Qırğızstanın Kant şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan küçədə iməcilik keçirilib
Kant, 12 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Kant şəhərində dahi şəxsiyyətin adını daşıyan küçədə Azərbaycan səfirliyinin və Bişkekdəki “Azəri” İctimai Birliyinin (İB) təşəbbüsü ilə iməcilik keçirilib.
İməcilikdə Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Kant şəhərinin rəhbərliyi, ictimai-siyasi xadimlər, diasporumuzun üzvləri, jurnalistlər və küçədə yaşayan sakinlər iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
“Azəri” İB-nin sədri Əzizağa Əliyev tədbirdə ümummilli lider Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən danışıb.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolu, Azərbaycanın tarixindəki müstəsna xidmətləri haqqında məlumat verib. O, Ulu Öndərin həm keçmiş SSRİ dövründə, həm də müstəqillik illərində respublikamıza rəhbərlik etdiyi vaxt əldə olunan uğurlardan danışıb. Ümummilli Lider Heydər Əliyevin keçmiş SSRİ-nin rəhbərlərindən biri olduğunu diqqətə çatdıran səfir Ulu Öndəri dünya şöhrətli siyasi xadim, böyük nüfuza malik olan dövlət xadimi kimi xarakterizə edib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətləri var. Səfir böyük dövlət xadimi Heydər Əliyevin qırğız xalqına da xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib.
Kant şəhər Keneşi sədrinin müavini Gülbayram İbrahimova, şəhər merinin müavini Uran Mirbekov, Azərbaycan nəqliyyat nazirinin müşaviri Çingiz Baxşıyev dünya şöhrətli siyasətçi Heydər Əliyevin fenomen şəxsiyyət olmasından, Ulu Öndərin ancaq Azərbaycan xalqı deyil, bütövlükdə türk dünyası üçün misilsiz xidmətlərindən söhbət açıblar.
Sonra Heydər Əliyevin adını daşıyan küçənin sakini Raisa İbraimova bütün sakinlər adından göstərilən diqqət və qayğıya görə səfirə təşəkkürü bildirib.
İməcilik çərçivəsində küçədəki bütün qapılar rənglənib, təmizlik işləri aparılıb, uşaqların istirahət guşələri bərpa edilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek