayında qətlə yetiriblər. Üçüncü meyit Məhərrəmov Akif Hüseyn oğludur. Onu da Elçin Əmiraslanov, Əliyusif Tahirov, Həsən Mustafayev, Şəmsi Abdullayev, İlham İsmayılov Nasosnı qəsəbəsində tutub öz həyətyanı sahələrində olan qarajda qətlə yetirdikdən sonra meyiti kağıza büküb burada basdırıblar. Bura qumsallıq sahədir, ətrafda heç bir yaşayış, tikinti sahəsi olmayıbdır. Onlar qəbri əvvəlcədən qazıb hazırlayıb, sonra gətirib basdırırlarmış. Bura qumsallıq olduğuna görə tez qazılırmış. Dördüncü meyit isə Bəşirov Tahir Məmmədağa oğlu olubdur. Bu, Dəyanət Kərimovun həyat yoldaşı Samirənin qohumlarındandır. Onların arasında olan ailə münaqişəsi, narazılığı nəticəsində onu öldürüb burada basdırıb.
JURNALİST: Bu qədər meyiti burada basdırıblar, gizlədiblər, əvvəlcədən də buranı qazıb, sonra basdırıblar. Bəs, bunu görən olmayıbdır?
SİYAMƏDDİN ABDULLAYEV: Ümumiyyətlə, onlar gecə vaxtları gətirib burada basdırırlarmış. Özü də elə vaxt seçirlərmiş hava küləkli, yağışlı olsun ki, ətrafda başqa şəxslər olmasın. Törətdikləri cinayət əməllərini yüngülləşdirməyə görə.
JURNALİST: Rəhmətlik oğlunuzun meyiti tapılana qədər siz onun 1993-cü il iyulun 15-də yoxa çıxdığından sonra dövlət orqanlarına müraciət etmisinizmi?
HÜSEYN MƏHƏRRƏMOV \mərhum Akif Məhərrəmovun atası\: Bütün dövlət orqanlarına müraciət etmişəm. Oğlumla birlikdə getdik Mahir Cavadovun yanına, o, prokuror idi. Oğlum məni içəri qoymadı girməyə. Ona deyildi ki, sizinlə qardaş kimi dolanan bu adam necə oldu? Dedi ki, onu öldürüblər, daşı boynuna bağlayıb dənizə atıblar. Oğlum gəldi mənə dedi ki, Mahir belə dedi. Dedim içəri girirəm. Oğlum dedi lazım deyil. Biz ona yaxın olduğumuza görə yanına getdik. Dedi ki, kişi, bilirsən nə var? Dedim nə var? Dedi, bunlar əzrail kimi Azərbaycanın canına düşüblər. Onlar bizi də məhv edirlər. Gözləyin, Allah bir yol açar.
APARICI: Corat qəsəbəsindəki bu yer əslində qatillərin neçə-neçə cinayətinin sirrini saxlayıbmış. Akif Məhərrəmovun atası Hüseyn kişi törənən cinayətləri ağlasığmaz vəhşilik adlandırdı.
Pullu, imkanlı adamlar OMON-çuların quldur dəstəsinin daim təzyiqlərinə məruz qalırdılar. Artıq özlərinin tam cəzasızlığına əmin olan qatillər ən iyrənc üsullara, ən ağır cinayətlərə əl atır, heç kəsdən, heç nədən çəkinmirdilər. Bakıdakı bir nömrəli bazarda banda üzvlərinin xeyli qohumları işləyirdi. Onlar bazarın müdiri Ənvər Məmmədovun pulu olduğunu bilirdilər və bu barədə Əliyusif Tahirova məlumat vermişdilər.1992-ci ilin yazından quldurlar Ənvər Məmmədovu güdməyə başladılar və tam yəqin etdilər ki, bazarın direktoru hər səhər “Gənclik”də yerləşən evindən çıxır, taksiyə minib işə gedir. Növbəti səhərlərin birində Ənvər Məmmədov taksi əvəzinə bir yol maşınına minir. Ağlına belə gətirməzdi ki, xalturaçı bildiyi sürücü sübh tezdən onun evinin yanında pusquda duran canidir.
ƏLİYUSİF TAHİROV: Bəlli oldu ki, Mehman tutulmalıdır. Mehman əsərin qəhrəmanı kimi getdi, ona 10 il iş verdilər. O vaxt Ənvərə qarşı məndə nifrət hissi oyandı, xoşum gəlmədi. Yəni elə bil, mən aşağıda su içirəm, Ənvər də məndən aşağıda su içir, amma mənə sataşır. Belə çıxdı, xətrimə dəydi. İllər keçdi, imkan oldu, nə bilim, demokratiya oldu, adam oğurlamaq halları çoxaldı. Hələ Rusiyada daha çox olurdu. Mən bunları görürdüm.
JURNALİST: Fikirləşirsən ki, bunlar hamısı demokratiyanın verdiyi bəhrələrdir?
ƏLİYUSİF TAHİROV: Yox, bəhrə deyil. Bu hallar, reketçilik demokratiya yaranandan sonra çoxaldı. Nə isə, Aydınla, tanıdığımız adamlarla ağlımıza gəldi ki, Ənvəri ovlayaq. Elə də oldu, tutduq, pulunu aldıq buraxdıq. Deyəsən, 500 min dollardan çox aldiq, dəqiq yadımda deyil. Pulu xərclədik.
JURNALİST: Bəs sonra niyə öldürdünüz?
ƏLİYUSİF TAHİROV: Onu buraxandan sonra öz iş yerinə getdi. Bu hadisə Afiyəddin Cəlilovun qətlindən əvvəl olubdur. Deməli, Rövşən məndən soruşdu ki, pul qazanmaq üçün Əminağanı bazarkom qoydurmaq olar, ümumiyyətlə bazarda pul var? Dedim, bazarda pul çox yığmaq olar, ayda 100-200 min yığmaq olar. Mən özüm ticarətlə çox məşğul olmuşam. Mən Əminağaya etibar etmirdim. Rövşən bilirdi ki, Əminağa mənim qohumumdur. Dedim, sabah bir şey olsa, mənə demə ki, sənin qohumundur. O dedi ki, mən Rəsul Quliyev ilə durub-otururam. Mən özüm Rövşəni Rəsul Quliyev ilə bir neçə dəfə Montin qəsəbəsində - onun qəşəng bir binası var - orada saunada görmüşəm. O dedi ki, Rəsul Əminağanı bazara qoyar, amma Ənvəri çıxarmaq lazımdır. Dedim, əgər Rəsul Quliyevin əlindədirsə, çıxarın.
Bilmirəm, bəlkə də bizi kimsə də idarə edirdi. Rövşən deyəndə ki, Əminağanı bazarkom qoyaq, Rəsul ilə aramız yaxşıdır, düzəldəcəyik, mən doğrudan da inandım. Dedi ki, gəl onu aradan götürək, vəssalam. Aradan götürmək isə, düzü, mənim ürəyimdən oldu, çünki Ənvər bizi incidirdi. Şübhəsiz ki, bu işdə də təcrübəmiz var idi.
JURNALİST: Belə çıxır ki, Ənvər Məmmədovun da öldürülməsini Rövşən sifariş edib?
ƏLİYUSİF TAHİROV: Fakt budur, indi siz necə nəticə çıxarırsınız, çıxarın. Mən deyirəm ki, bu, belədir.
Rövşən yenə də dedi ki, Əminağanı qoya bilərik. Dedim, mən söz vermirəm, o sizlikdir. Əminağa bazarın bütün işlərini yaxşı bilir, bazarkom qoymaq olar. Ancaq sabah haqq-hesabda bir əyrilik olsa, mənlik deyil. Bir müddətdən sonra bu fikir yarandı ki, Ənvəri öldürmək lazımdır ki, bunu bazarkom qoyaq. Ənvər vurulanın elə sabahı günü gördüm ki, Rövşən Rəsul Quliyev ilə danışır. Telefon söhbəti yadımdadır. Dedi ki, Rəsul Bayramoviç səni təbrik edirəm, Ənvər daha yoxdur. Mən belə bir söz eşitdim. Gördüm kefi yaxşıdır, çıxıb getdim.
