Qəsdən adam öldürməyə cəhd cinayəti törədib qaçan şəxs tutularaq istintaqa cəlb olunub
Bakı, 21 dekabr, AZƏRTAC
Suraxanı rayonu ərazisində qəsdən adam öldürməyə cəhd cinayəti törədərək hadisə yerindən qaçmış şəxs rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.
Suraxanı Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, cari il aprelin 25-də rayon ərazisində Faris Babaşovun tanışı Ülvi Hüseynova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə hadisə yerindən qaçması müəyyənləşdirilib.
Faktla bağlı aprelin 25-də Suraxanı Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb və Faris Babaşov Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində dekabrın 19-da axtarışda olan Faris Babaşov tutularaq istintaqa cəlb olunub. Onun barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.