SİYASƏT
Qia Volski: Azərbaycan dünya üçün maraqlı və vacib ölkədir
Tbilisi, 10 may, AZƏRTAC
Müstəqilliyimizin ilk illərində Azərbaycan və Gürcüstan çox çətin sınaqlar qarşısında qalmışdılar. O zaman ölkəni belə çətin vəziyyətdən çıxarmaq üçün güclü liderə ehtiyac var idi. Heydər Əliyev məhz belə bir lider idi və onun Azərbaycanda hakimiyyətə qayıdışı ilə təkcə Azərbaycanda deyil, bütövlükdə regionumuzda çox böyük dəyişikliklər baş verdi. Azərbaycan tənəzzüldən tərəqqi yoluna qədəm qoydu.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədr müavini Qia Volski Tbilisidə keçirilən "Heydər Əliyev Gürcüstan 100" kitabının təqdimat mərasimindəki çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Azərbaycanın inkişafı eyni zamanda, Gürcüstanın da inkişafına təkan verdi. Bu gün Azərbaycan dünyanın diqqət mərkəzindədir. Azərbaycan dünya üçün maraqlı və vacib ölkədir.
Siyasətçi deyib ki, Azərbaycanın bugünkü inkişafının, qazandığı uğurların əsası dünyaşöhrətli siyasi xadim Heydər Əliyev tərəfindən qoyulub: “Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin də təməli məhz Ümummilli Lider tərəfindən qoyulub. Bu gün bizim ikitərəfli münasibətlərimiz də dünya üçün vacibdir. Bizim birgə əməkdaşlığımız sayəsində reallaşan irimiqyaslı layihələr dünyanın diqqət mərkəzindədir. Bu layihələrdə Türkiyənin də iştirakı bizim dünya üçün vacibliyimizi daha da artırır. Azərbaycan, Gürcüstan və Türkiyə qardaşlığı, dostluğu və birgə əməkdaşlığı bizim dünyada mövqelərimizi daha da möhkəmləndirir”.
“Bizim dayanıqlı inkişafımız üçün sabitlik vacib amildir. Bu gün əsası fenomen şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda öz sözünü deyib. Bu da regionda sabitlik üçün əsas yaradıb", - deyə o əlavə edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi