QIRĞIZISTAN KOLONİYASINDA VƏZİYYƏT NƏZARƏT ALTINA ALINMIŞDIR
Hadisə yerinə gəlmiş Baş nazir Feliks Kulov məhbuslarla şəxsən görüşmüş və həlak olanların cəsədlərini verməyi tələb etmişdir. Həlak olanlar arasında milli parlamentin deputatı Tınçbek Akmatbayev da var. O, təhlükəsizlik və hüquq mühafizə orqanları üzrə parlament komitəsinin sədri kimi koloniyada təftiş apararkən güllələnmişdir. Onunla birlikdə CİBİ-nin rəisi İkmətulla Polotov da girov götürülmüşdü. O, ağır vəziyyətdə Bişkek xəstəxanasına çatdırılmışdır.
Müxtəlif mənbələrin məlumatına görə, 4 nəfər həlak olmuşdur.
İslah müəssisəsinin daxilində xüsusi rejim tətbiq edilmişdir. Oradakı 450 məhbusun çoxu vərəm xəstəsidir.
Bu, Qırğızıstan islah koloniyalarında cari həftə ərzində baş verən ikinci hadisədir. Oktyabrın 19-da gecə Bişkek yaxınlığındakı 31 nömrəli islah-əmək koloniyasında da qiyam qaldırılmışdı. 2 minə yaxın məhbusun saxlanıldığı həmin həbsxana da güclü nəzarətə götürülmüşdür. Müxtəlif qurumlardan alınan məlumata görə, məhbuslar onların saxlanması şəraitini yaxşılaşdırmağı tələb edirlər.