QHT rəhbəri: Vətəndaş cəmiyyətlərinin təşəbbüsləri qadınların sosial müdafiəsini gücləndirir
Bakı, 28 noyabr, AZƏRTAC
“Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyi qadınlara yönəlmiş sosial xidmətlərin və maarifləndirmə işlərinin genişləndirilməsini davam etdirir. Müxtəlif qurumların dəstəyi ilə qadınlara xidmət göstərir, müraciət edən şəxslərə psixoloji yardım göstəririk və sığınacaqla təmin edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri birliyin sədri Kəmalə Aşumova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi “Təhlükəsiz həyatın qurulmasında icma liderlərinin rolu: Suraxanıda yeni sosial yanaşma” mövzusunda keçirilən tədbirdə söyləyib. O bildirib ki, 2022-ci ildən indiyədək birliyə 11 mindən çox müraciət daxil olub, onlardan 2 min 565-i məişət zorakılığı ilə bağlıdır. “Əsas məqsədimiz müraciət edən şəxslərə rahat, əlçatan və çoxşaxəli xidmət göstərməkdir”, - deyə K. Aşumova vurğulayıb.
K.Aşumova qeyd edib ki, vətəndaş cəmiyyətlərinin bu təşəbbüsləri qadınların sosial müdafiəsini gücləndirir, maarifləndirmə işlərini genişləndirir və icma liderlərinin rolunu artırır.