JURNALİST: Deyirsən ki, həm Eduard Hüseynovun, həm də başqalarının qətlində ona görə iştirak etmisən ki, guya bunlar erməni əsllidirlər, Azərbaycanın milli mənafelərinə ziyan gətirirlər və s. Sənin vurduğun Ənvər Məmmədov isə təmiz azərbaycanlı idi, bəs onu niyə öldürürdünüz?
HƏSƏN MUSTAFAYEV: Deməli, Fikrətin nə vaxtsa doğma qardaşı tutulmuşdu. Fikrətin yeznəsi Əminağanın bazarda Ənvərlə mübahisələri düşmüşdü, düşmənçilik edirdilər. Fikrət də dedi ki, sizin işiniz yoxdur, mən özüm bu işi həll edəcəyəm, kömək edin onu vurmalıyam.
Onda elə məqam idi ki, - bunu Dəyanət də təsdiq edər, - sadəcə, aradan çıxa bilmirdik. O, məni Ənvəri vurmağa məcbur etdi, başqa çıxış yolum yox idi. Vurmasaydım Fikrət mənim özümü vuracaqdı. Özü vurmaq əvəzinə, avtomatı mənə verdi. Mənə əvvəlcə qumbara ilə tapança vermişdi ki, o, Ənvəri vuranda mən də qumbaranı boş yerə atıb baş qatım. Sonra nədənsə, tapança ilə qumbaranı məndən aldı. Mənim Ənvərlə heç bir düşməçiliyim yox idi.
Mən damın üstündə 20 dəqiqə oturub gözlədim ki, kabinetdən çıxacaq. Bir az aldatmaq istədim. Çünki bu işə getmək istəmirdim. Fikrət mənə söyüş söydü, qumbaranı da üstümə tutub dedi ki, deyəsən, ölümün çoxdan çatıb. Məni zorla göndərdi ki, sən Ənvəri vuracaqsan. Özümü yaxşı etməkdən ötrü demirəm, belə adamların ağzından söz çıxdı, onu edirlər. Başqa çıxış yolum yox idi, mənə görə ailəmi də məhv edəcəkdilər. Bunların hamısını Fikrət edirdi.
APARICI: Quldurlar saatlarla Ənvər Məmmədovun iş otağını gözdən qoymayıblar. Həsən Mustafayev Əliyusif Tahirovdan belə bir təlimat alıb ki, otağın işığı sönən kimi tam hazır ol, Ənvər Məmmədov çıxanda tətiyi çək.
HƏSƏN MUSTAFAYEV: Mən damda gözləyəndə gördüm ki, Ənvər çıxdı və avtomatdan atəş açdım. Bütün darağı boşaltmadım. Onsuz da mən bu işi etmişəm. Ona görə demirəm ki, onu vurmamışam. Fikrət özü hiss edirdi ki, mən bu işi etmək istəmirəm. Sadəcə, qorxu altında olduğuma görə, ailəmə heç nə olmasın deyə bunları etdim. Fikrət hər şeyə diqqət yetirən adamdır. O fikirləşmişdi ki, əgər atəş açmasam, deyə bilərəm ki, qoruyucunu çəkmək yadımdan çıxdı. İndi başa düşürəm ki, silahı özü hazır vermişdi.
JURNALİST: Sən Ənvərə bir söz demədin, o, səni gördü, ya görmədi?
HƏSƏN MUSTAFAYEV: Yox. Ənvər kabinetindən düz işığa tərəf çıxdı. Məndən beş-altı metr aralı idi.
APARICI: Həsən avtomatın tətiyini çəkəndə qonşudakı küçədə qumbara partladıldı. Bu, ətrafdakıların diqqətini yayındırmaq üçün quldurların növbəti hiyləsi idi. Quldur dəstəsi artıq qan çanağına dönmüşdü. Neçə-neçə qətllər, qarətlər, terror aktları vəhşiləşmiş killer dəstəsinin əməllərinin nəticəsi kimi əhalidə bir narahatlıq, xof yaratmışdı. Adamların gözündə omonçular daha döyüşçü deyildilər, adicə quldur idilər.
ZAKİR QARALOV: Azərbaycanın müasir tarixinin ən faciəvi anında xalqın təkidli tələbi ilə dövrümüzün görkəmli ictimai-siyasi xadimi cənab Heydər Əliyev hakimiyyətə gəldi, milli dövlətçiliyimizi xilas etmək missiyasını öz üzərinə götürdü. Respublikamızda hamı yaxşı bilirdi ki, ölkəni bu çıxılmaz vəziyyətdən yalnız Heydər Əliyev dühası, onun qətiyyəti və yenilməz iradəsi xilas edə bilər. Az keçməmiş həyat sübut etdi ki, xalq öz etimadında yanılmayıbdır.
Əlikram Hümbətov, Rəhim Qazıyev kimi hərbi gücə və xarici havadarlarına arxalanan dönüklərin cəmi bir neçə ay ərzində zərərsizləşdirilməsi, iqtisadi və siyasi sahədə müsbət dəyişikliklərin əldə olunması bunu bir daha təsdiqlədi. 1994-cü il sentyabrın 20-də yeddi ölkənin 11 neft şirkətinin iştirakı ilə bağlanmış “Əsrin müqaviləsi” milli müstəqilliyimizin dönməz olduğunu bütün dünyaya bəyan etdi. Ölkəmizin beynəlxalq nüfuzu artdı, sosial-iqtisadi böhrandan çıxmaq üçün stimul yarandı. Bütün bu nailiyyətlər xaricdə və ölkədəki pozucu qüvvələri narahat etməyə bilməzdi. Çünki artıq sabitliyi pozaraq ölkədə xaos yaratmaq, sonra hakimiyyəti zorakılıqla ələ keçirmək mümkünsüz olurdu. Bu niyyətlə yaşayan qara qüvvələr isə indiyədək maskalanmış cinayətkar simalarının açıldığını, tam ifşa olunduqlarını görüb, daha da azğınlaşır, yeni-yeni ağır cinayətlər törədirdilər.
Dövlətin güc strukturlarında yuva salaraq təşkilatlanmış kriminal qüvvələr daha qorxulu idi. Bu baxımdan Cavadov qardaşlarının tabeliyində olan omonçuların törətdiyi çoxsaylı cinayətlər az qala bütün ölkəni silkələyirdi. Qeyd etmək istəyirəm ki, ölkədə vəziyyət normallaşıb sabitlik yarandıqca, Cavadov kimilərinin ümidləri yalnız siyasi terrora və silahlı dövlət çevrilişinə qalmışdı.
APARICI: 1993-cü ilin məlum iyun hadisələrindən sonra qatillər vahimə içində idilər. Çünki xalqın təkidi və tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev az bir vaxda Rəhim Qazıyevin, Əlikram Hümbətovun quldur dəstələrini zərərsizləşdirdi, bütün respublikaya meydan oxuyan Surət Hüseynovun əl-ayağını yığışdırdı, onun tabeliyində olan qanunsuz silahlı dəstələr yavaş-yavaş nəzarətə götürüldü, ayrı-ayrı bölgələrdə qatı cinayətkar ünsürlər tutulub qanun qarşısında cavab verməli oldular.
Bütün bunları görən və törətdiyi qatı cinayətlərə görə bir gün divana çəkiləcəklərini yəqinləşdirən Cavadov qardaşları məsuliyyətdən qurtarmağın yeganə yolunu dövləti cinayətlərdə, yeni terror aktlarında görürdülər. Bu yol ilə siyasi hakimiyyəti ələ keçirib öz qatil əməllərini ört-basdır etməyi düşünürdülər.
Azərbaycan addım-addım qurulurdu, tam iflasa uğramış, dağıdılmış dövlət strukturları, iqtisadiyyatı yenidən təşkil olunur, öz fəaliyyətini dirçəldirdi. 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin bağlanması müstəqil Azərbaycanın həyatında dönüş nöqtəsinin başlanğıcı idi. Bundan ciddi şəkildə ehtiyatlanan qara qüvvələr dövlətə sədaqətlə qulluq edən siyasi xadimlərin bir çoxunu aradan götürməklə qalanları qorxutmağı qərara aldılar. Bu yol ilə ölkədə yenidən bir hərc-mərclik, özbaşınalıq yaradıb hakimiyyəti ələ keçirməyi mümkün bildilər.
