QIRĞIZISTANDAN DÜNYA AZƏRBAYCANLILARININ 2-Cİ QURULTAYINDA 15 NƏFƏR İŞTİRAK EDƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Dünya azərbaycanlılarının ikinci qurultayında Qırğızıstandan 15 nəfər iştirak edəcəkdir. Bişkekdəki Azərbaycan Mədəniyyət Mərkəzi sədrinin müavini Əsəd Həsənovun sözlərinə görə, nümayəndə heyətinin tərkibində ölkədə tanınmış elm və mədəniyyət xadimləri, ziyalılar, bu torpağa sürgün olunmuş soydaşlarımızın övladları vardır. Qırğızıstanın dövlət katibi Dastan Sarıqulov da qonaq qismində qurultayda iştirak etmək üçün Bakıya gələcəkdir.
Əsəd Həsənov demişdir: Biz çox şadıq ki, tarixi Vətənimizdə xarici ölkələrdə yaşayan azərbaycanlılarla bu səviyyədə iş qurulur. Biz onu da bilirik ki, butün bu işlər müdrik siyasətçi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 2001-ci ildə Dünya azərbaycanlılarının Bakıda keçirilən birinci qurultayının təşəbbüsçüsü də məhz Heydər Əliyev olmuşdur.