Qırmızı Bazarda daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB-2
Xocavənd, 21 aprel, AZƏRTAC
Bu gün növbəti köç karvanı ilə Qırmızı Bazar qəsəbəsinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qırmızı Bazara köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar. Yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıblar. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar vurğulayıblar ki, bu gün Qırmızı Bazar qəsəbəsində başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.
Qeyd edək ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə 17 ailə olmaqla, 74 nəfər köçürülüb.
14:24
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç prosesi gerçəkləşib, səhər saatlarında yola salınan ailələr doğma yurdlarına qovuşublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qırmızı Bazar qəsəbəsi bu gün 17 ailə olmaqla, 74 nəfərə qucaq açıb. Qəsəbədə sakinlərin məskunlaşması üçün lazımi şərait yaradılıb. Yollar abadlaşdırılıb, evlər və infrastruktur bərpa edilib.
Keçmiş məcburi köçkünlər onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, torpaqlarımızı işğaldan azad edən şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə cansağlığı arzulayıblar.
13:46
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə olmaqla, 74 nəfər köçürülür. Onlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Müxbir Aydın-Yavərzadə