1994-cü ilin sentyabrında Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı əlverişli məqam seçildi və respublika Ali Soveti sədrinin birinci müavini Afiyəddin Cəlilovun, Xüsusi İdarənin rəisi Şəmsi Rəhimovun aradan götürülməsi qərara alındı. Öz qara niyyətlərini reallaşdırmaq üçün XTPD-nin iki quldur dəstəsi eyni mərkəzin sifarişi ilə dövlət xadimlərinin hər addımını izləməyə və onları güdməyə başladılar.
RAMİL USUBOV: Bir məsələ tamamilə aydındır ki, 1995-ci il sentyabrın 25-də Rövşən Cavadov Elçin Əmiraslanovu öz kabinetinə dəvət edir və ona bildirir ki, Afiyəddin Cəlilov aradan götürülməlidir. Sonra isə Əliyusif Tahirovu dəvət edir, ona da həmin tapşırığı verir. Həmin ayın 27-də Sumqayıt şəhərində Əliyusifin bağında Afiyəddin Cəlilovun öldürülməsi planı işlənib hazırlanır. İstintaq zamanı təkzibedilməz sübutlarla tamamilə sübuta yetirilib ki, bu işin təşkilatçısı Rövşən Cavadov olubdur. Rövşən Cavadov da bu göstərişi Elçin Əmiraslanovla, Əliyusif Tahirova veribdir.
Bu cinayəti ayın 28-də törətməli idilər və həmin hadisə yerinə də, yəni Afiyəddin Cəlilovu öldürmək üçün ayın 28-də oraya gəlmişdilər. Lakin görüblər ki, içəri Afiyəddin Cəlilov yox, onun oğlu daxil olur. Ona görə də ayın 28-də həmin hadisəni törətmədilər. Ayın 29-da saat 21.30 radələrində Afiyəddin Cəlilov öz evinə qayıdanda binanın blokunda onu avtomat silahla qətlə yetirir və bu cinayəti başa çatdırırlar. İstintaqın gedişi də göstərir ki, bu ağır, qanlı cinayət düşünülmüş, mütəşəkkil formada hazırlanmışdır və onun həyata keçirilməsində dediyim, adlarını çəkdiyim adamlar iştirak etmişlər.
Cavadov qardaşları ilk növbədə planlaşdırırdılar ki, Afiyəddin Cəlilovu aradan götürməklə cənab Heydər Əliyevi aradan götürsünlər. Lakin onların bu planlarının həyata keçirilməsi özlərindən asılı olmayan səbəblərdən müəyyən dərəcədə gecikirdi. Ona görə hesab ediblər ki, əgər Heydər Əliyevi aradan götürsələr, ola bilər, Afiyəddin Cəlilov hakimiyyətə gəlsin. Onların planına görə, Afiyəddin Cəlilovun aradan götürülməsi ilə cənab Heydər Əliyevin də öldürülməsi üçün yol açılır. İstintaq zamanı bu xüsusatlar çox qabarıq şəkildə göstərilir.
ŞƏMSİ ABDULLAYEV: Mənim Afiyəddin Cəlilovla bağlı işlə əlaqədar əvvəl xəbərim olmayıbdır. Sonra gəlib mehmanxanada deyibdir ki, bu kəşfiyyatçıdır, heç kim ona girişə bilmir, heç kim buna qarşı bir şey edə bilmir. Bizim vətənimizi satanlardan biri də budur. Əl çəkmədi. Dedim ay Elçin buranın yiyəsi var, onu tutmaq olmaz. Dedi ki, yox, ancaq öldürmək lazımdır. Bu məsələ ilə əlaqədar məni Fikrətlə tanış edibdir. Fikrətin də fikri öldürmək idi. Bəli, mən balta ilə getmişəm. O dedi ki, balta ilə vurmaq lazımdır. Dəyanət yanımda olubdur. Ona dedim ki, bu nə işdi, bu söhbət məni açmır.
Onda Elçin Qazaxa getmişdi. Dəyanət mənə baxdı, baxdı dedi ki, Şəmsi, səni aldadıblar. Belə olanda dedim ki, bu, mənlik deyil, belə iş olmaz, mən gedirəm. Əgər o məni aldadıbsa, Elçinin özünü vuraram. Məni aldatdığına, camaatı öldürtdüyünə görə gedib Elçinin özünü öldürərəm. Dəyanət da xahiş etdi ki, lazım deyil, məni işə salma, mən də bir işdir düşmüşəm, Fikrət başıma oyun açıb. Bu oyundan çıxa bilmirəm. Demişəm, elədir. Ona iki telefon nömrəsi vermişəm ki, nə vaxt istədin zəng vur, Qazaxa gəl - Dəyanət bunu bu gün də təsdiqləyər - heç olmasa, çıxıb gedərik. Belə nahaq yerdən bizi bu günlərə salırlar. Amma o gəlmədi, özüm Qazaxa getmişəm, Elçini axtarmışam.
JURNALİST: Deməli, rəhmətlik Afiyəddin müəllimin ölümündə iştirak etməmisən. Yəni bilərəkdən iştirak etmədin. Bildin ki, artıq bunlar səni aldadırlar. Bəs bir dəfə gedib blokda onu pusmusan.
ŞƏMSİ ABDULLAYEV: Bəli, Dəyanət elə həmin vaxt mənim aldadıldığımı dedi.
JURNALİST: Siz neçə dəfə gedib pusdunuz?
ŞƏMSİ ABDULLAYEV: İki dəfə. Onda Dəyanət dedi ki, vəziyyət belədir. Elə o vaxtdan da iştirak etməmişəm, aralanıb çıxıb getmişəm. Dağlıq məhəllədə qohumum yaşayır, gəlib onlara baş çəkdim. Çölə çıxanda da Fikrətə yalandan demişəm ki, evə zəng vurdum, təcili getməliyəm. Dedi, mən apararam. Demişəm ki, özüm gedərəm, lazım olsa, qayıdıb gələrəm. Əl çəkmədi, Fikrət məni maşınla evə, Qazaxa apardı. Evimizi tanıtmamaqdan ötrü başqa küçədə düşüb evə gəldim. İki saatdan sonra mən onunla görüşməliydim. Elçinin dalınca getmişəm, axtarmışam. Mənim Elçini öldürmək fikrim olubdur. Çünki məni aldatmışdı, düzgün iş görməmişdi. Amma Elçini tapa bilmədim. Fikirləşdim nə edim? Heç bir yerə də gedib demək mümkün deyildi. Çünki o vaxt haraya gedirdin, OMON-nun işçiləri idi. Hansı şöbəyə getsən, tutub saxlayardılar. Hər yerdə bunların əli var idi. Xeyli fikirləşəndən sonra özümü bıçaqla kəsdim. Qonşu gələndə dedim ki, soruşsalar deyin guya balaca qardaşımla dalaşmışam. Belə etdım ki, onlar məndən aralansınlar.
Dəyanətə görə fikirləşmişəm ki, söz-söhbət olar. Dəyanəti işə salmamaq üçün buraya gəldim. Yoxsa Dəyanəti gəlib öldürərdilər. Dəyanəti iki həftə gözlədim, gəlmədi, zəng də vurmadı. Elə o vaxtdan Elçindən aralanmışam. Məni nə qədər çağırdı, getmədim. Mənə üç dəfə təxribat edib, galımca güllə atıblar, vura bilməyiblər. Gecə saat iki, üç arasında qaçmışam.
Elçin bu işləri yəqin ki, kiminsə göstərişi ilə edibdir. Onun dövlət xadimi ilə nə işi ola bilər. Kiməsə xələl yetirmək, kimisə öldürmək, belə işlər etmək. Mən bu gün də belə fikirləşirəm. Mən nifrət edirəm, bu gün də Elçini görsəm onun üzünə tüpürərəm. O, bu qədər insanları, o cümlədən məni aldadıbdır. Analarımızın, bacılarımızın gözünü yaşlı qoyubdur. Mənim gördüyüm işlər belə olubdur. Bəli, bunun hamısını özüm deyirəm və təsdiq edirəm. Bunu yanımda olanlar da təsdiq edirlər.
JURNALİST: Dediklərindən belə çıxır ki, bu cinayət işlərinin böyük əksəriyyəti milli zəmində olubdur, yəni elə bilmisiniz ki, bunların anası, atası, yoldaşı, özü ermənidir və s. Axı, Afiyəddin Cəlilovu respublikamızda tanımayan yox idi. Özün bilirdin ki, o, təmiz azərbaycanlıdır. Onun dövlət xadimi olmasını bir tərəfə qoyuram. Bəs onda necə oldu?
