Qətərli investorlar Azərbaycanın kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar
Bakı, 5 mart, AZƏRTAC
Qətərin ingilisdilli “Gulf Times” qəzetində “Qətər Ticarət Palatası Azərbaycan nümayəndə heyəti ilə kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə danışıqlar aparır” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədovanın başçılıq etdiyi nümayəndə heyətinin bu günlərdə Qətərə səfəri zamanı keçirilən görüşlərdən, aparılan danışıqlardan söz açılır.
Bildirilir ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycanın Qətərdəki səfirliyinin dəstəyi ilə bu ölkənin Kənd Təsərrüfatı və Balıqçılıq İşləri nazirinin müavini Şeyx Falih Bin Naser Əl Tani və “Al Meera Group” şirkətinin baş icraçı direktoru Yusif Əli Əl Obaydan ilə görüşüb. Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Rəşad İsmayılov da iştirak edib.
“Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Dohada Qətərin Ticarət Palatasının vitse-prezidenti Məhəmməd Bin Əhməd Tavar Al-Kuvari ilə də görüşüb.
Palatanın yaydığı məlumatda bildirilir ki, görüş zamanı Qətər və Azərbaycan sahibkarları arasındakı əməkdaşlıq əlaqələrinin dəstəklənməsi məsələləri nəzərdən keçirilib, həmçinin bir çox sahələrdə, xüsusilə də ərzaq təhlükəsizliyi və kənd təsərrüfatı sektorunda iş birliyinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.
Görüşdə, həmçinin Azərbaycan məhsullarının Qətər bazarına idxalı imkanları nəzərdən keçirilib, Azərbaycanın kənd təsərrüfatı sektoru haqqında ətraflı məlumat verilib.
Qətərlə Azərbaycan arasında bir çox sahələrdə yaxşı münasibətlərin olduğunu deyən Al-Kuvari bildirib ki, ölkələrimizin özəl sektorları arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanları mövcuddur. O, Qətərin qida təhlükəsizliyinə böyük önəm verdiyini və bu istiqamətdə Həməd limanı yaxınlığında yerləşən böyük anbar kimi, bir çox iri layihələrin həyata keçirildiyini deyib.
Al-Kuvari qətərli investorların Azərbaycana investisiya yatırmaqda maraqlı olduqlarını deyərək, bu imkanların araşdırılacağını vurğulayıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Leyla Məmmədova bildirib ki, səfərin məqsədi Qətərin özəl sektor nümayəndələrini Azərbaycanda mövcud olan investisiya imkanları barədə məlumatlandırmaq və onları ölkəmizə investisiya yatırmağa çağırmaqdır. O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC-nin iş prinsiplərindən biri də yerli fermer və qida istehsalçılarını ixraca təşviq etmək, eləcə də yerli istehsal olan kənd təsərrüfatı və qida məhsullarını xarici ölkələrdə tanıtmaq və ixrac imkanlarını araşdırmaqdır.