QIRĞIZISTANDA HÖKUMƏTİN YENİ STRUKTURU TƏSDİQ OLUNMUŞDUR
Ə.Akayev demişdir: Bu təklif 2003-cü ilin fevralında keçirilmiş referendumda qəbul edilmiş konstitusiyanın yeni redaksiyasına uyğun olaraq irəli sürülmüşdür. Bundan məqsəd dövlət idarəçiliyi sistemini yaxşılaşdırmaq, demokratik prinsipləri möhkəmləndirmək, korrupsiya və bürokratiya ilə mübarizə aparmaq, yerli hakimiyyət orqanlarını gücləndirməkdir.
Yeni struktura görə, respublikada əvvəlki kimi, 14 nazirlik fəaliyyət göstərəcək. Lakin onların funksional vəzifələrində dəyişikliklər ediləcək. Xarici Ticarət və Sənaye Nazirliyi, İqtisadi İnkişaf, Sənaye və Ticarət Nazirliyi adlanacaq. Bu nazirliyə maliyyə nazirliyinin və dövlət əmlakı idarəsinin bir sıra səlahiyyətləri də veriləcək. Standartlaşdırma və metrologiya idarəsi, antiinhisar siyasəti və sahibkarlıq üzrə dövlət komissiyası ləğv olunmuşdur. Yeni dövlət idarələri – Dövlət xidməti işləri üzrə Milli Komissiya və Mədəniyyətin inkişafı üzrə Dövlət Komissiyası yaradılmışdır. Ə.Akayev həmçinin təklif etmişdir ki, beynəlxalq normalara uyğun olaraq bundan sonra milis polis adlandırılsın.
Deputatlar qərara almışlar ki, mart ayında keçiriləcək növbəti sessiyada nazirlər kabinetinin tərkibinin təsdiqi məsələsinə də baxılsın. Kabinetin tərkibi Qırğızıstan Prezidenti tərəfindən hökumətin yeni strukturuna uyğun olaraq təqdim ediləcək.