DƏYANƏT KƏRİMOV: Mən Afiyəddin Cəlilovun qətlinə gedərkən bilməmişəm ki, o, Afiyəddin Cəlilov olub, onu tanımamışam. Çünki onlar həmişə məni nəzarətdə saxlayıblar. Mən Bakıda Bədən Tərbiyəsi İnstituna və “Dinamo” cəmiyyətinə getmişəm. Bakını elə də yaxşı tanımıram. Özləri məni maşınla gətirib deyirdilər ki, bu, dövlətdə böyük bir vəzifədə çalışan insandır. Amma kimliyini mənə bildirməmişlər. Nəhayət, oraya bir neçə dəfə yaxınlaşmışam və baxmışam. İzləmək üçün məni müəyyən yerlərə qoyur, tapşırırdılar ki, bax, bu nömrəli maşın getdi, ya gəldi.
Bir neçə dəfə də Afiyəddin Cəlilovun “Dinamo” cəmiyyətində voleybol oynadığını görmüşəm. Mənə göstəriblər ki, bu şəkildə adam gələcəkdir. Amma adını, onun kim olduğunu mənə deməyiblər.
JURNALİST: Bəs, evinə getməmişdən əvvəl izləmisiniz ki, o, səhər tezdən dənizkənarı parkda idman edir. İdman edəndə görmədin ki, bu, Afiyəddin Cəlilovdur. Onu respublikada tanımayan yox idi ki? Axşama kimi televiziyada Afiyəddin Cəlilovu göstərirdilər. Onu tanımırdın?
DƏYANƏT KƏRİMOV: Qətiyyən ona fikir verməmişəm. Mən sizi necə inandıra bilərəm ki,- bunu istintaqda da demişəm,- Afiyəddin Cəlilovun kim olduğuna fikir verməmişəm. O vaxt mənim onun haqqında təsəvvürüm olmayıbdır.
JURNALİST: Afiyəddin müəllim maşından düşməmişdən əvvəl bloka səninlə kim daxil olmuşdu?
DƏYANƏT KƏRİMOV: Səxavət adında oğlan idi.
JURNALİST: Sən neçənci mərtəbədə idin?
DƏYANƏT KƏRİMOV: Mən ikinci mərtəbədə olmuşam.
JURNALİST: Səxavət neçənci mərtəbədə idi?
DƏYANƏT KƏRİMOV: O da mənimlə bir yerdə idi.
JURNALİST: Sənin əlində nə silah var idi?
DƏYANƏT KƏRİMOV: Avtomat idi.
JURNALİST: Bəs Səxavətdə?
DƏYANƏT KƏRİMOV: Onda da avtomat idi.
JURNALIİST: O epizodu danış, Afiyəddin müəllim maşından düşəndə nə oldu?
DƏYANƏT KƏRİMOV: Dayandığımız ikinci mərtəbədən həyət görünürdü. Bizə ratsiya vermişdilər. Onun qətlinə üç-dörd dəfə cəhd olub, amma mən yayındırmışam. O yerə gəlib çatdı ki, Fikrət tərəfindən artıq mənim ailə üzvlərimi - bacımı, qardaşımı, onların uşaqlarını təhlükə gözləyirdi.
JURNALİST: Necə yayındırırdın?
DƏYANƏT KƏRİMOV: O, hadisəni kənardan izləyirdi. Ratsiya ilə mənə məlumat verirdi ki, maşın binaya yaxınlaşır. Belə hallar bir neçə dəfə oldu. Afiyəddin müəllimin oğlu da özünə oxşayır. Fikrət bir dəfə işarə verdi, amma mən etmədim. Yalandan dedim ki, liftdən adam düşdü. Belə maneələr yaradırdım. Ratsiyada danışıq olmurdu, işarələrlə başa salırdı. Fikrət ratsiyada dedi ki, bilirsən o kimdir? Soruşdum kimdir? Dedi ki, Afiyəddinin oğludur. Canlı, hündür oğlandı.
JURNALİST: Bu cinayətdən geri çəkilə bilmədin? Bildin ki, Afiyəddin müəllimdir.
DƏYANƏT KƏRİMOV: Bilirsiniz, mən bu cinayəti bir neçə gün yayındırmışam. O biliəndə ki, mən bu işi yubadıram, mənə irad tutubdur. Gecə saat iki-üçdə bizim evə, Corat qəsəbəsində yerləşən evə gəlib məni çağırdı. Məni dəniz kənarına apardı və dedi ki, bilirəm, sən özün yubadırsan. Əgər istəmirsənsə, bacını, qardaşını, onların uşaqlarını həyatdan getməmələri üçün bu işi etməlisən. Sən bunu haradasa demiş olsan, birinci əzizlərin, sonra da özün həyatdan gedəcəksən. Bunu deyəndən sonra razılaşmışam ki, heç kim bilməyəcək. Mənim yanımda dəfələrlə insan qətli olmuşdu deyə, məni bu işə hazırlayırdılar. Son məqamda isə Afiyəddin Cəlilovun qətli şəxsən mənim əlimlə törəndi.
JURNALİST: İstəyirəm, Afiyəddin müəllimin qətlindən danışasan. Özün də şahid oldun ki, çox adam bu işdə əlini qana batırmaq istəməyib ki, bu, siyasi terrordur, bunu etmək olmaz. Yəni bu qanı boynuna götürmək istəməyiblər. Amma necə oldu ki, sən buna razılıq verdin?
ƏLİYUSİF TAHİROV: Bilirsiniz, axır zamanlar hakimiyyət iddiası ortaya düşmüşdü. Mənim belə şeydən başım çıxmır, çünki heç orta məktəbi də qurtarmamışam. Deyirdilər ki, biz hakimiyyətə gələcəyik, daxili işlər naziri olacağıq, xarici işlər naziri olacağıq.
JURNALİST: Sənə nə təklif olunmuşdu?
ƏLİYUSİF TAHİROV: Mən vəzifəni nə edirəm, qardaşım qəşəng alverçidir. Mən özüm də həmişə pul qazanmışam. Rusiyada olmuşam, yeyib-içən oğlanam. İndi bu, o demək deyil ki, mən daxili işlər naziri olacaqdım.
Rövşən Cavadov bizə dedi ki, Afiyəddin Cəlilov mən yaşayan həyətdə olur, özü də hərdən “Dinamo” cəmiyyətinə gəlir. Mən bir az şübhə keçirdim, “Dinamo” cəmiyyətində məndən soruşarlar ki, nə üçün gəlmisən, ümumiyyətlə, orada bir iz olmalıdır. İndi kriminalistlər hər şeyi tapa bilirlər. Həm də hər işin xarakteri var. Yenə deyirəm, kimsə şəhərdə ölür, pulunu da aparmırlar. Biz vurduq, çıxıb getdik. Yəni, onlar bilirdilər ki, Ənvəri və başqalarını öldürən bizik. Məni də tanıyırlar ki, bu işdə qabaqda gedənlərdən biriyəm.
Tapşırdı ki, bir həftəyə həll etmək lazımdır. İyulun axırı, avqustun əvvəlləri idi. Elçingildən gələndə mən həvəsləndim. Fikirləşdim ki, Elçinlə edərik. Onda Elçinə dedim ki, Rəhimə qumbaraatandan atəş açan Şəmsi çox ürəklidir, onu gətirmək olar? Dedi ki, bəli. Dedim, gedin onu gətirin. Gedib onu gətirdilər. Mən öz evimdə idim. Biz Şəmsi ilə parkda görüşdük. Onda mən hiss etdim ki, bizi güdürlər. Şəmsini götürüb qaçdım. Şəmsiyə dedim ki, bir nəfər var, onu vurmaq lazımdır. Mən buna qısa dedim. Güman etdim ki, Elçingil artıq hər şeyi hazırlayıblar. Sonra bir yerdə çörək yedik. Nəhayət, oraya getdik. Qara rəngli “08” markalı maşınımızı, silahımızı götürdük. Fikirləşdik ki, bunu blokda etmək lazımdır. Dəyanətgil gedib bloka baxdılar. Rövşən bizə demişdi hansı blokdur. Ondan sonra gözləməyə başladıq. Əvvəlcə fikirləşdik ki, yolda dayanaq, ratsiya ilə xəbər verək. Hərdən də Rövşəni görürdüm. Deyirdim, bəlkə həvəsinə düşə, bizə buyurmaya. Əksinə, o da dedi ki, nə oldu, tez etmək lazımdır. Son zamanlar çox davakar olmuşdu.
Bilirsiniz, fikirləşirdik ki, bu niyə belə davakar oldu. Ənvərin qətli guya bizim sonuncu işimiz idi. Biz onda çıxıb gedə bilərdik. Həmin vaxt məndə 10 min dollar var idi. Nəhayət, Elçinə, Şəmsiyə xəbər verdik, gəldilər. Nə isə alınmırdı. Deyirdi ki, nə oldu? Deyirdim ki, alınmır, adam çoxalıb, görən olar.
Dəyanət də çox hirslənirdi.
O hər dəfə bizi məcbur edirdi ki, nə oldu, tez edin. Deyirdim, heç cür tez etmək olmur. İmkan olsaydı, edərdik də, alınmır. Arada gəlirdi, ratsiyanı işlətməyi başa salırdı və gedirdi. Hərdən də oğlu gəlirdi. Demək, bu işi görənə qədər bizi təngə gətirdi. Bəlkə də çıxıb gedə bilərdik. Ondan üç-dörd gün sonra aləm bir-birinə qarışdı.
JURNALİST: Dəyanət deyir ki, mən onu vurmaq istəmirdim. Məni Əliyusif Sumqayıtda dənizin kənarına apardı və hədələyərək dedi ki, əgər sən onu vurmasan bacının, qardaşının ailəsini, bütün nəslini qıracağam. Sonra da tapança vermisən ki, əgər bu işi etməsən get özünü güllələ. Dəyanət deyir, axırda bildim ki, Afiyəddin Cəlilov kimi bir siyasi xadimi vurmaq nə qədər böyük təhlükədir.
ƏLİYUSİF TAHİROV: O, yəqin hansısa bir kinodan danışır. Hər bir adamı hər şeyə hazırlamaq olar. Biz bu işlərin peşəkarı olmuşduq. Mən çox hissiyatlı adamam. Mən heç vaxt elə şey edə, onu qorxuda bilməzdim. Çünki buna ehtiyac olmayıb, mən deyəni onlar həmişə ediblər. Daha nəyə lazım idi ki, mən onu qorxudum, üstünə silah çıxardım. Axmaq sözdür. Olmayıbdır. Yenə deyirəm, buna ehtiyac olmayıbdır. Əgər o istəməsəydi, başqa adam götürərdik. Şəmsi də vura bilərdi. Elçin də vurmaq istəyirdi. Deyirdi ki, istəyirsiz mən çıxım yuxarı, gülləni atım və deyim ki, OMON-dan gəlmişəm.
JURNALİST: Afiyəddin müəllimi qətlə yetirəndən sonra hesabatı həmin dəqiqə verdiniz?
ƏLİYUSİF TAHİROV: Mən indi sizə deyərəm. O vaxt Elçin olmadı. Elçin böyük rol oynayırdı. O, komandirin yanında çox olurdu. Düzdür, mən də çox olurdum, hətta ürək söhbətlərimiz də olurdu. Vuran-tutan oğlan idi. Rövşən Elçini çağıtdırıb tapşırıqlar verirdi.
Şəmsi düz deyir, mən orada bəhanə tapdım ki, getdim rayona, qayıtmadım. Elə bir şey oldu. Ancaq mən onda başa düşmədim ki, Şəmsi onu aldatdığına görə Elçini vurmaq istəyir. Bunlar gedəndən sonra mən yenə getdim yanına, dedim ki, Qazax uşaqları gəlib getdilər, amma ortalıqda biz qaldıq. Dedi ki, yaxşı, onları da çağıtdıraram. Sonda da elə oldu ki, o, bizim payımıza düşdü, onu öldürdük.
Nə bilim, gözləmədiyin adamdan, yəni Rövşəndən bir söyüş eşidəndə bir az həyacanlanırsan, bir az qorxursan ki, ara pozula bilər. Fikirləşirsən ki, daxili işlər nazirinin müavinidir, gələcəkdə kömək olar, hərdən pul lazım olur. Afiyəddin Cəlilovu vurmaq üçün biz oraya üç ay gedib gəldik. Dəyanət düz deyir, ola bilərdi ki, o, Afiyəddin Cəlilovu tanımasın. Heç mən də tam bilmirdim, elə belə televizyada görürdüm. Şübhəsiz, sonra öldürdüyümüz adamın spikerin birinci müavini olduğunu bildik.
DƏYANƏT KƏRİMOV: 1994-cü il sentyabr ayının 29-u idi. Bu tarix heç vaxt yadımdan çıxmaz. Hava küləkli idi. Səxavəti mənə köməkçi vermişdilər. Aldığım siqnal əsasında hərəkət etməli idim. Təxminən axşam saat onun yarısı olardı, maşın gəldi, “Mersedes” idi, dövlət nömrəsi də yadımdadır: 10-004. Qarajlar vardı orada, arxasını verdi qaraja tərəf, işığı saldı blokun girəcəyinə. Blokda elektrik lampası da vardı. Həmin gün o sınmışdı, ya nə idisə, blok qaranlıq idi. Əvvəlcə Fikrət girib baxmışdı, qaranlıq idi.
Ikinci mərtəbədə dayanmışdım, baxırdım. Sürücü maşından düşmədi. İşarə gəldi, düşdüm birinci mərtəbəyə, liftin qarşısında Afiyəddin Cəlilovu gördüm. Liftin düyməsini basmışdı, aşağı gəlirdi. Kimsə liftlə yuxarıdan gələ də bilərdi. Əlimdə silahı görəndə duruxdu. Mənə demişdilər ki, ona deyərsən qışqırmasın. Azərbaycanca dedim ki, qorxma üzünü divara çevir. Dedi ki, pul-para, nə istəyirsinizsə, verməyə hazıram. Bu dəmdə liftin qapısı açıldı. Liftin işıgı dəhlizi işıqlandırdı. Sürücü də maşının işığını salmışdı. Mənə belə gəlir ki, sürücü dəhlizdə bizim kölgəmizi gördu. Səxavətə bildirdim ki, sürücü içəri girsə onu saxlamalıyıq. Səxavət mənim yanımda dayanmışdı. Doluxsunmuşdu. Çox həyəcanlı bir vəziyyət yaranmışdı. Dogurdan da gözü baxa-baxa ünsanı qətlə yetirmək vəhşilikdir.
Səxavət hərəkət edə bilmədi. Özünü itirmişdi. Sürücü içəri daxil olub bizi görəndən sonra qışqıraraq çölə çıxacaq, vəziyyət başqa cür alınacaqdı. İstər-istəməz əlimdəki silahla ona tərəf bir neçə atəş açdım. Afiyəddin Cəlilov da mənə baxırdı. Cevrildim ona da bir güllə vurdum. Hansı nahiyəsindən dəydiyini hiss etmədim, məncə, başından dəymişdi. Bilmədim necə yıxıldı, dərhal oradan çıxdıq.
Həmin qətl bilavasitə mənim əlimlə törədilib. Sonradan Afiyəddin Cəlilov haqqında xoş sözlər eşitdim. Belə bir adamın həyatına son qoyduğuma görə indi də daxilən əzab çəkirəm.
APARICI : Afiyəddin Cəlilovun və Şəmsi Rəhimovun xaincəsinə qətlə yetirilməsi xəbərini Prezident Heydər Əliyev Nyu-Yorkda BMT-nin sessiyasında çıxış etmək ərəfəsində aldı. Nə qədər ağır və faciəli olsa da, Hedər Əliyev öz təmkinini pozmadı, yalnız bəyanat verməklə kifayətləndi.
Dəfn mərasimində Prezident canılərin mütləq tapılıb, cəzalandırılacağını söyləyəndə, qatillər onları hansı aqibətin gözləməsindən çox narahat oldular. Çünki yaxşı bilirdilər ki, Prezident Heydər Əliyev həmişə öz sözünün sahibi olmuşdur.
Vəziyyət belə olanda, Cavadov qardaşları açıq müharibəyə keçdilər. Respublika Prokurorluğunu zəbt edib, hakimiyyət orqanlarına ultimatum verməyə başladılar.
ZAKİR QARALOV : “Əsrin müqaviləsi” bağlanandan az sonra görünməmiş bir hadisə baş verdi. Rəhim Qazıyev başda olmaqla 4 nəfər dustaq Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırıldı. Respublıka əhalisi bu xəbərin acısını unutmamış, sentyabrın 29-da dövlət xadimləri Afiyəddin Cəlilov və Şəmsi Rəhimov qətlə yetirildilər. Cavadov qardaşları dövlətə elan olunmamış müharibəyə başladılar. Respublika Prokurorluğuna hücum, 4 oktyabr hadisələri, yeni-yeni ultimatumlar ipə-sapa yatmayan bu quldur dəstəsinin bütün xislətini tam çılpaqlığı ilə açıb göstərirdi.
Cavadov qardaşlarının tutduqları bu yol, əslində, yeni metod, üsul deyildi. 1990-cı illərdən bu tərəfə gərgin anlarda respublika rəhbərlərinin ölkədən qaçması, az qala, bir ənənəyə çevrilmişdi. Siyasi təfəkkürdən, siyasi əxlaqdan uzaq olan Cavadov qardaşları bir həqiqəti anlamırdılar ki, Heydər Əliyev kimi tarixi bir şəxsiyyəti kimlərləsə müqaisə etməyin özü naşılıqdır. Çünki xalq həmişə bir lider kimi Heydər Əliyevə dayaq olub, arxa olub, Heydər Əliyevlə xalqın birliyi qarşısında heç bir məkrli qüvvə tab gətirə bilməmişdir. Bu məlum həqiqəti Cavadov qardaşları 4 oktyabr gecəsi anlamalı oldular.
Yüz minlərlə insanın axışıb Prezident Aparatının qarşısına gəlməsi, öz milli lideri ilə həmrəyliyini nümayiş etdirməsi Cavadov qardaşlarını və onların quldur dəstələrini geri çəkilməyə məcbur etdi.
APARICI: Yalnız xalqın qəzəbini görüb geri çəkildilər. Çünki Heydər Əliyevə sonsuz rəğbətini, məhəbbətini bildirən xalq Prezident Aparatının ətrafına toplaşmişdı. Yüz minlərlə insan canlı sipər kimi Prezidenti qorumağa hazır idi. İndi qatillər yalnız Prezidentin həyatına qəsd barədə düşünürdülər. Artıq anlamışdılar ki, nə qədər Heydər Əliyev var, dərəbəyliyə, hərc-mərcliyə, cinayətə meydan yoxdur.
ZAKİR QARALOV: Cavadov qardaşları və onlarla həmfikir olan məkrli qüvvələr qarşılarına ancaq bir məqsəd qoymuşdular: necə olursa olsun, Prezident Heydər Əliyevin həyatına sui-qəsd etmək.
Bu quldur dəstəsinin niyyəti siyasi hakimiyyəti ələ keçirmək idi. Onlar indiyə qədər törətdikləri cinayətləri məhz bu yolla ört-basdır etmək istəyirdilər. Onlar görürdülər ki, Heydər Əliyevə sədaqətlı olan ayrı-ayrı dövlət xadimlərini qətlə yetirməklə öz çirkin planlarını reallaşdıra bilməyəcəklər. Ona görə də Prezidentin həyatına qəsd etmək qərarına gəldilər. Qısa müddətdə bir neçə dəfə xüsusi hazırlanmış ağır terror aktlarını həyata keçirməyə cəhd etdilər.
İstintaqla tam sübuta yetirilmişdir ki, hələ 1994-cü ilin dekabrından başlayaraq, Rövşən Cavadovun göstərişi ilə bu cinayətkar dəstə ölkə Prezidenti Heydər Əliyevə qarşı terror aktı hazırlamışdı. Bu məqsədlə böyük miqdarda partladıcı maddə əldə edib, Prezidentin hərəkət marşrutunda olan Sabunçu körpüsünün altına yerləşdirmişdilər.
1995-ci ilin məlum mart hadisələrindən sonra qaçib gizlənən Mahir Cavadov və onun quldur dostları yeni terror hadisəsinə cəhd göstərdilər. 1995-ci ilin iyul ayında Mahir Cavadov Azərbaycan Respublikasının Prezidentinə qarşı terror aktı həyata keçirmək üçün keçmiş omonçular Yaşar Məmmədovu və Baba Əkbərovu Bakı şəhərinə göndərmişdi. Onlar Sabunçu körpüsü altında yerləşdirilmiş böyük partlayıcı gücə malik, 152 kiloqram trotil şaşkaları ilə doldurulmuş iki ədəd qurğunu Prezident korteji körpüdən keçərkən partlatmalı idilər.
Hadisələrin gedişi göstərdi ki, Heydər Əliyevi qoruyan ilahi bir qüvvə də var. Xalqın sevgisini qazanmış, Yaradanın nəzəri üstündə olan tarixi şəxsiyyətin gücü onun haqq yolunda olmasıdır.
APARICI : Hadisələrin axarı hamımıza yaxşı məlumdur. Lakin həmişə gərginliklə müşahidə olunan bu hadisələrin axarında sən demə, bilmədiyimiz, yenicə açıqlanan sirrlər də az deyilmiş. Mart dövlət çevrilişinə cəhddən sonra darmadağın edilən cinayətkarların bəziləri qaçıb küncdə-bucaqda gizlənmişdilər. 1995-ci ildə onların Prezidentin həyatına yenidən qəsd etmək planları, Sabunçu körpüsünü parlatmaq üçün ciddi hazırlıq görmələri barədə az məlumatlı deyilik.
JURNALİST: Siz Sabunçu körpüsünü partlatmaq barədə təlimat almışdınız. Amma onu elə ustalıqla hazırlamışdınız ki, hətta hərbi ekspertlərin özləri də məəttəl qalıblar.
ƏLİYUSİF TAHİROV : Elçin göstəriş verib başa saldı ki, iki yerdə qoymaq lazımdır. Həm də Elçinlə mən belə fikirləşdik ki, oraya qoyduğumuz qutu beton rəngində olsa yaxşıdır. Çünki ora açıq yerdir. Başqa, seçilən rəng olsa, kənardan diqqəti cəlb edə bilər. Rövşən də məni tez-tez tələsdirirdi ki, bəs nə oldu, qurtarın.
Bu iş ümumən Elçingilə tapşırılmışdı. Trotili gətirmişdilər, Elçin mənə dedi ki, sən də gəl, görək trotili haraya qoyaq. Ələsgər vardı, şikəst oğlandı. Ermənistanlı idi. Onunla mənim münasibətim çox yaxşı idi. Dedim ki, aparaq qoyaq onların həyətinə. Trotilləri düşürəndə gördüm ki, beton qutulardadır, çox ağır bir şeydir. Kranla qaldırıb qoymaq lazımdır. Dedim ki, gəlin bunu sökək. Dedilər ki, bunu söksək partlayacaq. Çünki elə düzəltmişik ki, söküləndə partlasın.
Bir günləri yük maşını ilə iki yeşik trotil gəldi.
JURNALİST: Haradan gəldi?
ƏLİYUSİF TAHİROV: Bunu Elçin yaxşı bilər. Mənə elə gəldi ki, Şamaxıdan gətirmişik dedilər. Dəqiq bilmirəm. Sonra dedim ki, siz dayanın, biz trotilləri yığaq, sonra sən yenə işini görərsən. Dedi çoxlu məftil lazımdır. Dedim taparam. Getdim gördüm bazarda metrəsi 500 manatadır, bahadır. Oradan-buradan, telefon dirəklərindən kəsdik, məsafəni düzəltdik. Sonra trotilləri mənim Razindəki evimdə, - Rövşənin verdiyi pulla almışdım ki, başqa bir, ehtiyat evim də olsun. Trotilləri mənim oradakı evimdə yığdıq.
Sonra Elçingilə təhvil verdik. Onların söhbətləri yadıma gəlir, deyirdilər ki, Elçingil oradan hücum eləyəcəklər. Sonra yığışacaqlar Bakıya, üsyan qaldıracaqlar. Prezidenti devirəcəklər. Mən də burada partlayış eləyəcəm.
Mən Rövşənə dedim ki, trotilləri yığmışıq qutuya, hazırlamışıq, məftili də çəkmişik. Gəlib partlatsınlar, bu, onların işidir. Rövşənin də yanında müxtəlif adamlar vardı. Adətən oraya axşamlar gedirdim.
Soltan deyir ki, partladacaqdıq. Qələt eləyir, yalan danışır. Məndə belə bir fikir olmayıb ki, oranı partladım. Məftili basdırandan sonra biz oraya gedib baxmalıydıq. Ondan qabaq yoxlamışdıq. Hələ maşın gəlməyini real görməmişdim. Biz məftili düzəldə-düzəldə maşınlar gəlib getdi. Baxdıq ki, körpünü necə keçirlər. Yəni partlatmağa çatdırmadıq. Dediyim odur ki, bu hazırlığı 2-3 dəfə yoxlasaydıq, OMON da yerində dayansaydı, bəlkə də körpünü partlatmaq baş tutardı. Ya biz partladardıq, ya da Elçingil. Trotili də iki yerə qoymağımız Elçinin fikri idi.
SOLTAN SƏLİMOV: Görüşdük. Getdik gördük qutular hazırdır. Mənimlə Fikrət getmişdi. Gedəndə dedi ki, bir kisə sement alaq, qum da ki, oralarda var idi. Dedim sementi neyləyirsən? Dedi ki, bəs dəmir qutular düzəltdirmişəm. İki dənə hər biri təxminən 80 santimetr uzunu, 40 santimetr hündürlüyü, 60 santimetr eni olan qutular idi, ağzında dəmir qapağı.
Dedi ki, üstünə narın dəmir setka çəkdirmişəm. Onun üstünü sementlə suvamaq lazımdır ki, beton plitəyə oxşasın. Sementi götürüb getdik. Həmişə axşamlar işləyirdik. Gecə qutuları yaxşı suvaqladıq. Dərin çala qazıb, qutuları oraya qoyub üstünü örtdük ki, qalıb qurusun.
Səhəri gün görüşdük. Həsən də gəldi. Qaldırmaq üçün ip götürmüşdük. Qutuları qaldırdıq dama. Adyal da götürmüşdük. Yöndəmsiz qutu idi, qaldırmaq çətin idi. Ayaqqabılarımızı da çıxarmışdıq.
JURNALİST: Ayaqqabılarınızı niyə çıxarmışdınız?
SOLTAN SƏLİMOV: Aşağıda sex var idi, işləyirdilər. Ayaqqabıların səsini eşidə bilərdilər. Nə isə, aparıb biri-birindən təxminən 25-30 metr aralı iki yerdən körpünün altında yerləşdirdik. Körpünün özünün betonları var idi. Onların üstünə rahat yerləşdirdik. Bu işi görəndən sonra Həsən bizə lazım olmadı. Qalan işləri ikimiz görə bilərdik. Həsən o vaxtdan bizdən ayrıldı. Ondan sonra Həsən, ümumiyyətlə, respublikadan köçüb getdi. Sonra onu bir dəfə Rusiyada gördüm.
Qutuları yerləşdirdik. Bir neçə gündən sonra Fikrətlə görüşdük. Dedi gedək evə. Getdik onlara, gördüm üç kisədə nə isə var. Soruşdum bunlar nədir? Dedi şaşkadır. Dedi ki, bunları kvadrat-kvadrat bir-birinə izolentlə bağlamaq lazımdır. Çoxlu izolent də almışdı. Təxminən səhərə kimi Fikrət deyən şəkildə onları düzəltdik.
O biri gün axşam yenə görüşdük. Gətirib kisələri atdıq o əraziyə. Maşını aparıb ora yaxın evlərin yanında saxladıq. Axşam qaldırdıq yavaş-yavaş başladıq onları qutuya düzməyə. Hamısını dəmir qutuların içərisinə düzüb qoşduq. Üstündə bir az boş yerlər qalmışdı. Kağız götürüb qutuların içinə qoyub qapağı möhkəm örtdük. Çünki qapaq şaşkaları nə qədər bərk sıxsa partlayış o qədər güclü ola bilər. Sonra plitələrin qaytanını çıxardıq, ağzını bağladıq. Plitələri çevirdik. Sementdən duru məhlul düzəltdik. Altına yaydıq. Kənarından da qaytan çıxarmaq üçün yer qoyduq. Kənardan baxan qətiyyən hiss etməzdi, elə bilərdi ki, körpünün öz plitəsidir. Körpünün rəngindən heç cürə seçilmirdi. Hətta minaaxtaranlar körpünün altına baxıblar, gəlib qutunu taq-taq döyüblər, heç nə hiss etməyiblər. Deyiblər ki, bunları körpünün müvazinətini tənzimləmək üçün buraya qoyublar. Çünki biz qaytanı elə çəkmişdik ki, heç nə bilinmirdi.
Sonra qutulara gələn hissəni düzəltməyə başladıq. Körpünün yanında iri lövhə vardı. Oradan sexlərə kabel gedirdi. Qaytanın yerlə gələn hissəsini düz divarın dibinə qədər gətirmişdik. Kabellərin arxası ilə dama qaldırmışdıq. Bir başını bir qutuya, o bir başını da bir qutuya calamışdıq. Bu işi də çox səliqəli yerinə yetirmişdik. Dama çıxan olsa da qaytanları görməzdi. Sonra dirəkdən qoşmaq işi qalmışdı. Körpüdən 300-400 metr məsafəyə qədər kabeli şam ağaclarının içərisi ilə aparmışıq. Orada həyətlər var. Həyətlə körpünün arası şamlıqdır, heç nə görünmür. Həyətin o bir tərəfində işıq dirəyi vardı. Fikrət çıxıb kabeli cərəyana qoşdu. Kabeli həyətin üstü ilə gətirib şamın yuxarı budağına möhkəm bağladı. Şam ağacında razetka düzəltmişdik. Heç nə bilinmirdi. Kabelin bu biri başına taxta lövhə düzəltmişdik, üstündə elektrik açarı var idi. Bunun da o biri ucundan vilkanı şam ağacında düzəltdiyimiz razetkaya taxırdıq.
Fikrət dedi ki, mən gedirəm dama. Orada mən nəzarət lampasını qoşacağam, sən açarla bir dəfə yoxlayarsan, Işıq yansa söndürərsən. Necə demişdi elə də etdim. Gördük ki, lampa yanır, hər şey hazırdı.
Prezident xaricdən adətən gecələr qayıdırdı. Saat 2 radələrində. Nə vaxt gedib qayıtmasını da televiziya verilişlərindən öyrənirdik. Gedəndən sonra oturub qayıtmasını gözləyirdik. Televiziyaya baxırdıq. Yenə deyirəm xarici səfərlərdən adətən gecələr qayıdırdı. Bildik ki, bu gün gəlir, - qış vaxtı idi, havalar adətən tez qaralırdı, - axşam saat 9-da gedirdik əraziyə ki, naqilləri qoşaq, hazırlayaq.
Birinci dəfə gedəndə xətti yoxladıq. Gördük ki, kabeli çıxarıblar, dartıb uzağa aparıblar. Yəqin ki, çobanların işi idi. Məftildir, görüb dartıb aparıblar. Birinci dəfə buna görə alınmadı. Məftilləri gətirib basdırmağa xeyli vaxt lazım idi.
Prezident qayıtmazdan 3-4 saat əvvəl polis düzülürdü körpünün üstünə, artıq orada işləmək olmazdı. Birinci dəfə belə alınmadı. İkinci dəfə də gecikdik. Gördük ki, polislər yenə düzülüblər.
Üçüncü dəfə artıq mart hadisələri olmuşdu. Prezidentin də bütün gedib-qayıtmalarına nəzarət etmişdik. Birinci hansı maşın keçir, ondan neçə dəqiqə sonra Prezidentin karvanı gəlir. Bunların hamısını dəqiqləşdirmişdik.
Deməli, mən dayanmalıydım düymənin yanında,- düymə körpünün içəri tərəfində idi,- Fikrət isə yolun aeroport tərəfinə gedib agaca çıxmalı idi. Oradan da aeroport yolu uzaqdan yaxşı görünürdü. Ratsiyalarımız da vardı. O, mənə işarə verməli idi.
Yoxlamışdıq ki, karvandan bir dəqiqə qabaq bir mersedes keçir, təxminən bir dəqiqədən sonra ikisi keçir, sonra karvan gəlir. Fikirləşmişdik ki, üçüncü dəfə də belə olacaq. Oturub gözləyirdim. Düzünü deyim ki, bu işlərin alınmasını istəmirdim. Mart hadisələri olmuşdu. Bilmirəm, vallah, Prezident hara getmişdi, qayıtmağını ğözləyirdik. Bunu yola düşəndə etmədik ki, birdən Prezident maşında olmaz. Amma qayıdanda Prezident hamının, jurnalistlərin də gözünün qabağında maşına oturur, yolda maşını dəyişməzdi.
Üçünçü dəfə, dediyim kimi, oturub gözləyirdim. Yenə deyirəm, bu işi görmək iştəmirdim. Alınsa, əvvala incidəcəklər, nəyə lazımdır. Sonra da kim gələcək hakimiyyətə? Allahdan olan kimi siqnal gəlmədi.
JURNALİST: Fikrət siqnal vermədi?
SOLTAN SƏLİMOV : Pultla mənə xəbər etmədi. Bir də gördüm ki, maşınların hamısı bir yerdə keçdilər. Siqnal olmasa da mən uzaqdan onların gəlməsini görürdüm. Bu işi körpüyə 100-220 metr qalmış görmək lazım idi ki, onlar partlayış dalğasına tərəf gəlsinlər.
Nəsə, bu da alınmadı.
JURNALİST: Birinci dəfə partlayıcı maddələri,- plitələri, trotil şaşkaları, doldurub qoymusunuz, Prezidentin bəxtindən alınmadı. Yaxşı sizdə bu qədər qərəz, bu qədər düşmənçilik hissi hardandır? Bu işi mütləq görməliydiniz? Siyasətlə məşğul olmayan bir adam kimi, marağınız nə idi?
SOLTAN SƏLİMOV: Rövşən Cavadovun əsas intriqası Rəsul Quliyevlə, Ramil Usubovla və Əli Ömərovla idi. Ancaq onlarla idi.
JURNALİST: Bu Rövşən Cavadovun siyasi iddiaları idi, siyasi məkri idi. Özünün davası idi. Respublikanın bir gənc vətəndaşı kimi bu məsələyə mən sizin fikrinizi bilmək istəyirəm. Nə Rövşənlə, nə onun ətrafındakı adamlarla, nə də Heydər Əliyevlə nə şəxsi, nə də ümumi, mübahisəli məsələniz vardı. Nəyə görə bu terror aktı mütləq törətməli idiniz? Bu sualı hərdən özünüzə vermirsiniz?
SOLTAN SƏLİMOV: Nə bilim, vallah, elə bilin ki, mən əsgər idim. Əliyusif deyirdi belə edək, mən də razılaşırdım.
JURNALİST: Əliyusif desəydi ki, gecə Bakının partlatmaq lazımdır, partladacaqdın?
SOLTAN SƏLİMOV: Yox, təbii ki, getməzdim. Haradasa nə bilim qorxu vardı. Dedim getmərəm... Bir şey də var da. Axır vaxtlarda bu işin alınmasını istəmirdim. Ola bilərdi ki, mən getməzdim, təbii ki, başqa bir adam cəlb edəcəkdilər.
Ola bilsin ki, mənə siqnal da versəydi, mən düyməni basmazdım. Mən özüm də onların gəlməsini görürdüm. Mən indi də sübut edə bilərəm ki, tək adam bu işi görə bilər. Çəkiliş olanda mən onlara göstərmişəm. Siqnalsız da bu işi görə bilərdim. Siqnal mənə bir o qədər də lazım deyildi. Başqası gəlib bu işi həyata keçirə bilərdi. Əliyusif də, mənim ailəm də ziyan çəkərdi.
JURNALİST: Prezidentin maşın karvanını axı bir adam müşayiət etmir. Onlarca adam müşayiət edir. Onların arasında polis də, jurnalist də, adi qonaqlar da, cangüdənlər də olur. Bəs onlar insan deyil, siz onları fikirləşmirdiniz? Sən öz canından qorxursan ki, bu işi görməsən sənə nə isə edə bilərlər. Axı o karvanda onlarca insan var!
SOLTAN SƏLİMOV: Bəli, elədir.
JURNALİST: Əgər biz millətdən, milli hissiyatdan danışırıqsa bəs siz onları fikirləşməmişdiniz?
SOLTAN SƏLİMOV: Fikirləşirdik. Mən ona deyirdim ki, belə olmaz. Bunlar lazım deyil. Nə qədər deyirdim ki, axı nəyimizə lazımdır, bu bizlik deyil. Siyasət hara, biz hara.
JURNALİST: Yaxşı mart hadisələrindən sonra körpünü niyə partlatmaq istəyirdiniz? Özün də deyirsən ki, Rövşən Cavadov vəfat etmişdi, qaçhaqaç düşmüşdü.
ƏLİYUSİF TAHİROV: Hər şey Rövşənlə getdi. Bir tərəfdən də canımızı qurtardıq, asudə nəfəs almağa başladıq. Düzdür, ölənin dalınca danışmazlar rəhmət deyərlər, özü də mənim dostum olub. Nə isə özümdə yüngüllük hiss etdim. Elə bil çiyinlərimdən ağır bir yük götürüldü. Bir dəfə, iki dəfə getdik. Mən işarə verməliydim, vermədim. Bu işin baş tutmasına laqeyd yanaşdım.
JURNALİST: Onda sizi kim təhrik edirdi ki, körpünü partlatmaq lazımdır?
ƏLİYUSİF TAHİROV: Bəlkə də Mahirin bu işlərdən xəbəri var idi. OMON-a gəlib-gedərdi, şübhəsiz, bu işi ya mənə tapşırardı, ya da Elçinə. Amma nə isə bilmirəm. Deyə bilmərəm.
MÜSTƏNTİQ: Tahirov Əliyusif göstərir ki, götürülmüş silah və döyüş sursatları ona məxsusdur, saxlamaq üçün xalası oğlu Cəfərov Aydına vermişdir. Tahirov Əliyusif, geyin görək bu silahlar sizdə haradandır? Hansı silahı kimdən, nə vaxt almısınız?
ƏLİYUSİF TAHİROV: Karabini mənə Elçin Əmiraslanov bağışlayıb. Avtomatı mənə o məlum hadisələrdə veriblər. Priborları isə ayrı-ayrı vaxtlarda Rövşən verib. Tapançaların biri mənimdir, əl qumbaraları, isə mənə məxsus deyil. Ratsiyalar mənimdir. Tapança güllələrinin hamısı mənə məxsusdur.
MÜSTƏNTİQ: Bəs bu “Barbaret” tipli bıçaqlar?
ƏLİYUSİF TAHİROV: Onları ad günümdə Rövşən Cavadov mənə hədiyyə edib.
APARICI: Cavadov qardaşlarının törədtdiyi qətllərin hər biri ən gərgin süjetli dedektiv filmlərdəki hadisələrdən daha qorxunc və əzablıdır. Bunların heç biri yazıçı təxəyyülü, fantastika deyil. Əli qanlı banda üzvlərinin xalqımızın başına gətirdiyi müsibətlərdir. Bu hadisələrin tük ürpədici epizodlarını xatırlayanda bir daha yaxın tariximizin acı günlərinə qayıdıb, ailəmizin, uşaqlarımızın, dövlətimizin, sabahımızın naminə, Prezidentimizin gərgin zəhməti bahasına başa gələn sabitliyin nə qədər gərəkli olduğunu bir daha duyub və yəqin edirik.
İSMAYIL ÖMƏROV \jurnalist, Milli Məclisin deputatı\: Baş vermiş bu cinayət hadisələri barədə belə geniş danışmağımız ondan irəli gəlir ki, bu hadisələr ətrafında son illər respublikamızda çoxlu şayiələr, söz-söhbətlər yaranmışdır. Bəzi mətbuat orqanları bu hadisələri öz maraqları dairəsində hallandırırdılar.
Mənə belə gəlir ki, məhz Əliyusif Tahirovun etiraflarından sonra, killer dəstəsinin üzvlərinin, köhnə xtpd-çilərin etirafından sonra bu hadisələri başqa cür yozmağa heç nə ilə ad vermək olmaz. Məhz hadisələrin tam aşkarlığı, aydınlığı, şəffaflığı naminə biz bu verilişləri hazırladıq. Nə qədər müəssər olduq, yəqin ki, onu siz deyəcəksiniz. Sağ olun.